Məhkəmə qərarları › İş №2(103)-7801/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7801/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7801/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-3451/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı X1 üçün Ağdaş Rayon Məhkəməsinin 06.06.2017-ci il tarixli, 2(014)-1456/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 125 manat aliment məbləğinin artırılaraq, hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Ağdaş Rayon Məhkəməsinin 06.06.2017-ci il tarixli, 2(014)-1456/2017 saylı qətnaməsi ilə Cavabdeh 17.04.2017-ci il tarixdən başlayaraq, 15.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat aliment pulu alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırda Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsində icraatdadır. O, uşağın xərclərini təkbaşına ödəyə bilmir, Cavabdeh alimenti vaxtında ödəmir və uşaqla maraqlanmır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” 16.12.2019-cu il tarixli qanuna görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-3451/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdr. Apelyasiya şikayətində qeyd olunur ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” 16.12.2019-cu il tarixli qanuna görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”nın 3-cü maddəsinin birinci bəndinə görə uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Suraxanı Rayon Məhkəməsində işə baxılarkən sədrlik edən hakim azyaşlı uşağın mənafeyini, onun təhsilini, inkişafını, minimum yaşayış təminatını müəyyən edən Azərbaycan Respublikasının qanunlarını əsas tutmaq əvəzinə cavabdehin iş qabiliyyətli olmadığını sübut etmədiyi halda işləmədiyini deməsini əsas tutmuş, müşavirə otağına getməzdən əvvəl bu barədə mövqeyini açıq şəkildə bildirərək, qanunun tələblərini kobud şəkildə pozmaqla tam qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Apelyasiya baxışı zamanı iddiаçı İddiaçı apelyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-3451/2020 saylı qətnaməsinin ləğv edilməsini və alimentin miqdarının artırılması barədə iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 06.06.2017-ci il tarixli, 2(014)- 1456/2017 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh 17.04.2017-ci il tarixdən başlayaraq, 15.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat aliment pulu alınaraq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən cavabdehin “xxxx” MMC-də sürücü işləməsi və 350 manat əmək haqqı alması barədə məlumat təqdim edilməsi qeyd edilsə də iş materiallarına belə bir sənəd əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş nikah və doğum haqqına şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X4 ilə birgə nikahından 07 iyul 2013- cü il təvəllüdlü X5 adında övladı vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, 15.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Belə ki,“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya hesab edir ki, tərəflərin maddi və əmlak vəziyyəti, yetkinlik yaşına çatmayan uşağın mənafeyi və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyi nəzərə alınmaqla, 125 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 170 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmin Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-3451/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(014)-1456/2017 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilsin. 15.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar