Məhkəmə qərarları › İş №2(103)-7807/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7807/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7807/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci tarixli, 2(004)-3942/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.12.2019-cu il tarixli, nzaz10972_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3386.67 manat, faiz borcuna görə 10.17 manat, cəmi 3396.84 manatın və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci tarixli, 2(004)-3942/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.12.2019-cu il tarixli, nzaz10972_KMp saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3386 (üç min üç yüz səksən altı) manat 67 (altmış yeddi) qəpik, faiz borcu üzrə 10 (on) manat 17 (on yeddi) qəpik, cəmi 3396 (üç min üç yüz doxsan altı) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddianın qismən təmin edilməsi, tutulacaq məbləğin ona aid hissədə rədd edilməsi və ya müqaviləyə əlavə edilmiş cədvəl üzrə hər ay hissə-hissə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, digər cavadeh onun anasıdır. Məhkəmə iclasında anasının bankdan kredit götürməsini, onun isə həmin kredit müqaviləsi üzrə zamin durmağını etiraf etmişdir. Bir müddət kredit borclarını ödədikdən sonra ödənişlərində axsamalar yaranmışdır. Belə ki, kredit borcu anasının olsada ödənilməsində ona köməklik göstərmişdir. Lakin hazırda iş yerini itirmiş və bir müddətdir ki, işsizdir. Bankın tələb etdiyi məbləği birdəfəyə ödəyə bilmir. Anası heç bir yerdə işləmir və yalnız pensiya ilə dolanır. Məhkəmədən tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə tərəfindən həmin hallar nəzərə alınmadan pul, hər ikisindən də tutulmuşdur. Kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. Borcun ödənilməməsinin səbəbi isə ailənin maddi vəziyyətini aşağı olmasıdır. Bu hal isə məhkəmə tərəfindən tam araşdırılmamış və ümümiyyətlə nəzərə alınmamışdır. Ailəsinin maddi durumu tələb edilən məbləğin bir dəfəyə ödənilməsinə imkan vermir. Məhkəmə isə onların hazırki maddi vəziyyətini və ümumiyyətlə hazırda pondemiya şəraitinin, işsizliyin olmasını, karantin elan olunmasını nəzərə almamış, yalnız bir tərəfin mənafeyini üstün tutaraq işin hallarını nəzərə almadan formal qətnamə çıxartmışdır. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 da apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı ASC-nin «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1 faizlə 60 ay müddətinə 3423.67 manat redit vermişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə iddiaçı 25.12.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən 3386.67 manat əsas, 10.17 manat faiz borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə təmin edilməməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Cavabdeh2 qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Kredit və zaminlik müqaviləsində kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... İkincisi, zamin Cavabdeh2 maddi problemlərinin olması qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyildir və bu hal onu iddiaçı ilə bağladığı zaminlik müqaviləsi üzrə məsluyyətdən azad edə bilməz. Çünki, cavabdeh iddiaçı ilə bağladığı zaminlik müqaviləsində öhdəliklərini lazımı qaydada icra etməyəcəyi halında ona qarşı bu cür iddianın irəli sürüləcəyindən məlumatlı idi. Kredit borcunun ödənilməsi üçün vaxt verilməsi isə daha çox qətnamənin icrası ilə bağlı bir məsələ olduğundan hazırki iş üzrə həmin dəlilin təmin edilməsi üçün də əsas yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh2 apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci tarixli, 2(004)-3942/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar