Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-781/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc müqaviləsi, borcun ödənilməsi, əldən çıxmış fayda, iddia müddəti, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda reyestrdə 3M-156 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 15 000 ABŞ dolları məbləğində faizsiz borc vermiş, Cavabdeh xx.xx.2018-ci il tarixinədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.
2. Cavabdeh aldığı borcdan 1000 (min) manatını xx.xx.2020-ci il tarixdə İddiaçı qaytarmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xeyrinə ümumilikdə 14 411 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2018-ci il tarixədək qaytarması şərtilə 15 000 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh həmin borcdan xx.xx.2020-ci il tarixdə cəmi 1000 manat qaytarmış, qalıq borcu ödəməkdən yayınmışdır.
5. İddia ərizəsi əsasında mülki icraat başlanmış, sonradan mülki iş aidiyyati üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.
6. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı iddia tələbinin həcmini bir-neçə dəfə artırmış, son nəticədə cavabdehdən kredit müqaviləsinə görə 14 411 ABŞ dollarının, əldən çıxmış faydaya görə 8586 ABŞ dollarının, yəni cəmi 22 997 ABŞ dolları məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclaslarının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılmış, lakin məhkəməyə gəlməmişdir.
8. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 14 411 (on dörd min dörd yüz on bir) ABŞ dolları əsas borc, 3362,32 (üç min üç yüz altmış iki ABŞ dolları, otuz iki sent) ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 17 773,32 (on yeddi min yeddi yüz yetmiş üç ABŞ dolları, otuz iki sent) ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 28 fevral 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15 000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini qismən icra edərək, həmin borcdan yalnız 1000 manat pul ödəmişdir. Buna görə də iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalı və cavabdehdən 14 411 ABŞ dolları məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
10. Məhkəmə vurğulamışdır ki, cavabdeh iddiaçının borcunu qaytarmamaqla, onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum etmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlarla əlaqədar cavabdehdən 3362,32 ABŞ dolları (14 411 dollar x 5% uçot faiz dərəcəsi = 720,50 dollar); (720,5 x 4 il 8 ay = 3362,32) məbləğində pul tutulmalıdır.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 324-cü, 331-ci, 385.1-ci, 442-ci, 443-cü, 445.7-ci, 739.1-ci, 740.1-ci, 740.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.
12. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxaraq sübutlarını təqdim etmək hüququndan onu məhrum etmiş, əldən çıxmış fayda kimi ondan tutduğu pul məbləğinin nədə ifadə olunduğunu izah etməmiş, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü nəzərə almamış, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Cavabdeh şikayətində göstərmişdir ki, iddiaçıdan 15 000 ABŞ dolları pul götürməsində məqsədi onunla birgə biznes fəaliyyəti ilə məşğul olmaq olmuş, lakin sonradan iddiaçı onunla birlikdə iş görmək fikrindən daşınmış və pulunu geri istəmiş, həmin vaxt artıq pul vəsaitinin müəyyən hissəsi bəzi biznes işlərinə sərf olunduğundan pulu hissə-hissə qaytaracağını bildirmiş, hətta xx.xx.2020-ci il tarixində iddiaçıya müəyyən məbləği də qaytarmışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı isə onun prosesin yekunlaşmasını uzatmaq istədiyini, şikayətin əsassız olduğunu bildirmişdir.
15. İşin halları, cavabdehin teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
20. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
22. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
23. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
26. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
27. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
32. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
34. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
37. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
38. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
41. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
42. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
50. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbi qismən təmin edilsə də, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə qətnamə, iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
54. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
55. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
56. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, cavabdehə xx.xx.2018-ci il tarixli müqavilə əsasında 15 000 ABŞ dolları borc verdiyini, cavabdehin borcdan 1000 manatını xx.xx.2020-ci tarixdə qaytardığını, lakin qalan hissəsini qaytarmadığını irəli sürür; cavabdeh isə iddiaçıya borcunun olduğunu inkar etməməklə yanaşı, borcundan xx.xx.2020-ci il tarixdə müəyyən məbləğdə ödəniş etdiyini, lakin iddiaçının iddia müddətini ötürdüyünü bildirməklə iddiaya etiraz edir.
57. Beləliklə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1ci maddəsi nəzərdən keçirilə bilər (§ 39) və nəzərə alınmalıdır ki, cavabdehə 15 000 ABŞ dolları borc verdiyini sübutetmə yükü iddiaçının, həmin borc məbləğindən müəyyən hissəni geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
58. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
59. Cavabdeh iddiaçıdan 15 000 ABŞ dolları borc aldığını etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır (§ 48).
60. Cavabdeh isə borcundan 1000 manatdan daha artıq hissəni ödədiyini sübuta yetirə bilməmişdir.
61. İddiaçının iddia müddətini ötürmüş olması barədə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü arqumentlə bağlı kollegiya qeyd edir ki, birincisi, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən müvafiq tələb üzrə iddia müddəti ötürülməmiş olmuşdur; ikincisi isə, qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 24). İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində qətnamə çıxarılana qədər müvafiq arqumenti irəli sürməmiş, buna səbəb kimi, məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq xəstəliyi səbəbilə məhkəməyə getmədiyini bildirsə də, həmin halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, həmin sübut (dəlil) məhz birinci instansiya məhkəməsinə göndərilməli idi və məlumatlı olduğu məhkəmə prosesinə getməyərək bunun səbəbləri barədə hər hansı məlumat verməməsinin yaratdığı hüquqi nəticələrin riskini məhz cavabdeh özü daşıyır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh məhkəməyə getməmiş olsa da, iddiaya qarşı etirazlarını yazılı şəkildə məhkəməyə göndərmək imkanına sahib olmuşdur.
62. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”.
63. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirak etməyərək iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olan səbəblərdən baş vermişdir və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair apellyasiya şikayətində irəli sürdüyü dəlil apellyasiya instansiyası tərəfindən nəzərə alınmamalıdır.
64. Kollegiya, iddiaçının digər tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir.
65. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
66. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir; onun 14 411 ABŞ dolları əsas borcuna müqavilənin bitdiyi tarixdən xx.xx.2022-ci il tarixinə kimi illik 5%-lə hesablanacaq faiz isə 3362,32 ABŞ dolları təşkil edir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-801/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə