Məhkəmə qərarları › İş №2(103)-7812/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7812/2020

28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7812/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1880/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün hər biri 18 yaşına çatanadək Cavabdeh hər biri üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları - xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X5 doğulmuşdur. 2014-cü ildən həyat yoldaşı, Cavabdeh Rusiya Federasiyasında, Moskva şəhərində işləyir. Hər ay evin saxlanması üçün 500 manat pulu anasının adına göndərir. Uşaqların saxlanması üçün pul istəsə də bildirir ki, “sən maaş alırsan, uşaqların təminatı sənlikdir”. 500 manat pul ilə isə evin ümumi xərcləri və pensiyaçı valideynləri üçündür. Azyaşlı uşaqlarının tərbiyəsi ilə həmişə o məşğul olmuşdur. Bundan sonra da onların tərbiyəsi ilə məşğul olmaq niyyətindədir. Bununla əlaqədar, Nizami rayon Məhkəməsində tərəfindən ‘‘Alimentin tutulması” barədə iddia qaldırılmışdır. Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 3900/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabeh Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə çıxararkən məhkəmə “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” xx.xx.2018-ci il tarixli Qanuna əsaslanmışdır. Həmin Qanuna görə 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Belə ki, uşağın saxlanması üçün ödənilən alimentin məbləği, yəni hər biri üçün 160 manat Respublika üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan azdır. Həmçinin, uşaqlar böyüdükcə onların saxlanmasına hər biri üçün 160 manat yetmir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1880/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1880/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehin daimi işi barəsində məlumat olmdığı üçün ondan aliment sabit pul məbləğində alınır. Hər uşaq üçün 160 manat məbləğində alimentin tutulması 2019-cu ildə uşaqlar üçün yaşayış minimumunun Respublika üzrə 160 manat olması ilə əlaqədardır. “Azərbaycan Respublikasınada 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə uşaqlar üçün yaşayış minimumu 170 (yüz yetmiş) manat müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Nizami rayon Məhkəməsində cavabdehə qarşı aliment məbləğinin artırılaraq uşaqların hər birisi üçün 170 manat, cəmi 340 manat məbləğində tutulması barədə iddia qaldırmışam. Lakin Nizami rayon Məhkəməsi iddiamın rədd edilməsi barədə 2(007)-1880/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qətnamə çıxarmışdır. Aşağıdakılara görə Nizami rayon Məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edirəm. Məhkəmə qətnamədə iki hala əsaslanaraq onu rədd etmişdir. Birinci hal ondan ibarətdir ki, o, maddi vəziyyətinin dəyişməsini, yəni maddi vəziyyəti əlavə aliment almaq hüququnun olmasını sübut edə bilməmişdir. İkinci hal isə ondan ibarətdir ki, uşaqları hər ikisi saxlamalı olduğu uçün ondan əlavə aliment tələb edə bilməz. Belə ki, məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə, həmçinin “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun iyul 2016-cı il tarixli qərarına əsaslanmışdır. Məhkəmə qətnamə çıxararkən Mülki Prosessual Məcəllənin 386-cı maddəsində göstərdiyi kimi, maddi normaları düzgün təfsir etməmişdir. Bununla da, səhv nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını da düzgün təfsir edə bilməmişdir. Məhkəmənin Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında istinad etdiyi hallar mövcud deyildir. Halbuki yuxarıda göstərilən Plenum qərarında “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanununda göstərilən məbləğin alimentin məbləğinin minimum həddi kimi nəzərə alır. Qərarda deyilir: “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin, nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır”. Lakin məhkəmə hamıya məlum olan faktı kənara qoyaraq, ondan maddi vəziyyətinin dəyişməsini təsdiq edən sübutlar tələb edir. Aliment ödənilməsinin kimin üzərinə qoyulması məsələsinə də aydınlıq gətirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-1880/2020 saylı qətnaməsi ləğv edilməli, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 3900/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh xx xxxx 2009-cu il təvəllüdü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxx 2009cu il təvəllüdü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3900/2019 saylı qətnaməsi ilə xx xxxx 2009-cu il təvəllüdü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər uşaq üçün hər ay 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla tutulmuşdur. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək hər uşaq üçün hər ay 170 manat təyin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnamədə göstərmişdir ki, hazırda tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik olması müəyyən olunmur. Bundan əlavə uşaqları tərəflərin hər ikisi saxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3900/2019 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən iki uşağa görə cəmi 320 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 3900/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində alimentin tutulması müəyyən olunandan sonra, alimentin miqdarı artırılmamışdır. 2019-cu ildən hal-hazıra kimi həyat şəraiti dəyişməklə, yaşayış minimumda artım baş vermişdir. Buna görə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının dəyişdirilməsinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehin hazırki maddi vəziyyəti onun öz övladına baxmasından, onun maddi və mənəvi ehtiyaclarının qarşılamasından azad etmir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi işi tam araşdırmamış, qəbul etidyi qətnamə ilə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən yetkinlik yaşına çatmamış iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün üçün hər ay sabit pul məbləğində hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat miqdarında aliment tutulmasının müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin miqdarı hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hər uşağa görə alimentə görə artırılan məbləğ 10 manat olmaqla, cəmi artırılan məbləğ 20 manat olur ki, həmin məbləğin bir illik məcmuyu 2000 manatı aşmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 1880/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-3900/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx xxxx 2009-cu il təvəllüdü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağu görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtda hesablansın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar