Məhkəmə qərarları › İş №2(103)-7819/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7819/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7819/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)-274/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1448,81 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 08.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 24% ödəmək şərtilə 8917 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun kredit müqaviləsi üzrə 24.06.2020-ci il tarixinə "xxxx" KB ASCyə 1448,81 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)- 274/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçı bankın xeyrinə 1249,44 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin iddiaçı banka faiz borcu 1448,81 ABŞ dolları məbləğində olduğu halda, birinci instansiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizasının rəylərini əsas götürərək iddianı qismən təmin etmiş, əlavə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 08.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka yalnız faiz borcu qalmışdır. İddiaçı bank faiz borcunun məbləğinin 1448,81 ABŞ dolları məbləğində olduğunu bildirsə də, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 10 dekabr 2020-ci il tarixli 9/3678 saylı və təkrar məhkəmə mühasibatlıq ekspertizasının 14 aprel 2021-ci il tarixli 9/983 saylı rəylərinə əsasən faiz borcunun məbləği 1249,44 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyləri kifayət qədər əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)- 274/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar