Məhkəmə qərarları › İş №2(103)-782/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-782/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-782/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğludan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əfifə Əsgərovanın iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1464/2020 saylı iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC "xxxx" KB ilə aralarında bağlanmış 24.01.2012-ci il, 14.02.2012-ci il və 05.04.2012-ci il tarixli kredit müqavilələrindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi, onun həmin müqavilələr üzrə borcunun olmaması (o cümlədən gecikdirilmiş günlərin sayının silinməsi daxil olmaqla) barədə LPO "Bank Standard” KB QSC-nin əməliyyat sistemində qeydin aparılması və bu barəcə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin LPO "Bank Standard” KB QSC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən başlayaraq QSC "xxxx" KB ilə əməkdaşlıq edərək kiçik müddət ərzində ardıcıl olaraq müxtəlif məbləğlərdə kreditlər götürmüşdür və vaxtlı vaxtında ödənişləri həyata keçirmişdir. Lakin 2019-cu ilin sonunda kreditlə bağlı respublikada fəaliyyət gösrərən banklardan birinə müraciət etdikdə ona məlum olmuşdur ki, guya onun QSC "Bank Standard "KB-na gecikdirilmiş böyük məbləğdə (təqribən 5500 manat əsasə borc və 9000 manat faiz borcu) borcu var. O, mərkəşdirilmiş kredit reyerstrindən (Kredit Bürosu MMC) çıxarışa baxdıqda dəhşətə gəlmişdir. Bir necə dəfə LPO QSC "xxxx" KB-nın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin məsələnin həlli istiqamətində bir nəticə hasil olmamışdır. "xxxx" MMC-nin çıxarışından göründiyi kimi iddiaçı, QSC "xxxx" KB-dan 24.01.2012-ci il, 14.02.2012-ci il və 05.04.2012-ci il tarixlərində hər bir kreditin 2 (iki) ilə qaytarmaq şərti ilə kredit götürmüş və əsas borc və faizi ilə birlikdə vaxtında banka qaytarmışdır. Qeyd edilən çıxarışa diqqət yetirildiyi halda məlum olur ki, o, 2012-ci ildən əvvəl də və sonra da ayrı-ayrı banklardan kreditlər götürmüşdür. Məsələn, 2011-ci ildə hazırda ləgv prosessində olan "xxxx" ASC-dən 35000 manat məbləğində kredit götürmüş və 10 ildir və hal-hazıradək vaxtlı-vaxtında ödənişləri həyata keçirir, yaxud 2019-ci ildə "xxxx" ASC-dən kredit götürmüş və hal-hazırdada cədvəl üzrə ödənişlər aparır. Lakin çıxarışdan göründüyü kimi məhz LPO "xxxx" QSC-dən götürdüyü kreditləri guya ödəməmişdir. Belə bir vəziyyətdə nə QSC "Bank Standard "KB, nə də ləgvedici orqan ADİF kreditləri götürdüyü vaxtdan 10 ilə yaxın müddət və müqavilələrin bitdiyi tarixdən 8 il müddət keçdiyinə baxmayaraq bu vəsaitləri iddiaçıdan tələb etmir, müvafiq iddia ilə məhkəməyə müraciət etmir. Böyük ehtimalla bu texniki bir problemdir. Digər tərəfdən də, çox vaxt keçdiyindən iddiaçıda əlavə sənədlər qalmamışdır. Lakin bir məqam aydındır ki, onun banka borcu olsaydı, ona qarşı məhkəmədə iddia qaldırılardı, yalnız bu gündə belə bankın ləgvedicisi belə bir iddia ilə məhkəməyə müraciət etmirsə, deməli bu borc reallıqda mövcud deyil. Sözsüz ki, indi belə bir iddianı ləgvedici olaraq ADİF tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur. Belə ki, bu işlə bağlı iddia müddəti çoxdan ötürülüb. Bu baxımdan hər üç kredit müqaviləsindən yaranan tələblər üzrə müddətin keçməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsinə və müqavilələrin ləgv edilməsinə qanuni əsasdır. Digər tərəfdən vəziyyətin bu formada qalması onun vətəndaş olaraq bir çox hüquqlarını məhdudlaşdırır və ehtiyacı olduğu halda banklara kreditlə bağlı müraciət etdikdə imtina alır və səbəb olaraq ona Kredit Bürosundan çıxarışda əks olunan yanlış kredit tarixçəsi göstərilir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5425/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə obyektiv araşdırma aparmaq üçün ən azı kredit dosyesini tələb etməli idi, lakin məhkəmə bu istiqamətdə heç bir hüquqi addım atmadı. Apellyasiya instansiyası bi işə baxarkən ilk növbədə bankdan kredit dosyesini və kredit hesabından çıxarışı tələb etməlidir. Yalnız bu sənədlərin araşdırılması nəticəsində həqiqəti üzə çıxarmaq mümkündür və ədalətli qərar qəbul etmək olar. Qeyd edilən kredit müqavilələrinin bağlanması tarixindən 10 ilə yaxın zaman keçdiyindən, ümümiyyətlə bu kreditlərin iddiaçı tərəfindən götürülməsi də dəqiqliyi ilə yadına gəlmir, bildiyi dəqiq odur ki, onun kredit üzrə bu banka borcu yoxdur və bu illər ərzində nə şifahi, nə də yazılı bildiriş formasında bu borcun olması bildirilməyib və iddiaçıdan belə bir borc tələb edilməyib. Digər tərəfdən kredit müqavilələrinin bağlanma tarixindən və məbləğlərindən görünür ki, onlar Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditləri haqqında məlum 28 fevral 2019-ci il tarixli Fərmanının əhatə dairəsinə düşür. Əgər bu kreditlər həqiqətən mövcud olsaydı, həmin Fərmana uygun olaraq iddiaçı banka dəvət edilməli, bütün faizlər silinməli və onunla 5 il müddətinə yalnız əsas borc hissəsinə aid yeni restrukturizasiya edilmiş kredit müqavilələrinin bağlanması təmin edilməlidir. Lakin bu halda mövcud olmayıb. Qüvvədə olan qanunvericiliyə uygun olaraq Mülki Məcəllənin 373.3 maddəsinə əsasən bu cür müqavilələr üzrə iddia müddəti üç ildir ki, bu müddətdə kredit bürosunun çıxarışına inansaq hələ 2017-ci ildə bitib. İddiaçı hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən bu hüquqi nüansı da nəzərə almalı idi. Bundan sonra iddiaçı məhkəməyə apellyasiya şikayətinə əlavə ilə müraciət edərək qeyd etmişdir ki, Kredit Bürosundan çıxarışda əks olunan, hazırki məhkəmə işinin predmeti olan kredit müqavilələrindən onun məlumatı yoxdur, həmin kredit müqavilələri mövcud olmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, həmçinin digər cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. İşdə olan Cavabdeh3 MMC-nin 15.03.2021-ci il tarixli çıxarışından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı 24.01.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2676 manat, 14.02.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2500 manat və 05.04.2012-ci il tarixli kredit müqaviləsi üzrə 3265 manat kredit verilmiş, həmin kreditlər üzrə borc öhdəliyi tam icra edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin olunmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyinə və əksinə, Cavabdeh3 MMC-nin çıxarışında İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-yə kredit üzrə əsas və faiz borclarının olmasına əsaslanaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan halları tam araşdırmadan, yalnız çıxarışa istinad etməklə iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında aşağıdakı sənədlər əldə edilmişdir: - QSC “Bank Standart” KB ilə İddiaçı arasında bağlanmış 24.01.2012-ci il tarixdə 2676 (iki min atlı yüz yetmiş) manat məbləğində pul kreditinin verilməsi ilə bağlı 130/01/4393/12 saylı Kredit müqaviləsi; -Həmin müqavilə üzrə İddiaçı QSC “Bank Standart” KB-nin xeyrinə 1780,59 manat məbləğində əsas borcun, 543,61 manat məbləğində faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı Abşeron Rayon Məhkəməsinin 22.10.2014-cü il tarixli, 2(012)-4914/2014 saylı məhkəmə əmri; -QSC “Bank Standart” KB ilə İddiaçı arasında bağlanmış 14.02.2012-ci il tarixdə 2500 (iki min beş yüz) manat məbləğində pul kreditinin verilməsi ilə bağlı 130/01/4424/12 saylı Kredit müqaviləsi; -Həmin müqavilə üzrə İddiaçı QSC “Bank Standart” KB-nin xeyrinə 1839.04 manat məbləğində əsas borcun, 1727.08 manat faiz borcu olmaqla, cəmi 3566.12 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 21 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı Abşeron Rayon Məhkəməsinin 30.12.2015-ci il tarixli, 2(012)-7512/2015 saylı məhkəmə əmri; - QSC “Bank Standart” KB ilə İddiaçı arasında bağlanmış 05.04.2012-ci il tarixdə 3265 (üç min iki yüz altmış) manat məbləğində pul kreditinin verilməsi ilə bağlı 130/01/4556/12 saylı Kredit müqaviləsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Həmin Məcəllənin 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. İşin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçı ilə cavabdeh QSC “Bank Standart” KB arasında 3 kredit müqaviləsi bağlanmış, həmin müqavilələrdən 24.01.2012-ci il tarixli və 14.02.2012-ci il tarixli müqavilələr üzrə məhkəmə əmri çıxarılmışdır, həmin əmrlərlə bağlı etirazlar, həmçinin 05.04.2012-ci il tarixli müqavilə üzrə isə borc məbləğinin ödənilməsini təsdiq edən sübut mövcud deyildir. Digər tərəfdən, iddiaçının olmadığını iddia etdiyi kredit müqavilələri mövcud olduğundan, həmin müqavilələr üzrə borc məbləğlərinin ödənildiyi təsdiq edən dəlillər iş materiallarında mövcud olmadığından, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası müqavilələr üzrə iddia müddətinin keçməsi ilə bağlı mövqeyinə əsasən qeyd edir ki, iş materiallarında kredit müqavilələri üzrə QSC “Bank Standart” KB məhkəməyə məhkəmə əmrinin çıxarılması ilə bağlı müraciət etdiyindən kreditor tərəfindən iddia müddətinin ötürülmüş hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən ixtiyarlı şəxs məhkəməyə iddia verirsə müddətin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5425/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3 MMC-yə qarşı “ləğvedici bankın əməliyyat sistemində borcun olmaması barədə qeydin aparılması və bu barədə Cavabdeh3 MMC-yə məlumat göndərilməsinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar