Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7836/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi Vəfa Qədirovanın, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Orxan Xaspoladovun, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (təsisçisi və dirketoru) Vidadi Ələskərovun və işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamədən apellyasiya şikayəti verən şəxs Əsmət Ələskərovanın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1 ASC-nin cavabdeh "xxxx" MMC və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsindən İddiaçı1 ASC və işdə iştirak etməyə cəlb edilməyən şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: X2 qətnamədən apellyasiya şikayəti vermək hüququna malik deyil. Belə ki, Əsmət Ələskərova işdə iştirak edən şəxs deyil. Mülki-Prosessual Məcəllənin 357.2-ci maddəsinə görə o, aşağıda göstərilən hallardan biri olduqda qətnamədən apellyasiya şikayəti verə bilər: 1) qətnamə onun hüququna toxunsun; 2) qətnamə onun vəzifəsinə toxunsun. Həmin hallardan heç biri mövcud deyil. Əsmət Ələskərova iş üzrə cavabdeh "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 ilə nikahdadır. Vidadi Ələskərov kredit və ipoteka münasibətinin tərəfi deyil. Kredit alan və ipoteka qoyan "xxxx" MMC-dir. İpoteka predmeti olan daşınmaz əşya "xxxx" MMC-nin mülkiyyətindədir. MMC-nin mülkiyyət hüququ Vidadi Ələskərov (MMC-nin təsisçisi) ilə Əsmət Ələskərovanın (apellyasiya şikayəti verən şəxsin) nikahda olduğu zaman yaranıb. Lakin bu hal Əsmət Ələskərovanın qətnamədən apellyasiya şikayəti vermək hüququnu yaratmır. Belə ki, nikah iki fiziki şəxs arasında ittifaqdır, bu ittifaqın hüquqi şəxsin mlükiyyətində olan əmlaka aidiyyəti yoxdur, yalnız təsis payı istisnadır. Hüquqi şəxs iştirak etdiyi hüquq münasibətinin (mülkiyyət münasibəti, öhdəlik münasibəti və s.) müstəqil subyektidir. Mülki Məcəllənin 43.1-ci maddəsində hüquqi şəxsə verilmiş anlayışdan görünür ki, hüquqi şəxs əmlak hüquqlarını (mülkiyyət hüququ və s.) öz adından əldə edir. Hüquqi şəxsin əmlakı ilə bağlı mübahisənin olması təsisçinin arvadının məhkəmə prosesinə cəlb edilməsinə əsas ola bilməz. Əks yanaşma o mənanı verəcək ki, hüquqi şəxslərin iştirak etdiyi əmlak mübahisələri ilə bağlı bütün mülki işlərdə, xüsusilə kommersiya mübahisələrində hüquqi şəxslərin təsisçilərinin arvadları prosesə üçüncü şəxs kimi cəlb olunmalıdır. Xətai RM-nin 02.04.2021-ci il tarixli qərardadı ilə (cild 4, iş v. 161) müəyyən olunub ki, qətnamə Əsmət Ələskərovanın hüquq və maraqlarına toxunduğundan o, apellyasiya şikayəti vermək hüququna malikdir. O cümlədən Bakı Apellyasiya Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, Əsmət Ələskərovanın apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab olunsun. Lakin həmin qərardadlar apellyasiya qaydasında məhkəmə baxışı zamanı apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab olunsun. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7836/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7836/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver