Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7837/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7837/2022 (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(009)- 1732/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2019-cu il tarixli, BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC Cavabdeh 36 ay müddətinə illik 24% faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir.
2. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit borcunu ödəməyə 08 avqust 2019-cu il tarixdən başlamalı, hər ay 392.4 manat ödəməklə, 08 may 2022-ci il tarixdə bitməli idi.
3. xx.xx.2022-ci il tarixli, 733 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh ödənilməmiş əsas borc 7887.61 manat, faiz borcu 3067.27 manat təşkil edir.
4. xx.xx.2022-ci il tarixli, 1161 saylı maliyyə arayışından (i/v-44) görünür ki, Cavabdeh ödənilmiş əsas borc 2112.39 manat, faiz borcu 2898.27 manat, müqavilə müddətində ödənilməmiş faizlər (0) manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (0) manat təşkil edir.
5. Həmçinin, xx.xx.2022-ci il tarixli, 1161 saylı maliyyə arayışından (i/v-44) görünür ki, Cavabdeh əsas borcu üzrə 7887.61 manat, faiz borcu 3067,27 manat təşkil edir.
6. 01.07.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 7887.61 manat, 3067,27 manat faiz borcu olmaqla, cəmi 10954.88 manat məbləğində kredit borcunun və ödənilmiş 123.26 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********85 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Borclu Cavabdeh müqavilə üzrə aldığı vəsaitdən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 7887.61 manat əsas, 3067.27 manat faiz borcu olmaqla, cəmi 10954.88 manat təşkil edir. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir.
9. 14 sentyabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********85 nömrəli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, xx.xx.2022-ci il tarixində müqavilənin müddəti bitmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarını nəzərə alaraq, faiz borcu müqavilənin bitmə tarixinə və müavilə birdikdən sonrakı dövr ərzində 5 faiz dərəcəsi hesablanmışdır. Ona görə də, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********85 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 7887.61 manat, faiz borcu üzrə (müqavilə müddətində və müqavilə müddətindən sonra hesablanmış) 3149.43 manat olmaqla, cəmi 11 037.04 manat məbləğində borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 123.26 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, o, restrukturizasiyanın həyata keçirilməsi üçün bahkın baş ofisinə müraciət etmiş və onlar da həmin məsələ ilə bağlı problemli kreditlərlə iş departamentinə müraciət etməyi bildirsələr də, lakin həmin departamentin yerləşdiyi ünvanı ona bildirməmişlər. Onun yazılı müraciətləri ilə bağlı departamentin əməkdaşları tərəfindən ona zənglər olunmuş, lakin onlar da harada yerləşdikləri barədə məlumat verməmişlər. Onun məktublarına iddiaçı tərəfindən hər hansı cavab verilməyib. Ona görə də, bankla lazımi danışıqlar aparılması üçün məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(009)- 1732/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7887,61 (yeddi min səkkiz yüz səksən yeddi manat altmış bir qəpik) manat əsas, 3149,43 (üç min yüz qırx doqquz manat qırx üç qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 123,26 (yüz iyirmi üç manat iyirmi altı qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması qət olunmuşdur.
15. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə faizlər hesablanmaq şərti ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə qeyd edilən məbləğdə kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə qismən ödəniş etsə də, müqavilə öhdəliyini pozaraq qalan borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin 06 senttyabr 2022-ci il tarixə, bankın təqdim etdiyi məlumata əsasən əsas borc üzrə 7887,61 manat, faiz borcu üzrə 3149,43 manat, kredit borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir.
16. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh 08 may 2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan əsas borc üzrə 7887,61 manat, faiz borcu üzrə 3149,43 manat borc tutulmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə, 741-ci maddəsinə, 385.1-ci maddəsinə, 442-ci maddəsinə, 445-ci maddəsinə, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1732/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 7887.61 manat, 3067,27 manat faiz borcu olmaqla, cəmi 10954.88 manat məbləğində kredit borcunun və ödənilmiş 123.26 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim proses zamanı cavabdehə MPM-nin 192-ci maddəsində göstərilmiş izahat vermə və dolğun izahat vermə imkanını yaratmamış bununlada cavabdeh hazırladığı çıxış üzrə çıxış edə və sübütları təqdim etmək imkanı olmamışdır. Eyni zaman MPM-in 210cu və 211-ci maddələri üzrədə cavabdehin çıxış etmə hüququ kobud şəkildə məhkəmə tərəfindən pozulmuşdur. Eyni vaxtı Kreditin ödənişinin gecikdirilmiş ayları pandemiya dövrünə təsadüf etmiş və pandemiya ilə bağlı iş yerləri fəaliyyət göstərmədiyinə görə, “evdə qal salamat qal” prinsipi ilə yaşadıqları şəraitdə fəaliyyət göstərə bilmədiyini məhkəmə nəzərə almamışdır. Qeyd olunanlara əsasən iddiaçı "xxxx" ASC-nin xeyrinə 7887,61 manat əsas, 3149,43 manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 123,26 manat dövlət rüsumu, 0,40 qəpik bank xidməti haqqının tutulması barədə qətnamənin ləğv olunmasını və iddia tələbinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə yazılı etiraz
20. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
25. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
39. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə faizlər hesablanmaq şərti ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə qeyd edilən məbləğdə kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə qismən ödəniş etsə də, müqavilə öhdəliyini pozaraq qalan borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin 06 senttyabr 2022-ci il tarixə, bankın təqdim etdiyi məlumata əsasən əsas borc üzrə 7887,61 manat, faiz borcu üzrə 3149,43 manat, kredit borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir.
42. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh şikayətində proses zamanı cavabdehə MPM-nin 192-ci maddəsində göstərilmiş izahat vermə və dolğun izahat vermə imkanını yaratmadığını, bununlada cavabdeh çıxış edə bilmədiyini və sübütları təqdim etmək imkanı olmadığını qeyd etsə də, apellyasiya baxışı zamanı cavabdehə kifayət qədər prosessual imkan yaradılmasına baxmayaraq şikayətinin əsaslı olmasını təsdiq edəcək hər hansı sübutu nə apellyasiya şikayətinə əlavə etməmiş, nə apellyasiya baxışı zamanı təqdim etməmişdir.
43. Apellyasiya şikayətinin daha bir dəlili isə ondan ibarətdir ki, kreditin ödənişinin gecikdirilmiş ayları pandemiya dövrünə təsadüf etmiş və pandemiya ilə bağlı iş yerləri fəaliyyət göstərmədiyinə görə, “evdə qal salamat qal” prinsipi ilə yaşadıqları şəraitdə fəaliyyət göstərə bilmədiyini məhkəmə nəzərə almamışdır.Onunla restruktrizasiya müqaviləsi bağlanmalıdır.
44. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanının 8.3-cü maddəsinə əsasən, bu fərmanın məqsədləri üçün Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci ilin yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarını qalıq məbləğinin cəmi müəyyən edilir.Hazırkı mübahisə isə Cavabdeh ilə iddiaçı arasında bağlanmış 08 may 2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsi ilə bağlıdır.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 08 may 2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan əsas borc üzrə 7887,61 manat, faiz borcu üzrə 3149,43 manat borc tutulmalıdır.
46. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7887,61 (yeddi min səkkiz yüz səksən yeddi manat altmış bir qəpik) manat əsas, 3149,43 (üç min yüz qırx doqquz manat qırx üç qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 123,26 (yüz iyirmi üç manat iyirmi altı qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
47. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2(009)- 1732/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.