Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-784/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi Mirəziz Seyidovun, Cavabdeh, onun nümayəndəsi, vəkil Rasim Bəgülovun iştirakı ilə, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcunun tutulması tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 28/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) Cavabdeh qarşı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 54 033.15 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu üzrə 3 849.27 manat, cərimə borcu üzrə 27 453.36 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 8 692.50 manat, cəmi 94 028.28 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 54033,15 manat əsas, 3849,27 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 500 manat cərimə borcu, 2700 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 61082,42 manat kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Bankın ləğvedicisi X1 xeyrinə ödənilməsi, 250 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği və cərimə borcunun azaldılması hissəsində mübahisələndirirlər. Müqavilənin müddəti xx.xx.2014-xx.xx.2016-cı il tarixlərini əhatə edir. Gecikdirilmiş günlərin say axımı isə müqavilənin müddətinin bitdiyi tarixdən başlayır və maliyyə arayışının hazırlandığı gün - xx.xx.2019-cu il tarixində bitir. Gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği də həmin tarixlərə əsasən hesablanmış və cavabdehdən tələb edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona pul verilməyib, ancaq kredit müqaviləsini imzalayıb. Müqavilə təminatsız bağlanıb. Bank kassa məxaric orderini təqdim etməyib. Məhkəmə, həmçinin qanunsuz olaraq kredit borcunu Bankın ləğvedicisinin xeyrinə tutub. Cavabdeh qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Bankın şikayətini müdafiə edərək bildirdi ki, pul hesabdan hesaba – X4, X3, X2 hesabına köçürülüb, ona görə də kassa məxaric orderi yoxdur. Pullar həmin şəxslərin hesabına cavabdehin razılığı ilə köçürülüb. Həmin razılığı təsdiq edən sübutu məhkəməyə təqdim etmək mümkün olmasa da, cavabdeh ödənişləri etməklə həmin borcu aldığını faktiki etiraf edib. Cavabdeh xx.xx.2012-ci ildə Bankın “Yasamal” filialına müvəqqəti rəhbər təyin edilib. Adları çəkilən şəxslərə kreditlər də onun rəhbər olduğu dövrdə həmin filial tərəfindən verilib. Cavabdehin sonradan Bankın mərkəzi ofisində işləməsi barədə onlarda rəsmi məlumat yoxdur, onun pulu almadığı halda ödənişlər etməsi məntiqli deyil. Nümayəndə Bankın şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, kredit müqaviləsini Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşlarının təzyiqi altında, məcbur qalıb imzalayıb, lakin müqavilədə göstərilən məbləği almayıb. Sonradan həmin şəxslər barəsində cinayət işi başlandıqda bu barədə müraciət etməyib və zərərçəkmiş kimi tanınmayıb. Çünki bunun mənasız olduğunu və pulun geri qaytarılmayacağını düşünüb. Birinci instansiya məhkəməsində vəkili olmadığı üçün yanlış olaraq ekspertiza keçirilməsini tələb edib və sonradan səhv etdiyini başa düşərək əsl həqiqəti, yəni Bankdan pul almadığı barədə izahat verib. Kredit müqaviləsi üzrə pulun hesablarına köçürüldüyü şəxslər həqiqətən də Bankın “Yasamal” filialının müştəriləri olub. Həmin şəxsləri kredit verilərkən filialın direktoru olub. Lakin hazırkı kredit müqaviləsi bağlanarkən artıq Bankın mərkəzi ofisində Təchizat şöbəsində departament müavini işləyib. Kredit müqaviləsi ilə onun adına ayrılan pulun hər hansı hesaba, o cümlədən digər şəxslərin borcuna ödənilməsi barədə heç bir göstəriş, sərəncam və ya razılıq verməyib. İş materiallarında olan mədaxil qəbzlərindəki imzalar ona məxsusdur və qəbzlərdə qeyd olunan məbləğləri özü ödəyib. Həmin ödənişləri də yuxarıda qeyd olunan səbəbdən təzyiq altında aparıb. Cavabdehin vəkili təmsil etdiyi şəxsin şikayətini müdafiə edərək, bildirdi ki, Bank cavabdehdən pulu tələb etmək üçün pulun ona verildiyi barədə məxaric orderini, yaxud pulun digər hesaba köçürülməsi barədə razılığını təsdiq edən sübutu təqdim etməlidir. Belə bir sübutlar təqdim olunmadığı üçün iddia təmin oluna bilməz. Vəkil cavabdehin şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin izahatları və iş materialları əsasında müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 1081/014 saylı təminatsız kredit müqaviləsinə əsasən, istehlak xərcləri məqsədi ilə Bank cavabdehə 77000 manat məbləğində 24 ay müddətində, illik 18 faiz dərəcəsi ilə kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 15486 saylı ekspert rəyi ilə cavabdehin müqavilənin bitmə tarixinə, yəni xx xxxxx 2016-cı il tarixə həmin tarixdən son ödəniş tarixinə, yəni xx xxxx 2016-cı il tarixinədək edilən ödəniş nəzərə alınmaqla onun iddiaçıya əsas borc üzrə 55772.50, faiz borcu üzrə 4777.16 manat borcunun olduğu müəyyən edilmişdir Bankın təqdim etdiyi maliyyə arayışında cavabdehin kredit müqaviləsi üzrə pulun verildiyi tarixdən maliyyə arayışının verildiyi xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə əsas borcun qalığına gecikdirilmiş vaxt üçün (1159 gün) hesablanan faiz məbləğinin 8 692.50 manat olduğu qeyd edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443, 445, 467, 739.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən 3849,27 manat faiz, azaldılmış 500 manat cərimə borcu, 2700 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği cavabdehdən Bankın xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materialları əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün ondan yaranmış əsas borcu və pulun verilmə müddətinədək müqavilə üzrə hesablanmış faiz borcunu tutmaqla qanuni və əsaslı qənaətə gəlmiş, həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən haqlı olaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu 500 manata azaltmışdır. Lakin məhkəmə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz dərəcəsi ilə hesablanmış 8692,50 manat əlavə faiz tələbini hansı səbəbdən qismən təmin etdiyini və hansı hesablama əsasında 2700 manat müəyyən etdiyini əsaslandırmamışdır. Halbuki Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdən görünür ki, iddiaçı cavabdehdən ona ödənilməli olan 54 033.15 manat əsas borc tələb edir. Həmin məbləğ gecikdirilmiş vaxt üçün (xx.xx.2016-xx.xx.2019, 1159 gün) illik minimum beş faiz dərəcəsi ilə əlavə faiz məbləği Bank tərəfindən düzgün hesablanaraq 8 692.50 manat müəyyən edilmişdir. Ona görə də Kollegiya hesab edir ki, qətnamə gecikdirilmiş vaxt üçün hesablanan faiz tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə iddia tam təmin olunmalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi yanlış olaraq tələb olunan kredit məbləğini Bankın deyil, onun ləğvedicisinin xeyrinə tutmuşdur. Halbuki Bank hal-hazırda tam ləğv edilmədiyi üçün fəaliyyət qabiliyyətini itirməmiş kredit hüquq münasibəti Bankla cavabdeh arasında yaranmışdır. Cavabdeh də apellyasiya şikayətində haqlı olaraq qeyd etmişdir ki, mövcud vəziyyətdə ləğvedici ləğv prosesində olan Bankın hüquq varisi deyil, prosessual təmsilçisidir. Ona görə də qətnamə həmin hissədə dəyişdirilməli, pul məbləği cavabdehdən Bankın xeyrinə tutulmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hazırkı mülki işin birinci instansiya məhkəməsinin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuşdur. İlkin məhkəmə iclaslarında cavabdeh iştirak etmiş və kredit müqaviləsində göstərilən məbləğin Bank tərəfindən ona verildiyini mübahisələndirməmişdir. xx.xx.2017-ci il tarixli məhkəmə iclasında cavabdeh yazılı vəsatət verərək, Bank tərəfindən faiz və cərimənin şişirdildiyini bildirmiş və ekspertiza təyin olunmasını xahiş etmişdir. İş üzrə ilkin ekspertiza rəyinin verilməsindən sonra xx.xx.2018-ci il tarixli məhkəmə iclasında cavabdeh yenidən yazılı vəsatət verərək, ekspert tərəfindən borcun düzgün hesablanmadığını və yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh məhkəməyə ünvanlandığı yazılı vəsatətlərində tələb olunan borcun məbləğini mübahisələndirməklə faktiki olaraq kredit müqaviləsində göstərilən məbləğin ona verildiyini mübahisələndirməmiş, bu faktı dolayısı ilə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu baxımdan iddiaçı birinci instansiya məhkəməsində kredit müqaviləsi üzrə pulun cavabdehə verildiyi (məhz onun tapşırığı ilə üçüncü şəxslərin hesabına köçürüldüyü) cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün iddiaçı bununla bağlı sübut təqdim etmək vəzifəsindən azad olmuşdur. Cavabdeh yalnız birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında (iddia ərizəsi məhkəməyə daxil olduqdan təxminən 2 il 7 ay sonra) pulu Bankdan götürmədiyini bildirmiş, lakin bir daha Bank qarşısında öhdəliyinin olduğunu mübahisələndirməmiş, maddi imkanının aşağı olması səbəbindən borcu ödəyə bilmədiyi barədə izahat vermişdir. Eyni zamanda iş materiallarında cavabdehin kredit müqaviləsi üzrə Banka xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016-cü il tarixlərdə müxtəlif məbləğlərdə ödəniş etdiyi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh apellyasiya baxışı zamanı kredit müqaviləsinin bağlandığı dövrdə Bankın Mərkəzi ofisində Təchizat şöbəsində departament müavini vəzifəsində işlədiyini bildirmiş, ödəniş qəbzlərindəki imzaların ona məxsus olduğunu və ödənişlərin özü tərəfindən aparıldığını təsdiq etmişdir. Cavabdeh apellyasiya baxışı zamanı kredit müqaviləsini Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşlarının təzyiqi altında, məcbur qalıb imzaladığını, habelə ödənişləri də bu səbəbdən apardığını bildirsə də, belə halların mövcudluğu barədə hər hansı sübut təqdim etməmiş, qeyd olunan şəxslərin barəsində cinayət işi üzrə zərərçəkmiş kimi ərizə vermədiyini təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə Banka sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə edilmiş, həmin vaxt artıq Milli Təhlükəsizlik Nazirliyi mövcud olmamış, onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Beləliklə, cavabdehin şikayətinin dəlilləri işdə olan sübutlar, onun özünün yazılı və şifahi izahatları və etirafedici hərəkətləri ilə təkzib olunur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-28/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi gecikdirilmiş vaxt üçün hesablanan faiz tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə iddia tam təmin olunsun. Qətnamə pulun X1 xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 54033,15 manat əsas borc, pulun verilmə müddət bitən tarixədək hesablanmış 3849,27 manat faiz borcu, 500 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8692.50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 67104 (altmış yeddi min yüz dörd) manat 92 (doxsan iki) qəpik pul tutularaq ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə ekspertiza xərcinin cavabdehə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür Hakim: Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-784/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-784/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver