Məhkəmə qərarları › İş №2(103)-7842/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7842/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7842/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər “xxxx” MMC, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə MMC arasında bağlanmış xx xxxx 2007-ci il tarixində kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsi üzrə cavabdeh MMC-dən 841.827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu, 42000 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 938566,14 ABŞ dolları məbləğində pulun, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun iddiaçı xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 1.893.530 manat məbləğində müəyyən edilməklə cavabdeh MMC-dən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospektində istifadədə olan 1.09676 ha torpaq sahəsində yerləşən 43a nömrəli, 4021.9 kv.m ümumi, 3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri yaşayış sahəsinin açıq hərracdan və boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, MMC-dən 841827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə, cəmi 898.566,14 (səkkiz yüz doxsan səkkiz min beş yüz altmış altı ABŞ dolları 14 sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat iddiaçının xeyrinə tutulması, tələb cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,1.09676 ha torpaq sahəsində yerləşən 43a nömrəli, 4021.9 kv.m ümumi,3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, həmin mənzilin ilkin satış qiyməti 1.893.530 (bir milyon səkkiz yüz doxsan üç min beş yüz otuz) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, ipoteka predmeti olsan - Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43a qeyri yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi əsas borc hissədə dəyişdirilmiş - əsas məbləğin 830383,49 ABŞ dolları müəyyən edilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı və cavabdeh MMC kassasiya şikayətləri vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3926/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, o, iş üzrə məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmamışdır. Eyni zamanda, o, xx.xx.2015-ci il tarixdən X1 yaşayır. Hesab edir ki, qətnamə qəbul edilərkən iş üzrə hərtərfli araşdırma aparılmamış, çəkişmə prinsipinə də əməl olunmamışdır. Belə ki, iddiaçı ilə onun arasında həqiqətən xx.xx.2007ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Bundan sonra isə xx.xx.2010-cu il tarixdə iddiaçı ilə “xxxx” MMC arasında xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əlavə saziş imzalanmış, bir sıra mühüm bəndlərə əlavə və dəyişikliklər edilmişdir. Daha sonra xx.xx.2013-cü il tarixdə də iddiaçı və cavabdeh “xxxx” MMC arasında barışıq sazişi imzalanmış, sazişlə qalıq borc məbləğinin ödənilməsi şərtlərinə bir daha dəyişiklik edilmiş, faiz məbləği artıırlmışdır. Əsas məqam ondan ibarətdir ki, kredit müqaviləsinə əlavə saziş imzalanan zaman və ya onun əlavə sazişinin şərtləri dəyişdirilərkən onunla, yəni “ipoteka qoyan”la iddiaçı bank arasında xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə dair nə xx.xx.2010-cu il tarixdə, nə də xx.xx.2013-cü il tarixdə əlavə bir saziş bağlanmamışdır. Faktiki olaraq şərtləri dəyişilmiş, yeni öhdəliklər yaratmış xx.xx.2010-cu il tarixli əlavə saziş, xx.xx.2013-cü il tarixli barışıq sazişi zamanı ipoteka qoyanın iradəsi ifadə olunmamış, razılığı alınmamışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə aparılır. Bu səbəbdən, qətnamənin tutmanın ipoteka predmetinə yönəlmə hissəsində ləğv edilib, bununla bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili T.Əliyev apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarda belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Hazırkı halda, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin şərtlərini dəyişmiş, yeni öhdəliklər yaratmış xx.xx.2010-cu il tarixli əlavə saziş, xx.xx.2013-cü il tarixli barışıq sazişi zamanı ipoteka qoyanın iradəsi ifadə olunmamış, razılığı alınmamışdır. Bu səbəbdən, apelyasiya şikayətinin təmin edilərək, qətnamənin qismən, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.Quliyev apellyasiya şikayətinə etiraz edərək və təmin edilməməsini xahiş edərək göstərdi ki, rayon məhkəməsinin hazırkı qətnaməsi əsas borclu MMC-nin şikayəti əsasında apellyasiya və kassasiya qaydasında yoxlanılmışdır. Bu səbəbdən də, digər Cavabdeh1 apellyasiya şikayəti əsasında qətnamənin yenidən yoxlanılmasını düzgün hesab etmir. Həmçinin də göstərdi ki, həqiqətən də, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin şərtlərini dəyişmiş, yeni öhdəliklər yaratmış xx.xx.2010-cu il tarixli əlavə saziş, xx.xx.2013-cü il tarixli barışıq sazişi bağlanmışdır, qanuna əsasən də bu zaman ipoteka qoyanın da razılığının alınması və ipoteka müqaviləsinin də təkrar qeydiyyata alınması da zəruridir. İpoteka qoyanın belə razılığının olması ilə bağlı sənədlər də mövcuddur. İş materiallarında olmasa da, vaxt veriləcəyi təqdirdə o, həmin sənədləri, sübutları məhkəməyə təqdim edəcəyini bildirmiş, bununla bağlı məhkəmə iclası təxirə salınmış, buna baxmayaraq, növbəti məhkəmə iclasında nümayəndə həmin sənədləri təqdim edə bilməyəcəyini bildirmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Tərəflər arasında bağlanılmış xx xxxx 2007-ci il i, ********** saylı kredit müqaviləsinə əsasən Bank «xxxx» MMC-yə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə, ******* ABŞ dolları məbləğində kredit verməyi, borc alan həmin krediti qəbul etməyi, istifadə etməyi, krediti və hesablanmış faizləri ödəniş qrafıkinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh X4 arasında baölanmış xx xxxx 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,1.09676 ha torpaq sahəsində yerləşən 43a nömrəli, 4021.9 kv.m ümumi,3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 01 saylı əlavə sazişlə xx xxxx 2010-cu il tarixdə xx xxxx 2007-ci il, ********** saylı kredit müqaviləsinə bir sıra dəyişikliklər müəyyən edilmiş, buna uyğun olaraq əlavə 2 saylı ödəniş cədvəli tərtib edilmişdir. Mülki iş materiallarında olan xx xxxx 2013-cü il tarixli barışıq razılaşmasından görünür borcalan xx xxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun-966625,21 ABŞ dolları məbləğində pulu hissə-hissə kreditora qaytarılmasını öz öhdəsinə götürür, ödəniş tam çatdığı təqdirdə, kreditor borcalana qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürür, borcalan xx xxxx 2013-cü il tarixdən kredit müqaviləsi üzrə yaranmış-borcun, yəni 966,625,21 ABŞ dolları məbləğin 20% məbləğində faiz ödəyəcəkdir. Barışıq razılamasına əsasən kreditin son ödənilmə müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. “xxxx” QSC-nin 15/15707 saylı, xx.xx.2015-ci il tarixli məlumatından görünür ki, xx xxxx 2007-ci il tarixli, il ********** saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2015-ci il tarixə banka olan əsas borcu 841827,18 ABŞ dolları, faiz borcu 378164,79 ABŞ dolları, cəmi borcu 1219991,97 ABŞ dolları təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2016-cı il i tarixli rəyindən görünür ki, “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixə “xxxx” QSC-yə olan əsas borcu 830383,49 ABŞ dolları, faiz borcu 25071,99 ABŞ dolları təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli barışıq razılaşmasına əsasən **********/1 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2016-cı il tarixə banka olan əsas borcu 841827,18 ABŞ dolları, faiz borcu 54738,96 ABŞ dolları, cərimə borcu 42000 ABŞ dolları, cəmi borc 938566,14 ABŞ dolları təşkil edir (i/v, səh. 145). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli, 23634 saylı ekspertiza rəyinə əsasən tərəflər arasında bağlanmış xx xxxx 2013-ü il tarixdə “Barışıq Razılıq” kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla XXX qızının xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 830383,49 ABŞ dolları, faiz borcu üzrə 66360,51 ABŞ dolları, cəmi 896744 ABŞ dolları məbləğində borc müəyyən olunur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 33/321 saylı məlumatından Cavabdeh1 xx.xx.2015-ci il tarixdən dövlət sərhədindən çıxış etməsi müəyyən olunur. Cavabdeh1 tərəfindən nümayəndəsi və vəkili X5 verdiyi etibarnamə Kaliforniya Ştatı Dövlət Depatamenti tərəfindən xx.xx.2019-cu il tarixdə apostil olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamə əsas və faiz borcu hissəsində mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi əsas borc hissədə dəyişdirilmiş - əsas məbləğin 830383,49 ABŞ dolları müəyyən edilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı və cavabdeh MMC kassasiya şikayətləri vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3926/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadında gəlinən nəticəyə əsasən məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1022/2019 saylı, xx xxxxxx 2019-cu tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)- 3926/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, əsas borclu, yəni cavabdeh MMC tərəfindən qətnamənin əsas borc və faiz hissəsində mübahisələndirilmiş və qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən həmin hissədə yoxlanılmış, rayon məhkəməsinin qətnaməsi tələbin ipoteka predmetinə yöndəldilməsinə dair hissədə əvvəllər mübahisələndirilməmiş və apellyasiya və kassasiya qaydasında həmin hissədə yoxlanılmamışdır. Belə olan halda, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinə aid hissədə mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmadığından Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadına uyğun olaraq Məhkəmə Kollegiyası rayon məhkəməsinin qətnaməsini tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə Cavabdeh1 şikayəti əsasında tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Kollegiyanın araşdırmaları nəticəsində aşağıdakılar hazırkı işin mübahisəsiz halları kimi müəyyən edilib: İddiaçı ilə «xxxx» MMC arasında xx xxxx 2007-ci il i, ********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqailəyə əsasən Bank «xxxx» MMC-yə 36 ay müddətinə, yəni xx xxxx 2007-ci il tarixə qədər illik 18% ödəmək şərti ilə, ******* ABŞ dolları məbləğində kredit vermişdir.  İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,1.09676 ha torpaq sahəsində yerləşən 43a nömrəli, 4021.9 kv.m ümumi,3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.  İddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 01 saylı əlavə sazişlə xx xxxx 2010-cu il tarixdə xx xxxx 2007-ci il, ********** saylı kredit müqaviləsinə bir sıra dəyişikliklər müəyyən edilmiş, buna uyğun olaraq əlavə 2 saylı ödəniş cədvəli rəsmiləşdirlmişdir.  xx xxxx 2013-cü il tarixdə iddiaçı ilə «xxxx» MMC arasında barışıq razılaşması bağlanmış, borc alan xx xxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun-966625,21 ABŞ dolları məbləğində pulu hissə-hissə kreditora qaytarılmasını öz öhdəsinə götürür, ödəniş tam çatdığı təqdirdə, kreditor borcalana qarşı əlavə tələb irəli sürülməməsini öz öhdəsinə götürür, borcalan xx xxxx 2013-cü il tarixdən kredit müqaviləsi üzrə yaranmış-borcun, yəni 966,625,21 ABŞ dolları məbləğin 20% məbləğində faiz ödəyəcəkdir. Barışıq razılaşmasına əsasən kreditin son ödənilmə müddəti xx.xx.2023-cü il müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili T.Əliyev bildirmişdir ki, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin şərtlərini dəyişmiş, yeni öhdəliklər yaratmış xx.xx.2010-cu il tarixli əlavə saziş, xx.xx.2013-cü il tarixli barışıq sazişi zamanı ipoteka qoyanın iradəsi ifadə olunmamış, razılığı alınmamışdır. Cavabdehin nümayəndəsi bununla bağlı, yəni xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin şərtlərini dəyişmiş, yeni öhdəliklər yaratmış xx.xx.2010-cu il tarixli əlavə saziş, xx.xx.2013-cü il tarixli barışıq sazişi zamanı ipoteka qoyanın razılığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, ...Konstitusiya Məhkəməsinin Plenumu2018-ci il 31 may tarixli Qərarda belə nəticəyə gəlmişdir ki,Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bununla da öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarda həmçinin hesab etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı alınmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab edir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin(məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.)göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. - “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər(məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər(məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Beləliklə, xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin şərtlərini dəyişmiş, yeni öhdəliklər yaratmış xx.xx.2010-cu il tarixli əlavə saziş, xx.xx.2013-cü il tarixli barışıq sazişi zamanı ipoteka qoyanın razılığı alınmadığından, xx xxxx 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Belə olan halda, müəyyən olunur ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır və təmin edilməldir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində məhkəmə iclası barədə ona lazımi qaydada məlumat verilmədiyini, çəkişmə prinsipinin pozulduğunu bildirmişdir. Məhkəmə iclasında aparılmış araşdırmalarla Cavabdeh1 rayon məhkəməsində hazırkı işə baxılarkən, Azərbaycan Republikasının hüdudlarından kənarda olduğu müəyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki işin materiallarında məhkəmə iclasları barədə cavabdehə ünvanlanan bildirişlər mövcud olsa da, həmin bildirişlərin cavabdeh tərəfindən alınmasına dair hər hansı sübut-müvafiq qəbz, xəbərnamə mövcud deyildir, bəzi bildirişlər isə “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bununla da müəyyən olunur ki, cavabdeh həqiqətən də məhkəmə iclaslarından məlumatsız olmuşdur və birinci instansiya məhkəməsinin işə onun iştirakını təmin etmədən və onu dinləmədən baxmasına dair apellyasiya şikayətinin dəlili əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi halları qeyd edilmişdir. Həmin haldan biri də işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmasıdır (MPM m.387.2.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar