Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7844/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh X6 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər X7 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-32/2020 saylı qətnaməsindən iddiaçının və cavabdehlərin apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin mübahisə edilməyən hallarına görə, “xxxxxxxxxxxxxx” ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə X7 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1858/15 saylı Təminatlı kredit müqaviləsinə əsasən Bank borcalana 24 ay müddətinə, illik 24 faizlə 160000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan isə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli, 1858-01/15 və 1858-02/15 saylı ipoteka müqavilələrinə əsasən sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, 17C saylı evin 489 və 490 saylı mənzilləri kredit müqaviləsinin təminatı qismində Bank qarşısında ipoteka ilə yüklü edilmiş, hər iki yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 157,590.59 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 63,981.77 ABŞ dolları faiz, 229,418.10 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 22,831.27 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 473,821.73 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 62 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh N.Garayevdən iddiaçının xeyrinə tutulması; tutmanın Cavabdeh2 məxsus olan ipoteka predmetlərinə yönəldilməsi, ilkin satış qiymətlərinin müəyyən edilməsi, mənzillərin açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; həmin mənzillərə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, onların mənzillərdən çıxarılması, mənzillərin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 32/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Nüsrət Garayevdən 157590,58 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 63981,77 ABŞ dolları faiz, 1048,12 ABŞ dolları cərimə borcu, 7879,53 ABŞ dolları müqavilənin bitdiyi tarixdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 230500 ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş rüsumun 30,16 manat hissəsinin və ödənilmiş dövlət rüsumunun 14,59 manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabir Orucov küçəsi, 17C ünvanında yerləşən 490 nömrəli və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi 17C ünvanında yerləşən 489 nömrəli mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması, Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 489 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiymətinin 70000 manat, Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 490 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiymətinin 156000 manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 ödənilməsi, əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh Nüsrət Garayevdən tutulması, mənzillər açıq hərracdan satıldığı gündən 1 ay müddətində cavabdehlər tərəfindən boşaldılması və onların həmin mənzillərə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 195 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 1352 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməsi, “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq “xxxxxxxx” MMC-nin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumlarının 47,25 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin təmin olunmayan hissəsində tam təmin edilməsinə və “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun Nüsrət Garayevdən tutularaq Banka ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla hesablanan borc tələbinin azaldılması tam əsassızdır, müqavilə müddəti bitdikdən sonra illik 5 % dərəcəsi ilə hesablanmaqla faiz borcunun tutulması hər hansı şərtlə məhdudlaşdırılmadığından, hazırda maliyyə arayışının hazırlandığı xx.xx.2020-ci il tarixə illik 5 % dərəcəsi ilə faiz borcunun tələb edilməsi tam əsaslıdır; cərimə borcunu azaldarkən kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır; “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul Bank tərəfindən ödənildiyi üçün həmin pul məbləği cavabdeh N.Garayevdən “xxxxxxxx” MMC-yə deyil, Banka ödənilməlidir. Cavabdehlərin apellyasiya şikayətində qətnamənin faiz borcu, mənzillərin ilkin satış qiyməti, mənzillər satıldıqdan 1 ay sonra boşaldılması və onların istifadə hüququnun itirilmiş hesab edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatların dəyərinin cavabdeh Nüsrət Garayevdən tutulması hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, faiz borcu şişirdilmişdir, o hissədə iddia tam təmin edilməməli idi; mənzillərin ilkin satış qiyməti aşağıdır, hazırda həmin ünvanda tam təmirsiz mənzillərin 1 kv.m-nin satış qiyməti 2000-2500 manatdır; mənzillər satıldıqdan bir ay müddətində onlar tərəfindən boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi ilə bank deyil, gələcəkdə həmin mənzilləri açıq hərracdan alan şəxs müraciət edə bilər; qiymətləndirmələr iddiaçı tərəfin vəsatəti ilə keçirildiyi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri ondan tutulmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Bankın apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh N.Garayevin nümayəndəsi-vəkili isə təmsil etdiyi şəxsin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayətlərində mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İddiaçının apellyasiya şikayətinin birinci dəlili illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun əsassız azaldılması ilə bağlıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixə Banka olan əsas borcu 157590,59 ABŞ dolları, müqavilə müddəti üçün faiz borcu 63981,77 ABŞ dolları, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu 22831,27 ABŞ dolları, cərimə borcu 229418,10 ABŞ dolları olmaqla, cəmi borcu 473821,73 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmunundan müəyyən edildiyi kimi, əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir. Məhkəmə bu hissədə belə nəticəyə gəlmişdir ki,tərəflər arasında müqavilə xx xxxx 2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış və xx xxxx 2017-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edildikdən sonra işə üç il müddətində baxılmasına görə məsuliyyəti cavabdehin üzərinə qoymaq olmaz. Belə olan halda, məhkəmə müqavilənin bitdiyi tarixdən sonra 1 il üçün faiz tutulmasını ədalətli hesab etmişdir. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti doğrudur, çünki işə baxılmasının bu qədər uzanmasında cavabdehlərin hər hansı təqsiri müəyyən edilmir. İddiaçının apellyasiya şikayətinin digər dəlili cərimə borcunun azaldılması ilə bağlıdır. Kollegiya hesab edir ki, bu hissədə də apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, Kollegiya borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə haqlı olaraq cərimə məbləğini azaldaraq 1048,12 ABŞ dolları həddində tutmuşdur. Müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanan əldən çıxmış fayda və öhdəliyin pozulmasına görə tətbiq olanun cərimə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ədalətli və qanuni hesab edən Kollegiya kredit borcunun ABŞ dolları ilə verildiyini və kredit götürüldükdən sonra – xx.xx.2015-ci ildə baş vermiş təkrar devalvasiyaya nəticəsində Azərbaycan manatının ABŞ dollarına nisbətdə təxminən 50 faiz həddində dəyərdən düşməsini, bununla da Cavabdeh1 kəskin maliyyə itkisinə məruz qalmasını də nəzərə alır. Apellyasiya şikayətinin digər dəlili isə “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh N.Garayevdən MMC-yə ödənilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, bu hissədə apellyasiya şikayətinin dəlili əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi “xxxxxxxx” MMC tərəfindən mənzillərin qiymətləndirilməsi keçirilmiş, xidmət haqqı 500 manat təşkil etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş MMC-nin X3 ünvanladığı məktubdan görünür ki, xidmət haqqının MMC-nin hesabına ödənilməsinin təmin edilməsi xahiş edilmiş və xx.xx.2020-ci il tarixli ödəniş tapşırına əsasən, LPO İddiaçı ASC tərəfindən 500 manat “xxxxxxxx” MMC-nin hesabına ödənilmişdir. Belə olan halda, məhkəmə tərəfindən həmin tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh Nüsrət Garayevdən tutularaq “xxxxxxxx” MMC-nin hesabına köçürülməsi əsassızdır, həmin pul məbləği cavabdeh N.Garayevdən tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Birinci dəlil faiz borcunun şişirdilməsidir. Kollegiya hesab edir ki, bu hissədə cavabdehlərin tələbi əsassızdır və məhkəmənin qənaəti doğrudur. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə cəmi bir dəfə - xx.xx.2015-ci il tarixdə 14.249,42 ABŞ dolları məbləğində edilmiş edilmiş və həmin ödənişdən 2.409,41 ABŞ dolları əsas borca, 11.840,01 ABŞ dolları isə faiz borcuna silinmişdir. Əsas qalıq borcunun gündəlik (1 gün üçün) faizləri 105,060 manat (157590,59x24%/360=105,060), həmin faizlərin hesablanmalı olduğu müddət isə 617 gün, yəni sonuncu ödənişin edildiyi xx.xx.2015-ci il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 64,822 manat (105.060x617) təşkil edir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 29711 saylı ekspert rəyindən görünür ki, X6 Banka olan cəmi borcu 227665,86 ABŞ dolları təşkil edir (157590,58 ABŞ dolları əsas borc, 70075,28 ABŞ dolları faiz borcu). Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən müqavilə müddətinin sonuna 63981,77 ABŞ dolları məbləğində faiz borcunu tələb edir. Odur ki, Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi həcmində faiz borcunun tutulması əsaslıdır. Apellyasiya şikayətinin ikinci dəlili ipoteka predmeti olan mənzillərin ilkin satış qiyməti ilə bağlıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan “xxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli UNİ/İ 12-210/20 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C ünvanında yerləşən 489 nömrəli mənzilin hazırkı şəraitdə satış (likvid) qiyməti 70000 manat, Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C ünvanında yerləşən 490 nömrəli mənzilin hazırkı şəraitdə satış (likvid) qiyməti isə 156000 manat müəyyən edilmişdir. Məhkəmə ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətinə dair nəticəyə gələrkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadına istinad edərək, “xxxxxxxx” MMC tərəfindən müəyyən edilmiş hazırkı şəraitdə satış (likvid) qiymətini əsas götürmüşdür. Ali Məhkəmənin qeyd olunan qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir, cavabdehlərin şikayətinin həmin dəlili əsassızdır, cavabdehlər ipoteka predmetini təşkil edən mənzillərin aşağı qiymətləndirildiyini bildirsələr də, bu arqumentin yoxlanılmasına əsas verən hər hansı bir sübut təqdim etməmişlər. Digər tərəfdən isə Kollegiya hesab edir ki, mənzillərə təyin olunmuş məbləğ obyektiv reallığa uyğundur. Qeyd olunmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində həmin Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulmuş «ilkin satış qiyməti»nin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Likvid qiymət” dedikdə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Bu baxımdan da Kollegiya hesab edir ki, ipoteka predmetləri real olaraq qiymətləndirilmişdir. Cavabdehlər apellyasiya şikayətində qeyd etmişlər ki, mənzillər satıldıqdan bir ay müddətində onlar tərəfindən boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi ilə bank deyil, gələcəkdə həmin mənzilləri açıq hərracdan alan şəxs müraciət edə bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, qanunvericiliyin qeyd edilən norması yaşayış evinə, mənzilə tutma yönəldilməsi halı ilə bağlıdır, tutma yönəldildiyi və əmlak satıldığı halda ən geci bir ay ərzində tərk edilməlidir, yəni boşaldılmalıdır. Mübahisəli mənzillərə tutma yönəldildiyi və satıldığı halda da artıq mülkiyyətçinin, yəni Cavabdeh2 həmin mənzillərlə bağlı hər hansı hüququ, o cümlədən istifadə hüququ qalmayacaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri hesab olunur. Buna görə də Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq mübahisəli mənzillər açıq hərracdan satıldığı gündən bir ay ərzində mənzillərin cavabdehlər tərəfindən boşaldılması və onların həmin mənzillərə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin sonuncu dəlili keçirilmiş qiymətləndirmə tədqiqatlarının dəyərinin cavabdehdən tutulması ilə bağlıdır. Kollegiya hesab edir ki, bu hissədə də apellyasiya şikayəti əsassızdır, belə ki, hazırki məhkəmə mübahisəsinə səbəb cavabdehlərin öhdəliklərini icra etməməsi ilə bağlı yaranmışdır. Nəhayət, Kollegiya onu da qeyd edir ki, hazırki iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC olsa da, məhkəmə səhvən qətnamə ilə Cavabdeh1 tutulan pul məbləğlərinin (kredit borcu və məhkəmə məsrəflərinin) bankın yox, onun ləğvedicisi olan X2 nəfinə tutulması barədə nəticəyə gəlmişdir. Halbuki, iddiaçı Bankdır və Fond Bankın ləğvedicisi olmaqla özünün yox, Bankın mənafeyi baxımından hazırki iddianı qaldırmışdır, ona görə də qətnamə həmin hissədə də dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. İdidaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2020 saylı iş üzrə xx xxxxxx 2020-ciil tarixli qətnaməsi cavabdeh X1 borcu və məhkəmə məsrəflərinin (rüsumların) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nəfinə tutulmasına və “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pulun cavabdeh X4 tutularaq “xxxxxxxx” MMC-nin hesabına köçürülməsinə aidhissələrdə dəyişdirilsin. Tutulması qət edilmiş kredit borcu (o cümlədən ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti hesabına borc məbləği) və məhkəmə məsrəfləri (rüsumları) Ləğv prosesində olan İddiaçı ASC-nin nəfinə tutulsun. “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul cavabdeh X4 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7844/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7844/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver