Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7855/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Səccad Ağayevin saxlanılması üçün tutulan alimentin bütün gəlirlərinin həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76cı maddəsinə uyğun olaraq müəyyən hissəsi kimi 25% miqdarında və ya 137 manatdan artırılaraq 200 manat sabit məbləğdə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia qismən təmin edilərək, eyni Məhkəmənin 2(006)-553/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 137 manat məbləğində müəyyən edilmiş alimentin artırılaraq uşaqlar üçün yaşayış minimumu olan 170 manatın xx.xx.2015-ci il təvəllüdlü Səccad Ağayevin yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə, alimentin məbləğinin artırılması barədə iddianı təmin edərkən, cavabdehin ailə və maddi vəziyyətini nəzərə almamış, işin faktiki hallarını ətraflı şəkildə araşdırmamışdır. Hazırda 170 manat məbləğdə alimentin ödənilməsi onun üçün çox çətindir. Belə ki, aylıq gəliri bu məbləği ödəmək üçün kifayət etmir, hazırda dönərçi yanında köməkçi işləyir və günə cəmi 10-15 manat pul qazanır. Həmin məbləğ isə alimentin ödənilməsinə və hazırkı ailə üzvlərinə baxmağa kifayət etmir. Buna rəğmən, məhkəmə qətnamə çıxararkən iddiaçı ilə cavabdehin hazırkı maddi vəziyyəti arasında olan açıq-aşkar fərqi nəzərə almamışdır. Keçən 3 il ərzində onun maddi vaziyyətində hər hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Bunun əksinə olaraq, aliment məbləğini ödəmədiyi ücün iddiaçı tərəfin şikayəti əsasında 4 dəfə inzibati qaydada cəzalandırılmaq üçün məhkəmə qarşısına çıxarılmışdır. Cavabdeh ikinci dəfə ailə qurmuş və hazırda himayəsində xx.xx.2016-cı il təvəllüdlü Raul və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı iki uşağı var. Tezliklə üçüncü övladı da dünyaya gələcək. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh tərəflərin faktiki nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüldlü Səccad Ağayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2015-ci tarixdə Cavabdeh Səyidə Talıbova ilə nikaha girmiş və bu nikahdan xx.xx.2016-ci ildə Raul və xx.xx.2017-ci ildə Yusif adlı uşaqları doğulmuşdur. Qeyd olunanlar, iddia ərizəsi, nikah və doğum haqında şəhadətnamələr, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 553/2018 saylı qətnaməsinin surəti və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya hesab edir ki, iddiaçı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləğini artırılmasını tələb etməkdə haqlıdır. Çünki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırkı işdə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüldlü Səccad Ağayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı 137 manatdır. Lakin uşaqların yaşayış minimumu sonrakı illər ərzində artırılmış və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının həmin həddə artırılması əsaslıdır. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayanmaddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, cavabdehin yenidən nikaha girməsi və başqa uşaqlarının doğulması, maddi imkanının aşağı olması aliment məbləğinin artırılmaması üçün əsas ola bilməz. Çünki, həmin hallar Cavabdeh əvvəlki nikahdan olan övladı Səccad Ağayevin yaşayış minimumuna uyğun qaydada saxlanılmaları öhdəliyini aradan qaldırmır. Ali Məhkəmə də, yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, Kollegiya qeyd olunanlara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən, qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2343/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7855/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7855/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver