Məhkəmə qərarları › İş №2(103)-7855/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7855/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7855/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-593/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ləğv prosesində olan AGBank ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 2893,85 manat əsas, 299,28 manat faiz borcu olmaqla, cəmi 3193,13 manat məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan AGBank ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-593/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2735,05 manat, faiz borcuna görə 299,28 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 3064,73 manat AGBank ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlili: Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, bu səbəbdən qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi X.Xıdırzadə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu və vaxt uzatmaq üçün verildiyini qeyd etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Borcverən AGBank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana təmir-tikinti işləri məqsədləri üçün 30.09.2016-cı il tarixədək qaytarmaq, illik 28 % ödəmək şərtilə 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndindən müəyyən olunur ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş 30.10.2014-cü il, sonuncu ödəniş isə 30.09.2016-cı il tarixdən gec olmayaraq həyata keçirilməlidir. AGBank ASC-nin 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 30.10.2014-cü il tarixdən 30.08.2016-cı il tarixədək olan dövr ərzində hər ay 548,88 manat, 30.09.2016-cı il tarixdə 547,24 manat olmaqla, ümumilikdə əsas borca görə 10000 manat, faiz borcuna görə 3171,48 manat olmaqla cəmi 13171,48 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən AGBank ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 30.09.2014-cü il tarixli 116.CL.300914.00005/b zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bu müqaviləyə əsasən borcalanın bank qarşısında 30.09.2014cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələcək öhdəliklərin, o cümlədən borcalanın 10000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə bağlandığı andan qüvvəyə minir və bu müqavilənin 1.1 bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. Borcverən AGBank ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış 30.09.2014-cü il tarixli 116.CL.300914.00005/c zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bu müqaviləyə əsasən borcalanın bank qarşısında 30.09.2014cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələcək öhdəliklərin, o cümlədən borcalanın 10000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə bağlandığı andan qüvvəyə minir və bu müqavilənin 1.1 bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. AGBank ASC-nin 14.08.2019-cu il tarixli 05/256 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 116.LN.2102.300914.00005 saylı müqaviləyə əsasən 30.09.2014-cü il tarixdə 24 ay müddətinə illik 28 % olmaqla AGBank ASC tərəfindən 10000 manat məbləğində kredit verilmiş, 14.08.2019-cu il üçün əsas borca görə 2893,85 manat, faiz borcuna görə 299,28 manat olmaqla cəmi 3193,13 manat borcu vardır. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 31.10.2018-ci il tarixdə 100 manat olmaqla edilmişdir. AGBank ASC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanladığı 22.09.2019-cu il tarixli 19/2849 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə 5 gün müddətinə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanmasından çıxarışdan müəyyən olunur ki, borcalan Cavabdeh1 kompensasiya hesablanması barədə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021-ci il tarixli 9/1314 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 30.09.2014cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 ləğv prosesində olan AGBank ASC-yə olan borcu 30.09.2016-cı il tarixə əsas borc üzrə 4326,49 manat, faiz borcu üzrə 585,01 manat, 14.08.2019-cu il tarixə əsas borc üzrə 2735,05 manat, faiz borcu üzrə 692,89 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müəyyən olunmuşdur ki, borcalan Cavabdeh1 müqavilə öhdəliklərini icra etməməsi nəticəsində 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2735,05 manat, faiz borcu üzrə 299,28 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəlmişdir. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-593/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar