Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-786/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 Cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızının nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2211/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızının əvəzinə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx»na ödədiyi ABŞ dollarına görə hesablanmış 3700 manat məbləğində kompensasiyanın və dövlət rüsumu üçün ödədiyi 30 manat ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızı avtomobil almaq məqsədilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx»-dan xx xxx 2011-ci il tarixli, A/11- 147 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% olmaqla, 60 ay müddətinə 18.009 ABŞ dolları məbləğində kredit götürmüş və salondan almış olduğu dövlət qeydiyyat nişanı **-LD- *** olan «HYUNDAİ ELANTRA» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Sonradan cavabdeh banka olan borcunu vaxtı-vaxtında ödəyə bilmədiyinə görə mülkiyyətində olan, avtomobili etibarnamə əsasında xx xxxxxx 2011-ci il tarixdə ona satmışdır. Cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızı ilə razılaşdıqları kimi, onun 3 ay ərzində banka ödədiyi 1282 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Sonra isə 2011-ci ilin sentyabr ayından xx xxx 2016-cı il tarixədək, yəni 4 il 9 ay ərzində banka hər ay 457.31 ABŞ dolları olmaqla, cəmi 27348,54 ABŞ dolları ödəmişdir. Cavabdehin banka olan borcunu tam şəkildə ödədikdən sonra dövlət qeydiyyat nişanı **-LD-*** olan «HYUNDAİ ELANTRA» markalı avtomobili qardaşı X3 adına keçirmişlər. Hal-hazırda da sözü gedən avtomobil Ruslanın mülkiyyətindədir. Prezidentin xx xxxxxx 2019-cu il tarixdə imzaladığı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına əsasən, devalvasiya ilə bağlı ABŞ dolları ilə ödənilmiş kreditlərə görə vətəndaşlara kompensasiyalar ödənilir. Cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızı da sözü gedən Fərmana əsasən, onun əvəzinə ödədiyi ABŞ dollarına görə 3700 manat məbləğində kompensasiya almış və ona qaytarmaqdan imtina edir. Məlumata görə, ödənilmiş kompensasiyanın bir hissəsi cavabdehin başqa banka-olduğu borca görə silinmiş, bir hissəsini özü kartdan çıxararaq xərcləmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2211/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3666.58 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3696.58 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dövr ərzində dörd dəfəyə cəmi 4.884,63 ABŞ dolları məbləğində kredit ödənişlərinin aparılması təsdiqini tapır. Halbuki, İddiaçı onun tərəfindən banka 2011-ci ilin sentyabr ayından başlayaraq xx xxx 2016-cı il tarixədək cəmi 27 348,54 ABŞ dolları kredit ödənişləri aparıldığını iddia etmiş, birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı sübutun təqdim edilməməsinə baxmayaraq onun mənafeyini müdafiə edən qərəzli qətnamə qəbul edilmişdir. Belə ki, İddiaçı cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızının əvəzinə Azərbaycan Beynəxlaq Bankına kredit ödəməsinə dair məhkəməyə heç bir ödəniş qəbzi təqdim etməmişdir.Bundan başqa, birinci instansiya məhkəməsi belə bir qənaətə gəlmişdir ki, cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızı mülkiyyətində olan **-LD-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” markalı avtomobili xx xxxxxx 2011-ci il tarixdə etibarnamə əsasında İddiaçı satmışdır.Lakin, İddiaçı **-LD-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” markalı avtomobili cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızından hansı qiymətə almasını iddia ərizəsində göstərməmişdir.İddiaçı isə **-LD-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” markalı avtomobilin cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızından alınmasına dair alqı-satqı müqaviləsini məhkəməyə təqdim etməmişdir.İddiaçı iddia ərizəsinə xx xxxxxx 2011-ci il tarixli AR- İ № 138408 saylı etibarnamənin surətini əlavə etmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş həmin etibarnaməyə əsasən Cavabdeh İddiaçı daşınmaz əmlak istisna olmaqla onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və s. etibar edir.Lakin həmin etibarnamə hüquqlarını müdafiə etdiyi Cavabdeh tərəfindən deyil, onun əvəzindən Bakı şəhəri 38 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli 7E/-5445 reyestr nömrəli etibarnamə əsasında X6 imza etmişdir. X6 xx xxx 2011-ci il tarixli etibarnamə əsasında Cavabdeh məxsus avtomobili idarə etmişdir. Cavabdeh İddiaçı xx xxxxxx 2011-ci il tarixli etibarnamə əsasında nəinki avtomobil satmamış, heç İddiaçı ilə tanış olmamış, hətta onun üzünü belə görməmişdir.İddiaçı bu günə qədər tanış olmadığı Cavabdeh avtomobili hansı qiymətə almasını heç özü də bilmir.Ümumiyyətlə, İddiaçı iddiası ziddiyyətlərlə zəngindir. Əgər Cavabdeh ona xx xxxxxx 2011-ci il tarixdə etibarnamə əsasında avtomobil satmışdırsa, onda sual yaranır ki, hansı səbəbdən yuxarıda göstərildiyi kimi xx.xx.2015-ci il tarixə qədər kredit ödənişləri Cavabdeh tərəfindən aparılmışdır? İddiaçı sözündən belə çıxır ki, Cavabdeh ona avtomobili satandan sonra üstəlik kredit ödənişlərini də özü aparmışdır. Onda belə çıxır ki, Cavabdeh ona avtomobili satmamış, əksinə hədiyyə etmişdir! Yuxarıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi nəinki əsassız və sübütsuz, hətta qeyri ciddidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə xarici valyuta ilə ödənilmiş ödənişlərə münasibətdə sonuncuya ödənilmiş kompensasiyanı tələb etməkdə haqlıdır. Cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin iddiaçı tərəfindən icra edilməsinə cavabdeh tərəfindən hər hansı bir etiraz olmamışdır. Eləcə də, bankda həmin ödənişləri qəbul etməkdən imtina etməməklə cavabdehin buna etirazının olmamasını nümayiş etdirmişdir. Bununla yanaşı, hazırki iş üzrə iddiaçı tərəfindən idarə edilən və icbari qaydada sığorta müqavilələri bağlamaqla hər il bununla bağlı ödənişləri edən şəxsin deyil, cavabdehin həmin avtomobillə bağlı banka ödənişlər etməsi və ya onun vəsaiti hesabına iddiaçı tərəfindən edilməsi barədə etirazına münasibətdə məhkəmə hesab edir ki, onlar arasında hər hansı qohumluq münasibətləri belə olmadığı halda faktiki sahibliyində olmamaqla istismar etmədiyi avtomobilə görə banka onun tərəfindən ödənişlərin edilməsi inandırıcı qəbul edilə bilməz. O cümlədən qeyd edilməlidir ki, iddiaçı tərəfin qeyd etdiyinə əsasən həmin avtomobil yalnız kredit müqaviləsi üzrə yüklü edilməsi və öhdəliyin tamamilə icra edilməməsi səbəbindən iddiaçının adına rəsmiləşdirilə bilinməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Belə ki, cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızı avtomobil almaq məqsədilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən xx xxx 2011-ci il tarixli, A/11-147 saylı kredit müqaviləsinə əsasən 18.009 ABŞ dolları məbləğində kredit götürmüş və dövlət qeydiyyat nişanı **-LD-*** olan «Hyundai elantra» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Zalizadə (Şükürova) Aytac Zahid qızı arasında bağlanmış xx xxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyi tam icra edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixdə imzaladığı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına əsasən bankla kredit müqaviləsi bağlamış şəxs olaraq cavabdehə 3666,58 manat məbləğində kompensasiya almışdır. Bundan başqa Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AR-İ seriyalı 138408 saylı etibarnamədən görünür ki, həmin etibarnamə Zalızadə (Şükürova) Aytac Zahid qızı tərəfindən İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar əmlakını idarə etməyi və sairə hərəkətləri etməyi etibar etmişdir. ƏN-İİİ seriyalı 234151 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən X7 “Hyundai elantra” minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün verilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 389.1-ci maddəsinə əsasən,mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya qeyd edir ki, kompensasiya məbləğinin verilməsinə əsas olmuş müqavilənin tərəfləri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və Zalızadə (Şükürova) Aytac Zahid qızı olmuşdur. Cavabdehlə bank arasında öhdəlik münasibətləri olmuş və “X5” ASC-nin 1659 saylı xx.xx.2016-cı il tarixli məktubuna əsasən kredit və ona hesablanmış faizlər tam ödənilmiş, bankla X8 arasında bağlanmış kredit və girov müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın tələblərinə uyğun olaraq cavabdeh müqavilə tərəfi kimi qanunvericiliklə hesablanmış kompensasiya məbləğini almışdır. Kollegiya qeyd edir ki, iddiaçı bankla bağlanmış müqavilə üzrə tərəf olmadığından və onun bank qarşısında öhdəlik münasibətləri olmadığından onun ümumiyyətlə bankla cavabdeh arasında olan müqavilə üzrə hesablanmış kompensasiya məbləğini tələb etmək hüququ yoxdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Bundan başqa fərman bankla borclu şəxslər arasında olan münasibətləri tənzimlədiyindən və iddiaçı hazırkı iş üzrə həmin şəxslər sırasına aid olmadığından o, fərmanın təsiri dairəsinə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən,bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıya “Hyundai Elantra” minik markalı **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı onun adından sərəncam, istifadə və sahiblik hüququ üçün etibarnamə vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinə əsasən, əsas öhdəlik üzrə borc başqasına keçdikdə (vərəsəlik qaydasında borcun keçməsi halları istisna olmaqla) ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. Həmin qanunun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin öhdəliklərinin iddiaçıya verilməsi və ipoteka predmetinin onun mülkiyyətinə keçirilməsi mümkün olduğu halda, tərəflər bunu etməmiş və avtomobil iddiaçının mülkiyyətinə keçirilməmişdir. Belə olan halda isə iddiaçı mübahisəli kredit müqaviləsi üzrə kompensasiya məbləğinin ona ödənilməsini tələb edə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2211/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Zalızadə (Şükürova) Aytac Zahid qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2211/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-786/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-786/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver