Məhkəmə qərarları › İş №2(103)-7868/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7868/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7868/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair» iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılması, qeyd olunan məsələ ilə əlaqədar olaraq iflas proseduru çərçivəsində Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüquqlarının olması, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı1 qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)-4097/2022 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(103)-6685/2022 saylı qərardadı ilə şikayətin təmin olunması, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)-4097/2022 saylı qərardadın ləğv edilməsi, iş materiallarının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair» iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadı ilə yenidən iddia ərizəsi eyni əsaslara görə geri qaytarılmışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə şikayətlə müraciət edərək Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(006)-4097/2022 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022ci il tarixli, 2(006)-4097/2022 saylı qərardadı ləğv edilmişdir. Həmçinin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(006)-4097/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair» iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçılara geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar şikayət verərək qərardadın ləğv edilməsini, iddiaşıların iddiasının mümkün hesab edilərək icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində bu iş üzrə üçüncü dəfə iddianın qəbulunda imtina edilir. Əvvəlki qərardadlarda iddia tələblərinin birgə verilməsinin qeyri-mümkünlüyü göstərilməmişdir. Belə çıxır ki, hakim qərəzli mövqe tutaraq, hər dəfə ayrı-ayrı əsaslarla iddianı istədiyi qədər geri qaytara bilər. Hesab edir ki, bunu normal vəziyyət kimi qəbul etmək olmaz. Azərbaycan Respublikası MPM-nin 267 və 395-ci maddələrinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət yazılı şəkildə qərardada qəbul etmiş məhkəməyə verilir. Həmin Məcəllənin 298 və 396-cı maddələrinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuraxıda qeyd etdiyi kimi, qərardan vəkilin elektron kabinetinə 31 oktyabr 2022-ci il tarixdə yerləşdirilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar tərəfindən birgə iddiaçılar kimi verilmiş iddiada bir-biri ilə əlaqədar olmayan iddiaçılar üzrə tələb bir iddia ərizəsində birləşdirilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarmışdır. Kollegiya, Mülki Prosessual Məcəllənin 152.1, 152.1.7-ci maddələrinin tələbinə uyğun olaraq bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsinin geri qaytarılmalı olması mövqeyi ilə razılaşsa da, qeyd edir ki, həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Belə olan halda kollegiya hesab edir ki, artıq iddia ərizəsi icraata qəbul edilmiş sayıldığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbinə dair» iddia ərizəsinin geri qaytarılması barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(006)-4097/2022 saylı qərardadı ləğv edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar