Məhkəmə qərarları › İş №2(103)-7869/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7869/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7869/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ciil tarixli 2(005)- 628/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8200 (səkkiz min iki yüz) manat pulun İddiaçı1 və 9700 (doqquz min yeddi yüz) manat pulun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2017-ci ilin yay aylarında İndoneziya və Malayziyada istirahət elmək üçün iddiaçılar “xxxxxxxxxxxxxxxxx Travel” şirkətinə müraciət edilmişdir. Həmin dövrdə sözügedən şirkətin direktoru vəzifəsində işləyən Cavabdeh İddiaçı1 tərəfindən 13200 manat məbləğində pul ödənilmişdir. Həmçinin, İddiaçı2 tərəfindən İspaniyanın İbiza və Barcelona şəhərlərindəki otellərdə, habelə ardınca Barcelona şəhərindən çıxan gəmi kruizində istirahət etmək üçün otel və aviabilet təşkili ilə bağlı 9700 manat pul Cavabdeh ödənilmişdir. Lakin, cavabdeh şəxs üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək aramızda olan razılaşmaya uyğun şəkildə heç bir otel, sığorta, aviabilet, turist istirahət paketi təşkil etməmiş və həmin pulu öz şəxsi məsrəflərinə xərcləmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh şəxs iddiaçılar kimi bir sıra şəxsləri aldatmış və dələduzluq edərək pulu mənimsəmişdir. Cavabdeh şəxs barəsində cinayət işi qaldırılmış və Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində ittiham olunmuş və nəticədə Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(006)-314/2018 saylı hökmü ilə Cavabdeh 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(006)- 314/2018 saylı hökmündən də görünür ki, cinayət işi üzrə biz zərərçəkmiş şəxs kimi tanınmış və cavabdeh tərəfindən onlara qarşı etmiş olduğu dələduzluq əməli öz təsdiqini tapmışdır. Lakin, cavabdeh tərəfindən hüquqlarını təmsil və müdafiə etdiyi şəxslərə qarşı vurulmuş maddi zərər ödənilməmişdir. Cinayət işinin gedişatında cavabdeh 5000 AZN məbləğində pulu İddiaçı1 geri qaytarmış, qalan 8200 AZN məbləğində pulu isə geri ödəməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 628/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8200 (səkkiz min iki yüz) manat məbləğində pul İddiaçı1, 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul İddiaçı2 xeyrinə tutulması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdehapelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-628/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razi deyil. Belə ki, Mülki Prosessual Məcəlləsinin 9-cu və 14cü maddələrinə əməl edilməmiş, məhkəmə onun iştirakı olmadan, işin hallarına aid izahatı alınmadan, işin hallarına aid izahatı alınmadan, sübut və dəlilləri təqdim edilmədən iddiaçıların tələbləri təmin edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan qətnaməni qəbul etməyərək qanunsuz və əsassız olduğunu qeyd etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər(Cavabdehapelyasiya şikayətində özünün qeyd etdiyi ünvana bildiriş göndərilmiş, lakin ünvan tam deyil qeyd olunaraq bildiriş geri qayıtmışdır). Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclası barədə xəbərdar olmadan işə baxılmışdır, odur ki, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair prosessual qanunvericiliyin tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(006)-314/2018 saylı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunur ki, xxxxxxxxxxxxxxxxx Travel” MMC-də direktor vəzifəsində çalışdığı dövrdə ona həm öz ailə, həm də tanışı X1 ailə üzvləri olmaqla ümumilikdə səkkiz nəfərə 2017-ci ilin 31 iyul-17 avqust tarixlərində İndoneziya və Malayziyada olan otellərdə istirahət etmək üçün otel və aviabilet təşkili ilə bağlı müraciət edən İddiaçı1 hər bir ailə üçün bu işi 13.200 manat pulun müqabilində həll edəcəyinə söz verərək aldatmış, xx xxxx 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxx" Travel MMC-nin ofisində İddiaçı1 həm ona məxsus 13.200 manat, həm də Q.İmanova məxsus 13.200 manat məbləğində vəsaitləri alaraq heç bir otel, sığorta, aviabilet, turist istirahət paketi təşkil etməmiş, bu başqa müştərilərin ödənişlərinə və şəxsi məsrəflərinə sərf edərək zərər çəkmiş şəxslər İddiaçı1 və Qalib İmanovun hər birinə xeyli miqdar təşkil edən 13.200 manat, xxxxxxxxxxxxxxxxx Travel” MMC-də direktor vəzifəsində çalışdığı dövrdə ona tanışı ilə bərabər ümumilikdə iki nəfərə İspaninın İbiza və Barcelona şəhərlərindəki otellərdə (19-xx xxxxxx 2017-ci il tarixə), habelə ardınca həyat yoldaşı ilə bərabər Barcelona şəhərindən çıxan gəmi kruizində (26 avqust - xx xxxxxxxx 2017-ci il tarixə) istirahət etmək üçün otel və aviabilet təşkili ilə bağlı müraciət edən İddiaçı2 bu işi görəcəyinə dair yalan vədlər verərək aldatmış, xx xxxx 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən şirkətin ofisində əvvəlcə ondan 4.200 manat, daha sonra gəmi kruizi ilə əlaqədar xx xxxx 2017-ci il tarixdə eyni ünvanda İddiaçı2 əlavə olaraq 5.500 manat məbləğində pulu alaraq heç bir otel, gəmi kruizi, sığorta, aviabilet, turist istirahət paketi təşkil etməmiş, əksinə olaraq ələ keçirdiyi pulu başqa müştərilərin ödənişlərinə və şəxsi məsrəflərinə sərf edərək zərər çəkmiş şəxs İddiaçı2 xeyli miqdar təşkil edən 9.700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Sonradan iddiaçılar ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. Lakin, buna baxmayaraq Cavabdeh almış olduğu pulu iddiaçılara qaytarmamışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının özünə məxsus pullarını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)- 314/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə cavabdehin əməli öz təsdiqini tapmış və onun təqsirli bilinməsinə dair hökm çıxarılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməli, Cavabdeh 8200 (səkkiz min iki yüz) manat məbləğində pul İddiaçı1 (iddiaçı etiraf edir ki, cinayət işinin gedişatında cavabdeh 5000 AZN məbləğində pulu İddiaçı1 geri qaytarmışdır), 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul İddiaçı2 xeyrinə tutulmalıdır. Apelyasiya şikayəti ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh şikayətində iddianın rədd olunması ilə bağlı hər hansı tutarlı dəlil göstərməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-628/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh 8200 (səkkiz min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı1, 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı2 xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar