Məhkəmə qərarları › İş №2(103)-7870/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7870/2022

16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7870/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 3 uşağın - xx.xx.2015-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Nəsimi RM-nin xx.xx.2020-ci il tarixli 2(006)-3958/2020 nömrəli qətnaməsi ilə atadan (cavabdehdən) ananın (iddiaçının) xeyrinə tutulan alimentin miqdarı (hər ay hər uşaq üçün 120 manat) artırılaraq hər ay hər uşaq üçün 500 manat, cəmi 1.500 manat müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat, cəmi 579 manat müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən hər bir tərəf özünün apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2020-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını artırmışdır. Artırılmış alimentin miqdarının hər ay hər uşaq üçün 193 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Uşaqların atası əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və uşaqların hər biri üçün hər ay 193 manat alimenti ödəmək iqtidarındadır. Atanın əmlak vəziyyəti bundan artıq aliment ödəməyə imkan vermir. Beləliklə, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar