Məhkəmə qərarları › İş №2(103)-7874/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7874/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7874/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5567/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından iddiaçı “X2” ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X2” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5567/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi (kiçik mübahisələr üzrə iddia ərizəsi) iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin banka məlum olan sonuncu yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin qəsəbəsi 42 halda birinci instansiya məhkəməsi bu faktı qəbul etmək istəmir. Cavabdehin əmlakı və rəsmi yaşayış yeri yoxdur. Suraxanı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, cavabdeh şəxsin məhkəmə iclasına çağrılması və ya ona iddiaçı tərəfindən verilmiş sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. Balandin 42 ünvanı inzibati binadır və Polis İdarəsinin yerləşdiyi ünvandır və heç vaxt cavabdehin sonuncu yaşayış yeri olmamışdır. Həmin ünvan cavabdehin sadəcə qeydiyyatda olduğu ünvan olmuş və cavabdeh ümumiyyətlə həmin ünvanda yaşamamışdır. Bankla cavabdeh arasında kredit müqaviləsi bağlanan anda cavabdehin inzibati binada qeydiyyatda olması halı banka məlum olmuş və cavabdehin faktiki olaraq yaşayış yeri bank tərəfindən araşdırılmamışdır. Hazırkı halda isə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətlərinin cavabdehə hansı ünvana göndərilməsi məhkəməyə aydın deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini (kiçik mübahisələr üzrə iddia ərizəsi) və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X2” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar