Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7875/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X4, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2-yə və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və evə dair qiymətləndirmənin keçirilməsi” barədə ilkin, X11 İddiaçı, X3, X7, X15 və X16 qarşı “maddi ziyanın ödənilməsi, istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Natiq Kərimov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2-yə və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab olunması, həmin evlə əlaqədar Cavabdeh2 tərəfindən qəbul edilmiş qiymətin ləğv olunması, yeni qiymətləndirmənin keçirilməsi, icra işinin dayandırılması barədə qətnamə, Cavabdeh1 və hərracı keçirən Cavabdeh2-nin əməkdaşlarının cinayət əməlləri barədə cinayət işi başlamaq haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, onunla X20 ilə arasında xx xxxxxx 2016-cı il tarixində kredit və ipoteka müqavilələri bağlanmış, kredit müqaviləsinə əsasən o, Natiq Kərimovdan 39 000 ABŞ dolları borc pul almış və həmin məbləği xx xxxxxx 2016-cı il tarixə kimi qaytarmağı öz öhdəsinə götürmüş, ipoteka müqaviləsinə əsasən özünə məxsus ünvan 1 B ünvanında yerləşən ümumi sahəsi 63,3 kv.m olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Əslində isə Natiq Kərimov tərəfindən ona hər hansı pul məbləği verilməmiş, yəni borc müqaviləsinin predmeti olan pul mövcud olmamış, kredit və ipoteka müqavilələri Natiq Kərimovun təkidi ilə bağlanılmışdır. Natiq Kərimov ümumi qiyməti 39 000 ABŞ dolları olan iki avtomaşını satmaq üçün ona vermiş, həmin avtomobillərdən biri satılmış, onun dəyəri olan 7000 ABŞ dolları Natiq Kərimova verilmiş, ikinci avtomobil isə satılmamışdır. Həmin avtomobilin satılmadığını və geri qaytarmaq istəyini bildirsə də Natiq Kərimov bundan imtina etmiş, bu səbəblə ipoteka predmeti olan evin banka girov qoyularaq pul götürülməsini xahiş etsə də, Natiq evin ipotekadan azad olunmasına razılıq verməmişdir. Aralarında ipoteka müqaviləsi bağlanan zaman razılaşmışlar ki, əgər avtomaşın satılmasa, ev banka girov qoyulmaqla pul götürüləcək və avtomobilin dəyəri ödəniləcəkdir. X33 müxtəlif bahanələrlə yayınmış, 32 000 ABŞ dollarının üzərinə faiz hesablamış və hal hazırda ondan 40 000 ABŞ dolları pul tələb edir. Bakı şəhəri 6 saylı notariat kontoru kreditin təminatı kimi ipoteka predmetinə tələbin yönəldilməsinə dair 3M-1188 saylı xx.xx.2017-ci il tarixli icra qeydi vermiş, lakin bu barədə ona xəbərdarlıq göndərməmiş, icra qeydi barədə məlumatlandırılmamışdır. Hərracın keçirilməsi barədə sifariş verən Cavabdeh1 tərəfindən də icra işi barədə ona hər hansı məlumat verilməmiş, şöbənin əməkdaşlarının hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Evlə bağlı “xxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxx 2019-cu il tarixində birinci hərrac, xx xxxx 2019-cu il tarixində ikinci hərrac keçirilmiş, hər iki hərrac baş tutmamış və ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana xx.xx.2019-cu il tarixli təklif göndərilmişdir. xxxxxxxxxxxxxxndə keçirilən hərraclar barədə İcra şöbəsi tərəfindən verilən məlumatdan sonra xəbər tutmuşdur. Keçirilmiş hər iki hərrac barədə ona hər hansı bir məlumat verilmədiyindən və hərracda iştirak etmək hüquqları pozulduğundan, hərracın nəticələri etibarsız hesab olunmalıdır. Eyni zamanda hərraca çıxarılacaq mənzilin ilkin satış qiymətinin Cavabdeh2 tərəfindən 100 000 manat müəyyən olunması və qiymətləndirmənin kim tərəfindən və hansı meyarlara əsasən keçirilməsi məlum deyil, iradəsinə ziddir, hüquqlarını kobud surətdə pozur, buna görə də qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan təşkilatlara müraciət olunmalıdır. X20 isə İddiaçı, X3, X7, X15 və X16 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd olunması, ona dəymiş 10 000 manat ziyanın ödənilməsi, İddiaçı, X2, X5, X12, X13 və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin (X21 - xx.xx.2007; X25 xx.xx.2012; X19 - xx.xx.2010) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Natiq Kərimov qarşılıqlı iddia tələblərini belə əsaslandırmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə onunla İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 3M/1188 reyestrli ipoteka müqaviləsinə əsasən ünvan 1B ünvanında yerləşən ümumi sahəsi 63,3 kv/m olan fərdi yaşayış evi İddiaçı kredit öhdəliklərinin (xx xxxxxx 2016-ci il reyestrdə 3M-1187) icrasını təmin etmək üçün onun xeyrinə yüklü edilmiş, evdə qeydiyyatda olanlar müqavilənin bağlanmasına razılıq vermiş, İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə notarius tərəfindən verilmiş icra qeydi əsasında evi adına rəsmiləşdirilərək müvafiq çıxarış almışdır. İddiaçı dəfələrlə mülkiyyətində olan mənzili tərk etməsi barədə müraciət etməsinə baxmayaraq, qanuni tələbi icra olunmur. Adı çəkilən şəxslərin evindən istifadə hüquqlarına xitam verilməsi barədə Sabunçu rayon polis idarəsinə müraciət etməsinə baxmayaraq, həmin qurumdan ona bildirilmişdir ki, onların belə bir səlahiyyəti yoxdur, bunun üçün məhkəməyə müraciət etməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunması, ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli hərracın yekunları barədə 19/01 nömrəli Protokolun və xx xxxxx 2019-cu il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Natiq Kərimov apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun müddəalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilmiş olmasını nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən Natiq Kərimov və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı nümayəndəsi (vəkili) isə ilkin iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə şikayətin əsassız olduğunu bildirmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmalarına baxmayaraq ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri Cavabdeh1, Cavabdeh2-nin və Bakı şəhəri 6 saylı notariat kontorunun nümayəndələri, habelə qarşılıqlı iddia üzrə cavabdehlər X8, X17, X22 və X23 məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin qismən təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnaməni mübahisələndirməmiş, qarşılıqlı iddiaçı isə yalnız qətnamənin göstərilən hissələrindən apellyasiya şikayəti vermişdir. Başqa sözlə qətnamə, ilkin iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv olunaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, xx.xx.2016-cı il tarixdə İddiaçıla Natiq Kərimov arasında Bakı şəhəri 6 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə qaytarmaq şərtilə Natiq Kərimovdan 52 000 ABŞ dolları borc pul almış, onların eyni tarixdə bağladıqları ipoteka müqaviləsi əsasında İddiaçı məxsus ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evi onun öhdəliklərinin icrasının təminatı olaraq Natiq Kərimovun xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 100 000 manat məbləğində qiymətləndirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən sözügedən müqavilələr üzrə xx.xx.2017-ci il tarixdə icra qeydi verilərək Sabunçu rayon icra (probasiya) şöbəsinə göndərilmiş, icra məmurunun xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən açıq hərraca çıxarılmış, adı çəkilən MMC-nin xx.xx.2019-cu il tarixdə tərəflərə göndərdiyi bildirişlə evin xx xxxx 2019-cu il tarixdə 100 000 manat qiymətlə hərraca çıxarılacağı, hərracın keçiriləcəyi tarix və vaxt barədə məlumat verilmiş, həmçinin “Birja yenilikləri” qəzetinin 08-xx xxxxxx 2019-cu il və 22-xx xxxxxx 2019-cu il tarixli buraxılışlarında müvafiq elan yerləşdirilmiş, bu hərracda ev satılmadığından xx.xx.2019-cu il tarixə təkrar hərrac təyin olunaraq tərəflərə xx.xx.2019-cu il tarixdə bununla bağlı məktub ünvanlamış və “Birja yenilikləri” qəzetinin 15-xx xxxx 2019-cu il tarixli buraxılışında müvafiq elan yerləşdirilmiş, təkrar hərrac da baş tutmadığından bununla bağlı “Birja yenilikləri” qəzetinin 05-xx xxxxx 2019-cu il tarixli buraxılışında elan dərc edilərək əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almaq istəyib-istəmədiyi məsələsinə münasibət bildirməsi üçün Natiq Kərimova xx.xx.2019-cu il tarixdə məktub göndərilmiş, bu barədə İddiaçı da məlumat verilmişdir. İşin müəyyən olunan digər halına görə, notarius tərəfindən icra qeydi verildikdən sonra İddiaçı Natiq Kərimovla bağladığı kredit və ipoteka müqavilələrinin etibarsız sayılması barədə iddia qaldırmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, Natiq Kərimov ipoteka predmetinə dair təklifi qəbul etmiş, xx xxxxx 2019-cu il tarixdə onunla hərrac təşkilatçısı (Cavabdeh2), habelə hərracın sifarişçisi arasında evin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə, yəni 63 750 manata ona satılmasına dair protokol imzalanmış və xx.xx.2019-cu il tarixdə Natiq Kərimovun adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. İddiaçı hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürdüyündən kollegiya, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmetinin açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla biləcəyi, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi, icra məmurunun ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verməsi, bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmurunun sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verəcəyi, hərracın açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.1-ci, 41.2-ci və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri, o cümlədən ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Kollegiyanın qənaətinə görə İddiaçı, ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılacağından məlumatsız olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir; çünkü yuxarıda da qeyd edildiyi kimi, notariusun icra qeydi verməsindən sonra o, müvafiq müqavilələrin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, yəni icra qeydinin mövcudluğunu bilmişdir. Onun, hərracın keçiriləcəyi tarix və vaxt barədə məlumatsız olması da inandırıcı deyildir və məlum olan ünvanına göndərilmiş bildirişlərin orada yaşamaması səbəbilə çatdırılmamasının məsuliyyəti hərrac təşkilatçısına aid edilə bilməz. İşin hallarından görünür ki, hərrac təşkilatçısı qanunla üzərinə qoyulmuş vəzifəni icra etmiş, borclunu (İddiaçı) məlumatlandırmaq üçün onun ünvanına sürətli poçt xidməti vasitəsilə bildirişlər göndərmiş, eləcə də qəzetdə elanlar yerləşdirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı ipoteka predmetinin Natiq Kərimova təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə təklif edilməsi barədə bildirişi xx.xx.2019-cu il tarixdə almışdı və belə olan halda onun, əmlakın satıldığı xx.xx.2019-cu il tarixinə qədər Natiq Kərimova olan borcunu ödəyərək ipoteka predmetinin satışına xitam verdirmək imkanı olmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə görə, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən İddiaçı müvafiq iddia tələbinin təmin edilməsi üçün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. İlkin iddia tələbi üzrə gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni də əsassız hesab edir. Belə ki, yuxarıda göstərildiyi kimi ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə Natiq Kərimovun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, həmin evdə digər şəxslərlə yanaşı, İddiaçı özü, X8, X17, X22, X23, xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2012-ci il təvəllüdlü X25, xx.xx.2010-cu il təvəllüdlü X19 qeydiyyatdadırlar və onlardan İddiaçı həyat yoldaşı olan Aygün Ələkbərova ipoteka müqaviləsi bağlanarkən əmlaka ödəniş yönəldiləcəyi təqdirdə oranı tərk edəcəyinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Adı çəkilən Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bunlardan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburu tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun xx xxxxxx 2018-ci il tarixli 1439- VQD saylı Qanunla dəyişiklik edilmiş 59.4-cü maddəsinə görə də, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış eviipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir. Məhz bu səbəblə kollegiya hesab edir ki, həmin mənzildə qeydiyyatda olan qarşılıqlı iddia üzrə cavabdehlərin (onların yetkinlik yaşına çatmayan uşaqlarının) orada mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Həmin şəxslərin müdaxiləsi nəticəsində Natiq Kərimov öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də onun qarşılıqlı iddia tələbi müvafiq hissədə təmin edilməlidir. Bununla belə kollegiya, Natiq Kərimovun “maddi ziyanın ödənilməsi” tələbini əsaslı hesab etmir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür; çünkü o, həmin tələbinin araşdırılmasına imkan verəcək hər hansı sübutu məhkəməyə tədim etməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X11 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin olunaraq ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli hərracın yekunları barədə 19/01 nömrəli Protokolun və xx xxxxx 2019-cu il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunsun. İlkin iddia tələbi həmin hissədə də təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin olunsun. İddiaçı, X2, X6, X12, X13, habelə sonuncuların azyaşlı uşaqları olan xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X18 və xx.xx.2010-cu il təvəllüdlü X9 ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onlar həmin evdən çıxarılsınlar. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları və bank xidməti xərcləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7875/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7875/2020
19.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver