Məhkəmə qərarları › İş №2(103)-7879/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7879/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7879/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kredit müqaviləsi üzrə kompensasiya verilməsi və ya faiz və dəbbə pulunun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(006)-4503/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızı cavabdehlər "xxxx" KB ASCyə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kompensasiyanın müəyyən edilərək verilməsi və ya dəbbə və faizlərin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(006)- 4503/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(006)-4503/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək şikayətdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının şikayətdən imtinası qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(006)- 4503/2021 saylı qərardadından iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının şikayətdən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar