Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7882/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə (hakim Z.Hacıyev, iş № 2(008)-13/2021) iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək baxılmamış saxlanma qərardadının ləğv olunmasını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və xahişini onunla əsaslandırmışdır ki, göstərilən tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin banka daxil olmaması və elektron məhkəmə sistemində məlumat yerləşdirilməməsi səbəbindən həmin tarixdə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edə bilməmişdir. Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardadlardan şikayətlə məhkəməyə müraciət edərək ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, 16.03.2021-ci il saat 12:30-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə banka heç bir məlumat daxil olmamış, elektron məhkəmə sisteminə heç bir məlumat yerləşdirilməmiş və SMS bildiriş göndərilməmişdir. Buna baxmayaraq, məhkəmə Banka iclasın vaxtı və yeri barədə məlumat göndərildiyini və elekron məhkəmə sisteminə məlumat yerləşdirildiyini qeyd edərək əsassız olaraq ərizənin rədd edilməsi barədə qərardad qəbul etmişdir. Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddianın baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilməsi barədə ərizəyə təkrarən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi ərizənin əsassız olması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasının 16.03.2021-ci il saat 12:30-a təyin edilməsi barədə bildirişdən görünür ki, bildiriş elektron məhkəmə sisteminə 19.02.2021-ci il tarixdə daxil edilmiş və elektron qaydada imzalanmış, 24.02.2021-ci il tarixdə isə digər tərəflə yanaşı, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çatdırılması üçün poçt qurumu vasitəsi ilə göndərilmişdir. Hazırkı ərizədə də iddiaçı ünvanı kimi bildirişin göndərildiyi ünvanı qeyd etmişdir, odur ki, iddiçının məhkəmə prosesinin 16 mart 2021-ci il tarixə təyin edilməsi barədə bildirişin çatdırılmaması və elektron qaydada sistemə yerləşdirilməməsinə dair dəllilərini məhkəmə əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi müvafiq bildirişlərin elektron qaydada sistemə yerləşdirilməməsi, sms bildiriş göndərilməməsi, həmçinin məhkəmə bildirişinin onların poçt ünvanına göndərilməməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Göründüyü kimi, müvafiq məhkəmə bildirişləri və digər sənədlər elektron qaydada sistemə yerləşdirilmişdir, lakin iddia ərizəsi elektron qaydada təqdim edilmədiyindən və İddiaçı-nin elektron kabineti mövcud olmadığından həmin bildirişləri görməsi mümkün olmamışdır. Bu halda, məhkəmə elektron sistemlə bağlı öz üzərinə düşən vəzifələri tam yerinə yetirmişdir, əksinə iddiaçının müvafiq məlumat və sənədləri görməməsi öz hərəkətsizliyindən, yəni, elektron kabinet yaratmamasından baş vermişdir. Digər tərəfdən iddiaçı ona sms bildiriş göndərilməməsinə istinad edir, halbuki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin heç birində iddiaçı tərəfə məxsus mobil nömrə qeyd edilməmişdir. Belə olan halda, iddiaçı tərəfə sms göndərilməsi mümkün deyil. Məhkəmə bildirişlərinin iddiaçının poçt ünvanına göndərilməməsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından müəyyən olunur ki, məhkəmənin müvafiq poçt bildirişlərini iddiaçının qeyd etdiyi Bakı şəhəri, Atatürk prospekti 42 ünvanına göndərilmişdir, hətta, bu, işin mübahisəsiz halıdır və heç bir şübhə doğurmur. Lakin iş materiallarında həmin sənədlərin iddiaçı tərəfə təqdim edilməsi işin hallarından aydın olmur. Məhkəmə iş materiallarına sifarişli məktubun göndərilməsi ilə bağlı müvafiq poçt çıxarışlarını əlavə etsə də, həmin çıxarışlarda məlumatlar natamam olduğundan göndərişin ünvana nə vaxt çatdırılması, kim tərəfindən qəbul edilməsi qeyri-müəyyən qalır. Belə vəziyyətdə, birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanılmasına dair qərardadı ləğv etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi bildirişlərin iddiaçının ünvanına göndərilməsinə əsaslanmaqla, onun iddiaçı tərəfə təqdim edilməsini yalnız güman etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya göndərilən bildirişlərin ona nə vaxt təqdim edilməsi və kim tərəfindən qəbul edilməsi araşdırılmadan, qiymət verilmədən, yalnız gümana əsaslanaraq ərizənin təmin edilməməsi ədalətsiz olduğundan, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddiaçının icraatın təzələnməsinə dair ərizəsi, iddiaçıya müvafiq məhkəmə bildirişinin təqdim edilibedilməməsini araşdırmaqla yenidən baxılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yalnız 08 may 2021-ci il tarixli qərardaddan Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələri ilə nəzərdə tutulmuş qaydada şikayət vermişdir. 16 mart 2021-ci il tarixli qərardaddan isə şikayət deyil, MPM-in 260.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada ləğv edilməsinə dair ərizə vermişdir. Məhkəmə yalnız ərizənin təmin edilməməsi barədə 08 may 2021-ci il tarixli qərardaddan verilmiş şikayətə baxmalı olduğu halda, həm də mülki işin baxılmamış saxlanılmasına dair 16 mart 2021-ci il tarixli qərardadın ləğvinə dair ərizəyə də şikayət kimi qiymət verməkdə və şikayət kimi baxmaqda haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddianın baxılmamış saxlanılmasına dair Sabunçu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı-nin ərizəsi (Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulmuş qaydada) baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7882/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7882/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver