Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7883/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı “müqavilənin ləğv edilməsi, cərimə və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsini və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilən artıq məbləğin, 5000 (beş min) manat cərimə məbləğinin və mənəvi zərər olaraq 3000 (üç min) manat məbləğin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh öz növbəsində qarşılıqlı iddia verərək İddiaçı 4928 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş № 2(008)-2967/21) hər iki iddia rədd olunmuşdur. Qətnamədən yalnız İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini və ilk iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 23 oktyabr 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd olunan təmir-tikinti işlərini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin ümumi məbləği bütün vergilər daxil olmaq şərti ilə 33.460 (otuz üç min dörd yüz altmış) manat təşkil etmişdir. Podratçı öhdəsinə götürmüşdür ki, mənzilin təmir-tikinti işlərini tam şəkildə təmir başlandığı gündən 90 (doxsan) gün ərzində sifarişçiyə təhvil verəcək və sifarişçi həmin məbləğin 30%-ni, yəni 10.038 (on min otuz səkkiz) manat dəyərini avans olaraq podratçıya ödəyəcəkdir. Digər 30% hissəni, yəni 10.038 (on min otuz səkkiz) manatı isə tikinti (bölgü, hörgü) tavan, elektrik və su xətlərinin çəkilişi və suvaq işləri bitdikdən sonra ödəniləcəkdir. Digər 20% hissəni, yəni 6692 (altı min altı yüz doxsan iki) manat üzlənmə (boyama, divar kağızı, kafel metlaq və.s) elektrik açarlarının və yuvalarının qurulması, sanitar qovşağının tam hazırlanması bitdikdən sonra ödəniləcəkdir. Qalan 20% hissə isə, yəni 6692 (altı min altı yüz doxsan iki) manat döşəmə, qapı quraşdırması, və 1 saylı əlavədə göstərilmiş bütün aksesuarların yerləşdirilməsindən və təhvil verilməsindən sonra ödəniləcəkdir. Eyni zamanda ödənişlər hər iki tərəfdən təsdiq edilmiş təhvil-təslim aktları əsasında həyata keçiriləcəkdir. Müqavilənin 5.3-cü bəndinə əsasən Podratçı 1 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə müəyyən olunmuş ümumi dəyərin 0,03 (sıfır tam yüzdə üç) faizi məbləğində Sifarişçiyə cərimə ödəyir. Eyni zamanda həmin cərimə məbləği Sifarişçi tərəfindən Podratçıya ödənilən məbləğdən tutula bilər. Həmçinin Müqavilənin 5.5-ci bəndinə əsasən Podratçı aşağıda göstərilən şərtlərə əməl etmədikdə, Sifarişçinin bu Müqaviləyə birtərəfli qaydada xitam vermək və razılaşdırılmış məbləği ödəməmək hüququ yaranır. 5.5.1-ci maddəsinə əsasən 5-ci bəndə əsasən Podratçı qüsurlu işlər təhvil verdikdə (qüsurları aradan qaldırmaq mümkün olmayan hallara şamil olunur). 5.5.2-ci bəndinə əsasən Podratçı 1 saylı Əlavədə qeyd olunmuş işlərin təhvil verilmə müddətini gecikdirdiyi halda. İddiaçı müqavilə üzrə üzərimə götürdüyü öhdəlik onun tərəfindən yerinə yetirilərək 10.000 (on min) manat məbləğ 30 oktyabr 2020-ci il tarixdə Podratçıya ödənilmişdir. Daha sonra 10.072 (on min yetmiş iki) manat 21 dekabr 2020-ci il tarixdə Podratçının hesabına ödənilmişdir. Podratçı mənzili ona təmir başlandığı gündən, yəni, 23 oktyabr 2020-ci il tarixdən 90 (doxsan) gün ərzində son günü 23 yanvar 2021-ci il tarixdə təhvil verməli idi. Lakin buna baxmayaraq tərəfindən Podratçıya dəfələrlə müraciət etməyinə baxmayaraq Podratçı ona mənzili təhvil verməmiş və ödədiyi məbləği də geri qaytarmamışdır. Podratçı ilə onun arasında Podrat müqaviləsinə 12 dekabr 2020ci il tarixdə 2 saylı Əlavə edilərək razılığa gəlinmişdir ki, Müqavilənin 5.3-cü bəndi aşağıdakı yeni redaksiyada verilsin. 5.3-cu bəndinə əsasən Podratçı 1 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində işləri tam bitirib təhvil vermədikdə o, həmin müddətin sonuncu günündən etibarən 10 (on) gün ərzində Sifarişçiyə 5.000 (beş min) manat cərimə ödəməlidir. Həmin cərimə məbləği Sifarişçi tərəfindən Podratçıya ödənilən məbləğdən tutula bilər. Bütün bunları və müvafiq qanunvericilik müddəalarını nəzərə alaraq İddiaçı tərəfindən Podratçıya 04 fevral 2021-ci il tarixdə 23 oktyabr 2020-ci il tarixli Podrat Müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmişdir. 04 fevral 2021-ci il tarixədək Podratçı tərəfindən aşağıda qeyd etdiyi işlər görülmüşdür. Tikinti, bölgü və hörgü işləri, Tavana alçipan vurulması, Elektrik və su xətlərinin çəkilişi (xəttlər çəkilib ancaq təhvil verilməyib), Suvaq işləri, Kafel-metlax işləri yarımçıq (divara vurulub, araları lazımi məmulatlarla doldurulmayıb), Döşəmə üçün reykalar atılıb və üzərinə dikt vurulub (dikt zəif olduğundan sifarşiçi yenidən düzəltdirmişdir), Paduqa işləri yarımçıq görülüb. Yuxarıda qeyd etdiyi işlərin Podratçı tərəfindən görülməsi üçün Podratçı ən çox 15.000 (on beş min) və ya 16.000 (on altı min) manat xərc çəkibdir, mənzilin vaxtında təhvil verilməməsi səbəbindən o, əlavə olaraq maddi xərcə düşmüşdür. Eyni zamanda 23 oktyabr 2021-ci il tarixli Podrat müqaviləsinə dair xərclər smetasının təqdim edilməsinə dair 26 fevral 2021-ci il tarixində tərəfindən pretenziya göndərilərək müqavilənin 5.5-ci bəndini və müqaviləyə əlavələri rəhbər tutaraq Podratçıya bunları bildirmişdir: Onun tərəfindən 30.10.2020-ci il tarixində sizin şirkətə 10.000 manat avans olaraq ödəniş edilmişdir, bundan əlavə 21.12.2020-ci il tarixdə ikinci mərhələnin təhvil-təslimi bitdikdən sonra onun tərəfindən həmin tarixdə 10.072 manat ödəniş edilmişdir. Həmçinin, Müqavilənin 1 saylı Əlavəsində qeyd edildiyi kimi təmir işlərinə başlandığı gündən 90 (doxsan) gün müddətində siz Cavabdeh olaraq təmir işlərini bitirib evi təhvil verməliydiniz. Təmir işlərinin bitməsi vaxtı 23.01.2021 -ci il tarixinin qeyd edilməsinə baxmayaraq 04.02.2021-ci il tarixində ikinci hissənin təhvil-təslimi belə olmamışdır. Beləliklə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı podratçıdan xahiş etmişdir ki, Cavabdeh-yə ödədiyi 20.072 (iyirmi min yetmiş iki) manat məbləği və 2 saylı Əlavədə göstərilən 5000 (beş min) manat təzminatın məbləğinin nəzərə alıb xərclər smetasını təqdim edərək qalıq məbləğin ona qaytarılmasını təmin etsin. Bütün bunlara baxmayaraq podratçı tərəfindən İddiaçınyun bildiriş və pretenziyalarına hər hansı rəsmi münasibət bildirilməmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Müqavilənin 1 nömrəli əlavəsində təhvil müddətinin təmirə başlandığı gündən etibarən 90 gün nəzərdə tutulur. Təmirə başlanılan gün 09.11.2020-ci il tarixidir və müddət olaraq həmin tarixdən etibarən hesablansa evin təhvil verilmə vaxtı 09.02.2021-ci il tarixidir. Həmin tarixə qədər də həftənin şənbə və bazar günləri, bayram günləri (ümumi 27 gün) mənzilin yerləşdiyi binanın rəhbərliyi mənzildə təmir işlərinin aparılmasına icazə verməyib. Ümumi 27 gün təmir işlərinə icazə verilmədiyi üçün işlər görülməyib və belə olan halda AR MM-nin 448.4cü maddəsinin tələbinə əsasən podratçı məsuliyyət daşımır. Lakin 04 fevral 2021-ci il tarixində iddiaçı müqavilədən imtina etdiyini və işlərin görülməsinə yeni ustalar cəlb etdiyini bildirmişdir. Ona görə də cavabdeh işləri davam etdirə bilməmişdir. Müqavilə şərtləri Cavabdeh tərəfindən pozulmamış, əksinə müqavilə üzrə öhdəliklərin icra edilməsinə İddiaçı tərəfindən maneələr törədilmişdir. (AR MM 446.1-ci maddəsi) Belə ki, İddiaçı Cavabdeh-yə məxsus ustalarla işi daha ucuz məbləğə davam etdirərək müqavilənin icrasından yayınmış və evin qalan işlərini onlara təmir etdirmişdir. İddiaçı müqavilənin ləğvini məhkəmədən xahiş edir. Lakin qanuvericilikdə müqavilənin ləğvinin konkret əsasları nəzərdə tutulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən (MM 421-ci maddə) müqavilə tərəflərdən biri müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Hazırkı halda müqavilənin Cavabdeh tərəfindən pozulması və ya əhəmiyyətli dərəcədə pozulması hər hansı bir sübutla müəyyən olunmur. AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən müqavilənin şərtlərinin tərəfimizdən pozulması halına dair sübutetmə yükü İddiaçı üzərinə düşür, lakin İddiaçı həmin halın mövcud olması barədə məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan əlavə, İddiaçı cərimənin ödənilməsi ilə bağlı 12.12.2020-ci il tarixli əlavəyə istinad edir. Həmin əlavədə qeyd olunmuşdur ki, 1 saylı Əlavədə müəyyən olunmuş müddət ərzində işlər bitib tam təhvil verilmədiyi müddətdə 5000 manat cərimə ödənilməsini öhdəsinə götürür. 1 saylı Əlavədə müəyyən edilmiş müddət bayram günləri və istirahət günləri ilə bağlı işlənilməyən günləri nəzərə almadan 09 fevral 2021-ci il tarixinə düşür, həmin günləri nəzərə alsaq isə müddət mart ayının ortalarına qədər uzanır. Lakin 04 fevral 2021-ci il tarixində İddiaçı özü müqavilədən imtina edib və podratçının mənzildə işləməsinə icazə verməyib. Hər bir halda müqavilə üzrə öhdəliklərin icra edilməməsi üçün İddiaçı məsuliyyət daşıyır. Ona görə də həmin məbləğin tələb edilməsi əsassız və qanunsuzdur. Digər tərəfdən tərəflər arasında imzalanmış podrat müqaviləsində ikinci mərhələnin bütün işləri (üzlənmə, boyama, divar kağızı, kafel, metlax və s.), elektrik açarları və yuvalarının qurulması, sanitar qovşağının tam hazırlanması ) görülüb qurtarıb və həmin işlərin görülməsindən sonra İddiaçı podratçıya 6692 manat məbləğində ödəniş etməli idi. Məhz həmin ödənişdən sonra podratçı işlərə davam etməli idi. Lakin İddiaçı həmin ödənişi etmədiyinə görə və müqavilədən imtina etdiyinə görə müqavilənin icrası mümkün olmamışdır. Podratçı mənzili təmir etmiş və mənzilə təxminən 25 000 manata qədər xərc (mal-material və dizayn daxil olmaqla) çəkmişdir. Lakin Sifarişçi həmin xərcdən cəmi 20 072 manat məbləğini ödəmiş, qalıq məbləğ ödənilməmişdir. Ona görə də hesab edir ki, 4928 manat məbləğində pul İddiaçı tutulub Cavabdehyə ödənilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə oxşar məzmun təşkil edən apellyasiya şikayətini Mülki Məcəllənin 324.1, 389.1, 385.1-ci və s. maddələri ilə əsaslandırmış və göstərmişdir ki, məhkəmə şahid ifadələrini təhrif etmiş, təqdim edilmiş arayışa əhəmiyyət verməmişdir. Halbuki, bütün bunlar işin əsas mahiyyətini təşkil edir. Hər iki şahid məhkəmədə qeyd etmişlər ki, onlar mənzilin təmir işinə 27 oktyabr 2020-ci il tarixdə başlamışlar. Eyni zamanda onlara bina rəhbərliyi tərəfindən təmirə qadağa qoyulmamışdır. Lakin, həftənin bazar və qeyri-iş günləri sayılan bayram günlərində səsli və ağır təmir işlərinə məhdudiyyətin qoyulması bildirilmişdir. Bu da öz növbəsində 27 gün təmir işlərinin görülməməsi anlamına gəlmir. Əlavə olaraq onun tərəfindən Cavabdeh-yə 20072 AZN rəsmi ödənilməyinə baxmayaraq qarşı tərəf mənzilin təmirinə 25000 AZN vəsaitin xərcləndiyini bildirmiş, hakim isə bu vəsaitin smetasını tələb etməkdən boyun qaçırmışdır. Vəkili dəfələrlə bu barədə sorğu verməsinə, vəsatət qaldırmasına baxmayaraq hakim qarşı tərəfdən xərclənmiş vəsaitin açıqlamasını tələb etməmişdir. Bundan əlavə müqaviləyə 1 saylı əlavənin hakim tərəfindən görməzdən gəlməsi onda bir vətəndaş olaraq hakimin ədalətli olmağında ciddi şübhələr yaratmışdır. Hakim ümumiyyətlə təqdim edilən kifayət qədər sübutların olmasına baxmayaraq Cavabdeh-nin tərəfini saxlamışdır. Onun tərəfindən cavabdehin hesabına 10000 manat vəsait 30 oktyabr 2020-ci il tarixdə ödənilmişdir. Bu da sübutdur ki, mənzildə təmir işlərinə oktyabr ayının 27-də başlanılmışdır. Eyni zamanda əgər mənzildə təmir işlərinin görülməsi barədə belə bir qadağa var idisə, bununla bağlı ona podratçı tərəfindən müraciət olunmalı idi. Halbuki, bu barədə ona məlumat verilməmişdir. İddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı tərəfindən ilk iddianın rədd olunması hissəsində mübahisələndirilmişdir. Qətnamənin qarşılıqlı iddia ilə bağlı hissəsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız ilk iddianın rədd olunması hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ilkin iddianın 5000 manat cərimə borcunun tutulması tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, ilk iddiaçının tələbi üç hissədən ibarətdir: - tərəflər arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi; - iddiaçı tərəfindən Cavabdeh-yə ödənilmiş artıq məbləğin, 5000 manat cərimə məbləğinin tutulması; - mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğin cavabdehdən tutulması. Birinci instansiya məhkəməsi ilk iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası müqavilənin ləğvi ilə bağlı iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli podrat müqaviləsinin 4.1.8-ci bəndi ilə sifarişçiyə podratçını əvvəlcədən xəbərdar etməklə iş(lər)i tam yerinə yetirənədək Podratçıya iş(lər)in icra edilmiş hissəsinin (müvafiq təhvil sənədi əsasında) haqqını verməklə müqaviləyə xitam vermək hüququ verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli müqavilənin xitam verilməsinə dair bildirişin surətindən görünür ki, sifarişçi İddiaçı 04.02.2021-ci il tarixdən birtərəfli olaraq podrat müqavilsinə xitam vermişdir. Onu da qeyd etmək zəruridir ki, tərəflərin izahatından, habelə şahid ifadələrindən də göründü ki, müqavilənin ləğvinə dair bildirşi alan X4 MMC sifarişçi tərəfindən müqavilənin ləğvinə dair göndərilmiş bildirişi aldıqdan sonra podrat müqaviləsi üzrə işləri icra etməyi dayandırmış, bununla da podrat müqaviləsinin sifarişçi tərəfindən ləğv edilməsinə şifahi qaydada öz razılğını bildirmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, 23.10.2020-ci il tarixdə bağlanımış podrat müqaviləsinə 04.02.2021-ci il tarixdən xitam verilidiyindən yenidən həmin müqavilə məhkəmə qaydasında ləğv edilə bilməz. Məhkəmə kollegiyası bununla yanaşı iddianın cavabdehdən 5000 manat cərimə məbləğinin tutulmasına dair hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 23 oktyabr 2020-ci il tarixli Podrat müqaviləsinə Əlavə N1dən müəyyən olunur ki, əmlakın təhvil müddəti təmirə başlanıldığı gündən etibarən 90 gün nəzərdə tutulur. X2 12 dekabr 2020-ci il tarixli Əlavə N 2-dən müəyyən olunur ki, Podratçı 1 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində işləri tam bitirib təhvil vermədikdə, o, həmin müddətinin sonuncu günündən etibarən 10 gün ərzində Sifarişçiyə 5000 AZN cərimə ödəməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2-ci bəndində təmir məbləğinin mərhələli şəkildə ödənilməsi nəzərdə tutulmuşdur. İlk iddiaçı tərəfindən pul vəsaitləri iki mərhələdə ödənilmişdir. Cavabdeh birinci mərhələ üzrə işləri tamamlayıb təhvil versə də, 90 gündən çox müddət keçməsinə baxmayaraq ikinci mərhələ üzrə işləri təhvil verməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən əvvəlcədən xəbərdar edilməklə müqaviləyə xitam verilmişdir. Göründüyü kimi, təmirin vaxtından keçməsi, gecikdirilməsi və müqaviləyə xitam verilməsi cavabdehin təqsirindən baş vermişdir. Cavabdeh müqavilə üzrə işlərin görülməsinin və təhvil verilməsinin gecikdirildiyini etiraf etsə də, bunun onun yox, iddiaçının özünün təqsirindən baş verməsi, eləcə də istirahət günlərində binada təmir işlərinə icazə verilməməsi ilə izah etmişdir. Lakin cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddət ərzində işləri tam bitirib təhvil vermədiyindən 12 dekabr 2020-ci il tarixli Əlavə N2-də nəzərdə tutulmuş 5000 manat cəriməni ödəməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən Cavabdeh-yə ödənilmiş artıq məbləğlə bağlı iddiaya münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh-yə artıq məbləğ ödəməsi ilə bağlı apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin yuxarıda göstərilən əsasları 3000 manat məbləğində mənəvi zərər tələbi ilə bağlı iddiaya münasibətdə də qeyd edir və bildirir ki, bu hissədə də iddia tələbi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərlə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, iddiaçının cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı keçirməsi, həmin iztirab və ya sarsıntının nədən ibarət olması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslara görə artıq ödənilmiş məbləğin geri qaytarılması və mənəvi zərərin tutulması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Cavabdehə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilə bilən hissəsi 5000 manat cərimə tutulması hissəsi olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə əsasən qətnamə cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilə bilməz. İlk iddia podrat müqaviləsinin ləğv edilməsi, artıq ödənilmiş məbləğin və mənəvi zərərin əvəzinin tutulması hissələrində təmin olunmadığından iddiaçı qətnamənin həmin hissələrindən kassasiya şikayəti verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi qismən - İddiaçı Cavabdeh-ə qarşı 5000 manat cərimə ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. 5000 (beş min) manat cərimə məbləği Cavabdeh-dən alınaraq İddiaçı ödənilsin. Qətnamə ilk iddianın mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7883/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7883/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver