Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7885/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 2417/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-735/20 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılmasını və həmin məbləğin hər ay cavabdehin əmək haqqının dörddə bir hissəsi miqdarında müəyyən olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-2417/20) iddia təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-735/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, tutulan alimentin miqdarı artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X6 dünyaya gəlmiş, ailə münasibətləri pozulduöu üçün cavabdehlə boşanmış, nikah pozularkən yetkinlik yaşına çatmayan övladının saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqların indiki çətin bir zamanda saxlanılmasının nə qədər çətin olduğununu subut etməyə ehtiyac belə yoxdur. Cavabdehin kifayət qədər gəliri var, hal-hazırda onda olan məlumata görə cavabdeh “X8” şirkətində işləyərək 2300-2400 manat əmək haqqı alır. Hal-hazırda onun verdiyi alimentin miqdarı uşağın saxlanması üçün kifayət etmir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildə X3 ilə yeni ailə həyatı qurmuş və həmin nikahdan iki övladları -2011-ci il təvəllüdlü X7 və 2016-cı il təvəllüdlü X9 anadan olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının artırılması bilavasitə digər uşaqların əvvəlki təminatının səviyyəsinin əsaslı dərəcədə aşağı düşməsinə səbəb olacaq. Mülki məhkəmə icraatı zamanı cavabdehin himayəsində olan X4 psixo-nitq inkişaf pozuntuları ilə bağlı xəstəlikdən əziyyət çəkdiyinə dair sübutların təqdim olunması üçün məhkəmə baxışının təxirə salınması barədə cavabdeh tərəfindən vəsatətin verilməsinə baxmayaraq, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Belə ki, xəstə uşağın müayinəsi və müalicəsi üçün vaxtaşırı olaraq xeyli miqdarda maliyyə vəsaitinin xərclənməsi tələb olunur. Həmçinin, onun “xxxxxxxxxxxxxxx” ASC qarşısında kredit öhdəliyi vardır və o, xx xxxxxx 2034-cü il tarixədək hər ay kredit ödənişi həyata keçirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarının və sübutların araşdırılaraq tədqiq olunmasına şərait yaradılmamışdır. Qətnamənin ləğv olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili F.Fərəcov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsi rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsi və vəkili F.Fərəcovun izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 170 (yüz yetmiş) manat müəyyən edilmişdir. Elektron sorğu əsasında alınan məlumatdan görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü işləyir və əmək haqqı 2386,37 manatdır. İddiaçının tələbi alimentin miqdarının artırılması barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1-ci maddələrini rəhbər tutaraq və cavabdehin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü işləməklə 2386 manat əmək haqqı aldığını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin olunan alimentin miqdarı dəyişdirilməlidir. Apelyatorun mövqeyinə görə birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etmişdir. Apelyasiya şikayətinin dəlilləri aşağıdakılardır: - yenidən ailə qurması və yeni nikahdan iki övladının olması, aliment dəyişdiriləcəyi halda onların təminatının aşağı düşdüyü; - ikinci nikahdan olan oğlu Fuad Talıbovun psixo-nitq inkişafı pozğunluğundan müayinə və müalicə olması, buna çox vəsait xərcləndiyi; - kredit müqaviləsinə əsasən 2034-cü ilə qədər hər ay 685 dollar pul ödəməsi. Cavabdeh apelyasiya şikayətinə oğlu Fuad Talıbovun psixo-nitq inkişafı ləngliyi diaqnozu qoyulmasına dair X5 arayışını, onun “Loqos” psixoloji nitq inkişaf mərkəzində terapiya keçməsi barədə arayışı, xx xxxxxx 2020-ci il tarixə “xxxxxxxxxxxxxxx” ASC-yə 87441.87 ABŞ dolları borcu olmasına dair arayışı, hər ay 675.57 ABŞ dolları ödəməsini təsdiq edən xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin surətini təqdim etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası cavabdehin iş yeri barədə elektron sorğu göndərmiş və cavabdehin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləməklə 2386 manat 37 qəpik əmək haqqı aldığını müəyyən etmişdir. Göründüyü kimi, cavabdehin müvafiq MMC-də əmək müqaviləsi əsasında işləyərək 2386.37 manat məbləğində əmək haqqı alması tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin başqa nikahdan daha iki övladının olması, onların təminatı və xərcləri birinci nikahdan olan Mehdi Talıbovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasına mane ola bilməz. Belə ki, cavabdeh hazırda həmin iki övladı ilə birlikdə yaşayır və onlara görə aliment ödəmir. Cavabdeh atadır və bir valideyn kimi hər bir övladına fərq qoymadan diqqət və qayğı göstərməlidir. Həmçinin, yetkinlik yaşına çatmayan Mehdi Talıbovun anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşağın atasının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır. Cavabdehin kredit ödəməsinə gəldikdə isə, həmin kreditin təyinatı, həmin vəsaitin xərclənməsi məhz ikinci ailənin və digər övladlarının rifahı ilə bağlı olduğundan, bu yetkinlik yaşına çatmayan M.Talıbovu zəruri qayğı və diqqətdən məhrum edə bilməz. Ümumiyyətlə, cavabdeh alimentin qazancının ¼ hissəsindən tutulmasına etirazını yalnız ikinci ailəsinin olması, onlara baxması və onların rifahı naminə düşdüyü kredit borcu ilə əsaslandırmışdır ki, bunların da heç birinin yetkinlik yaşına çatmayan M.Talıbova aidiyyəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya da qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci bəndinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7885/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7885/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver