Məhkəmə qərarları › İş №2(103)-7885/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7885/2021

19.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7885/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndələri (vəkilləri) Vəkil2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və ödənilmiş kompensasiyanın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (MMC) Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC və Cavabdeh2 arasında bağlanmış 27.08.2016-cı il tarixli, Cavabdeh1 arasında bağlanmış 31.03.2017-ci il tarixli, Cavabdeh3 arasında bağlanmış 30.06.2016-cı il tarixli “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilələrin etibarsız hesab olunması, Cavabdeh2 8431,18 (səkkiz min dörd yüz otuz bir, 18 qəpik) manatın, Cavabdeh1 4444 (dörd min dörd yüz qırx dörd) manatın, Cavabdeh3 isə 7200 (yeddi min iki yüz) manatın MMC-nin xeyrinə tutulması varədə qətnamə çıxarılmasını xahiş etmişdir. MMC iddia tələblərini belə əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə 27.08.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək MMC-yə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binaın İ blokunun 4-cü mərtəbəsindəki 27 nömrəli 1 (bir) otaqlı, ümumi sahəsi 52,10 kv.m olan tam kommunal şəraitli mənzilin Cavabdeh2 verilməsi; Cavabdeh1 ilə bağlanan 31.03.2017-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən binanın sökülərək MMC-yə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binanın İ blokunun 6-cı mərtəbəsindəki 47 nömrəli, 2 (iki) otaqlı, ümumi sahəsi 53,58 kv.m olan tam kommunal şəraitli mənzilin Cavabdeh1 verilməsi; Cavabdeh3 ilə bağlanan 30.06.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən binanın sökülərək MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 (bir) otaqlı, tam kommunal şəraitli mənzilin Cavabdeh3 verilməsi barədə razılaşma olmuş, müqavilələr əsasında cavabdehlərə müvəqqəti yaşayışlarını təmin etmək üçün aylıq 300 (üç yüz) manat olmaqla aylıq kirayə haqqı ödənilmişdir. Qeyd edilən ünvanda “Komfort” yaşayış kompleksi tikilən ərazidə köçürülən sakinlərin dəqiq siyahısının müəyyənləşdirilməsi və bu ərazidə istifadəsində və ya mülkiyyətində yaşayış sahəsi olmayıb, lakin sakin kimi özlərini təqdim edən şəxslərin müəyyən edilməsi məqsədilə MMC-nin baş direktorunun “Xüsusi komissiyanın yaradılması haqqında” əmri əsasında komissiya yaradılmış, komissiya araşdırmalar aparmış və müəyyən olunmuşdur ki, cavabdehlərin heç biri müqavilərdə göstərilən ünvanda yerləşən sahədə yaşamamış, qeydiyyatda olmamış və ümumiyyətlə yaşayış kompleksi tikilən ərazidə hər hansı yaşayış sahəsi istifadələrində və ya mülkiyyətlərində olmamışdır. Tərəflər arasında bağlanan müqavilələrin 2-ci bəndinə əsasən sakinin mənzildən köçürüldüyü gün təhvil-təslim aktının imzalandığı gün hesab edilir. Yəni müqavilə hüquqi qüvvəsini həmin gün almış olur. Lakin cavabdehlərlə heç bir təhvil-təslim aktı imzalanmamışdır və həmin sahədə onlara məxsus mənzil olmasını təsdiq edən sənəd (sübut) yoxdur. Eyni zamanda tərəflərindən ərazi üzrə Nizami Rayon 141 saylı Mənzil Kommunal İstismar Sahəsinə, "xxxx" ASC-nin Nizami RETSİ-nə, "xxxx" ASC-nin Nizami Rayon Sukanal İdarəsinə, “Azəriqaz” İstehsalat Birliyinə verilən sorğulara cavab olaraq bildirilmişdir ki, cavabdehlərin heç birinin müqavilələrdə qeyd edilən ünvanla bağlı heç bir əlaqələri olmamış, orada yaşamamış, qeydiyyatda olmamışlar. Bütün bunlar isə ona dəlalət edir ki, tərəflər arasında müqavilələr aldatma yolu ilə bağlanılmışdır və əhəmiyyətsiz əqd hesab edilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 nümayəndələri, habelə Cavabdeh3 nümayəndəsi ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv, iddia tələblərinin isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlər məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilik normalarını düzgün tətbiq etmədiyi, iddiaçının iddia müddətini ötürmüş olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırılmışdır. Cavabdeh3 apellyasiya baxışında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisələndirilən müqavilələri İddiaçı MMC-nin adından MMC-nin direktoru Fərid Qəhrəmanov imzalamış, iddia ərizəsi MMC-nin İdarə Heyətinin sədri Ruslan Məmmədov tərəfindən verilmiş, beləliklə də iddia tələbini hüquq sahibi olan şəxsin irəli sürüb-sürmədiyi qeyri-müəyyən qalmışdır. İşin hallarından görünür ki, müqavilələrin bağlanmasını tikinti işlərini aparan iddiaçı MMC təklif etmişdir və əgər aldadılma varsa, bu aldatma təklif edən tərəfindən qaynaqlanmışdır. Cavabdeh3 ilə bağlanmış müqavilə notarial qaydada təsdiq olunmuşdur, bu isə o deməkdir ki, müqavilə bağlanan zaman notarius tərəfindən müqavilə şərtləri və hüquqi nəticəsi tərəflərə izah edilmişdir. Mübahisəsiz hal ondan ibarətdir ki, müqaviləni bağlamış MMC-nin direktoru anlaqlı şəxsdir və bu səbəblə də bağladığı müqavilənin mahiyyətini anlayaraq imzalamışdır. Bundan başqa, MMC-nin direktoru Fərid Qəhrəmanov, MMC-nin təsisçisi kimi təqdim olunan Ruslan Məmmədov və iş icraçısı Ceyhun adlı şəxslər mübahisə edilən müqavilə bağlanmamışdan əvvəl Cavabdeh3 və digərlərinə məxsus mənzillərə baxış keçirərək yoxlamış, ölçülər aparmış, evin mövcudluğu və evə və əraziyə baxış keçirilməsi barədə video görüntü çəkmişlər. Bu video görüntülər iş materiallarına əlavə olunmuşdur və məhkəmənin onlara qiymət verməməsi kobud qanun pozuntusudur. Digər tərəfdən, Cavabdeh3 ilə bağlanmış müqavilədən 4 (dörd) ildən artıq vaxt keçdikdən sonra iddia qaldırılması iddia müddətinin buraxılması deməkdir. Nəzərə alınmalıdır ki, Cavabdeh3 2 (iki) il müddətində kirayə haqqı ödənildikdən sonra bu ödənişin verilməsi dayandırılmış, Cavabdeh3 mənzilin verilməsini və kirayə haqqının ödənilməsini tələb etdikdən sonra MMC 18 fevral 2019-cu il tarixli məktubla müqaviləyə xitam verdiyini bildirmiş, bundan 1 (bir) il 6 (altı) ay sonra isə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Beləliklə, MMC-nin vəzifəli şəxsləri vəzifələrindən sui-istifadə edərək cavabdehləri mübahisə edilən müqavilələri bağlamağa vadar etmiş, onlara məxsus evləri söküb yerində coxmənzilli bina tikdikdən sonra onlara verilməli olan mənzilin verilməsindən və ödənilməli olan kirayə haqqını ödəməkdən boyun qaçırmışlar. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən yaşayış binasında məhdud kommunal şəraitli mənzildə qeydiyyatsız yaşamış, yaşadığı mənzilin qaz, işıq və su təminatı qonşuların ümumi kommunikasiya xətti hesabına həyata keçirilmiş, bu səbəblə onun adına ayrıca abonent müqaviləsi mövcud olmamış, bina sökülən zaman “İnteks" MMC-nin nümayəndələri tərəfindən hər bir sakinlə, o cümlədən Cavabdeh2 ilə fərdi danışıqlar aparılmış, danışıqların nəticəsi olaraq onunla müvafiq müqavilə bağlanmışdır. Cavabdeh1 münasibətdə isə qeyd olunmalıdır ki, onunla müqavilə bağlanmamışdan əvvəl “İnteks" MMC tərəfindən ona maliyyə arayışı verilmiş, arayışda göstərilmişdir ki, onun, ünvan 5 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan, ümumi sahəsi 52.1 kv.m olan 1-ci blok, 4-cü mərtəbədə yerləşəcək 27 nömrəli mənzilə görə MMC-yə heç bir borcu yoxdur. Qeyd olunan sənədlər rəsmiləşdirildikdən sonra, cavabehin mənzildən köçürülməsi həyata keçirilmiş, ona məxsus mənzil sökülmüş və başqa yerdə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Bina söküldükdən 4 il sonra belə bir tələb irəli sürülməsi absurddur və heç bir hüquqi əsası yoxdur. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, əqdlərin etibarsızlığı ilə bağlı müddət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, 17.05.2002-ci il tarixdə qeydiyyata alınmış İddiaçı MMC ilə X7 arasında 27.08.2016-cı il tarixdə “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 yaşadığı ünvan 6 ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada İ blok, 4-cü mərtəbədəki 27 nömrəli, 1 (bir) otaqlı, ümumi sahəsi 51,10 kv.m təşkil edən tam kommunal şəraitli mənzilin Cavabdeh2 verilməsi razılaşdırılmış, həmin mənzil üçün onun MMC-nə borcunun olmadığına dair maliyyə arayışı verilmişdır. İşin müəyyən olunan digər halına görə, İddiaçı MMC ilə X9 arasında “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə 31.03.2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən binanın sökülərək MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 blokun 6-ci mərtəbəsindəki 47 nömrəli, 2 (iki) otaqlı, ümumi sahəsi 53,58 kv.m təşkil edən tam kommunal şəraitli mənzilin X4 verilməsi razılaşdırılmış, həmin mənzil üçün onun MMC-nə borcunun olmadığına dair maliyyə arayışı verilmişdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, MMC ilə Cavabdeh3 arasında 30.06.2016-ci il tarixdə “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə notarial təsdiqli müqavilə bağlanmış, müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən binanın sökülərək MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 (bir) otaqlı, tam kommunal şəraitli mənzilin Cavabdeh3 verilməsinə dair razılaşma olmuşdur. İş materiallarından və verilən izahatlardan aydın olur ki, tərəflər arasında iddiaçı MMC-nin cavabdehlərə, onların yeni mənzillə təmin olunmalarına qədər aylıq kirayə haqqı ödəniləcəyi barəsində də razılaşma olmuş, sözügedən müqavilələr bağlandıqdan sonra Cavabdeh2 8431,18 (səkkiz min dörd yüz otuz bir manat 18 qəpik) manat, Cavabdeh1 4444 (dörd min dörd yüz qırx dörd) manat, Cavabdeh3 isə 7200 (yeddi min iki yüz) manat məbləğində vəsait ödənilmişdir. İddiaçı MMC, yaradılan komissiyanın apardığı araşdırmalarla cavabdehlərin heç birinin müqavilələrdə qeyd edilən ünvanla əlaqələrinin olmadığının, orada yaşamadıqlarının və qeydiyyata alınmadıqlarının müəyyənləşdirildiyini, beləliklə də onlarla müqavilələrin aldatma yolu ilə bağlanılmaqla əhəmiyyətsiz əqd olduğunu irəli sürərək tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə istinad etdiyindən, kollegiya həmin müddəa, habelə əlaqədar qanunvericilik müddəaları çərçivəsində təhlil apararaq mübahisələndirilən müqavilələrin hüquqi qüvvəsini bu konteksdə qiymətləndirməyi zəruri hesab edir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). İddiaçı MMC-nin birinci instansiya məhkəməsinə təqdim etdiyi sübütlarla müəyyən olunmuşdur ki, cavabdehlər mübahisələndirilən müqavilələr əsasında sökülməsi nəzərdə tutulan ünvanlar üzrə kommunal xidmətlər göstərən təşkilatların ("xxxx" ASC-nin, “Azəriqaz” İB-nin, "xxxx" ASC-nin) abonentləri olmamış, 141 saylı MKİS-nin məktublarında həmin ünvanlarda onlara aid yaşayış sahələrinin olmadığı və orada yaşayıb-yaşamamları barədə məlumat aşkar edilmədiyi göstərilmiş, dislokasiya cədvəllərində cavabdehlərin və ailə üzvlərinin adları qeyd olunmamışdır. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Öysüzlü kəndində, Cavabdeh2 ünvan 8 ünvanında, Cavabdeh1 Şəmkir rayonunun Keçili kəndində pasport qeydiyyatındadırlar. Şəmkir rayon İcra Hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.10.2020-ci il tarixli cavab məktubunda da Cavabdeh1 daimi qeydiyyatda olmaqla atası, anası və qızı ilə birlikdə Şəmkir rayonunun Keçili kəndində yaşadığı göstərilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçı MMC-nin təşəbbüsü ilə şahid qismində dindirdiyi X10 və X1 cavabdehləri tanımadıqlarını və onların sökülmüş binalarda yaşadıqlarını görmədiklərini, X8 isə Cavabdeh3 tanıdığını, onun, qonşusu Ağayarın evində yaşadığını bildirmişlər. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirdiyi X12 ifadəsində göstərmişdir ki, anasının vəziyyəti ağır olduğu üçün rayona getmiş, anası vəfat etdiyindən rayonda yaşamağa başlamış, maddi vəziyyəti pis olduğu üçün yataqxanada tikdiyi əlavəni kirayə vermiş, kirayəçilərdən Leylanın yoldaşı Raqifi tanımış, Raqif həmin artırmanı onlara satmağı təklif etmiş, ehtiyacı olduğundan həmin əlavəni onlara satmış, lakin sənədi olmadığı üçün rəsmi alqı-satqı müqaviləsi bağlaya bilməmiş, Raqif və ailəsi həmin mənzili aldıb bir müddət yaşadıqdan sonra onlar da mənzili kirayə vermişlər. Vahid adında şəxs tanımır, digər yaşayış binasında yaşlı Vahid adında şəxsi tanıyır. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirdiyi X5 ifadəsində göstərmişdir ki, mübahisəsi gedən ünvanda çoxdan yaşamış, cavabdehlərdən Vahidi tanımış, Vahidin yaxından tanığı Ağayarın qardaşı olduğunu bilmiş, Vahidin adına mənzil olub-olmadığını bilməmişdir. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirdiyi X2 ifadəsində göstərmişdir ki, Vahid onun qardaşıdır, Baki şəhəri, ünvan 10 ünvanına 2006-ci ildə gəlin köçmüş, cavabdehlərdən Aynur və Leylanı tanımamışdır. Həmin ünvanda demek olar heç kimin sənədi, çoxunun isə sayğacı olmamışdır. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirdiyi X3 ifadəsində göstərmişdir ki, Pərvanənin qardaşı Vahid uzun illərdir Pərvanəgilin həyətdəki yardımcı evində yaşamış, cavabdehlərdən Aynur və Leylanı isə tanımamışdır. Belə aydın olur ki, mübahisələndirilən müqavilələrin bağlanması zamanı cavabdehlər iddiaçı MMC-nə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Çünkü şübhəsizdir ki, məqsədi gəlir əldə etmək olan tikinti şirkəti, tikintini həyata keçirəcəyi ərazidə heç bir əmlaka sahib olmayan şəxslərə mənzil və pul ödəmək öhdəliyi götürməz; hərgah, əgər bu cür şəxslərlə müvafiq müqavilələr bağlamışsa, həmin müqavilələrin aldatma olmadan bağlanması qənaətinə gəlməmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı MMC-nin irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin müvafiq əqdlərin aldadılma nəticəsində bağlanmış olması ilə bağlı qənaəti Mülki Məcəllənin 339.2-ci maddəsinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərə uyğun olmuşdur. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüş olması arqumentinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Başqa sözlə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bununla yanaşı qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən kəsici müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülübötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. İşin hallarından görünür ki, cavabdehlərlə bağlanmış müqavilələr əsasında onlara 2018-ci ilin sonlarına qədər kirayə haqqı qismində pul ödənilmiş, bundan sonra ödənişlər dayandırılmış, Cavabdeh3 nümayəndəsinin iddiaya etirazında göstərdiyinə görə isə, adı çəkilən şəxs ödənişin davam etdirilməsini tələb etdiyində ona, 18.02.2019-cu il tarixli məktubla müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. ...İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir”. X6 Məhkəməsi həmçinin qeyd etmişdir ki, “...normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir”. Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqedən də göründüyü kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət, məhkəmədə iddia irəli sürülməsi üçün deyil, maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən onu mübahisələndirməsi üçün müəyyənləşdirilən müddətdir və belə mübahisələndirmə müvafiq iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçı MMC, mübahisələndirdiyi əqdlərin etibarsız sayılmasına əsas verən halı bildiyi vaxt olan 2018-ci ilin sonlarında onları öz hərəkəti, yəni cavabdehlərə kirayə pulunun ödənilməsini dayandırması ilə faktiki olaraq mübahisələndirmiş, 2020-ci ilin iyul ayında isə etibarsızlıq halının təsbiti üçün müvafiq iddia irəli sürmüşdür. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4379/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməsən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar