Məhkəmə qərarları › İş №2(103)-7891/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7891/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7891/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7078/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərardadından vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7078/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7078/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi İddiaçı BOKT ASC-nin İdarə Heyətinin 1-ci müavini Rəcəb Hüseynov tərəfindən imzalanmışdır. Elektron məhkəmə sistemi vasitəsilə kabinetə yerləşdirilmiş iddia ərizəsinin skan edilmiş surətindən bunu görmək mümkündür. Rəcəb Hüseynovun səlahiyyətlərini təsdiq edən bütün sənədlər də həmin sistem vasitəsilə yüklənmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, e-2(011)-7078/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, mövcud iddia ərizəsindən görünür ki, iddia ərizəsini imzalayan şəxs qismində İddiaçı BOKT ASC göstərilmişdir. Halbuki, hüquqi şəxs adından verilən iddia ərizələri və ya digər sənədlər həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması barədə 1-ci instansiya məhkəməsinin qənaəti haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7078/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar