Məhkəmə qərarları › İş №2(103)-7892/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7892/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7892/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7892/2022 (Açar sözlər: Kredit borcu) Bakı şəhəri 14 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1699/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş sazişə əsasən bank borcalana 490000 manat məbləğində, 84 ay müddətinə, illik maksimum 30% dərəcəsi ilə kredit limiti ayırmış, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür

2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış GA.123647.1 saylı xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş üzrə xx.xx.2019-cu il tarixli № 101846- 123647/4 saylı kredit müqaviləsinə əsasən bank illik 18% ödəmək, 16 ay müddətinə qaytarmaq şərti ilə borcalana yaşayış sahəsinin alınması üçün 70000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

3. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli № GA.123647.1 saylı ipoteka müqaviləsinə əsasən tərəflər bankla borcalan arasında bağlanmış GA.123647.1 saylı xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş sazişdə nəzərdə tutulan öhdəliklərin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində qeydə alınan xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Expressbank ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli 101846-123647/4 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 48863,13 manat, faiz borcuna görə 11449,38 manat olmaqla cəmi 60312,51 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla cəmi 40 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 271,75 manat dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsinə, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 16, mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Expressbank ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, GA.123647.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş üzrə öhdəliklərin təminatı kimi cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olnan mənzil xx.xx.2019-cu il tarixli, GA.123647.1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Tərəflər arasında bağlanmış baş sazişə əsasən Expressbank ASC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli, 101846-123647/4 nömrəli kredit müqaviləsi ilə illik 18 faiz dərəcəsi ilə 16 ay müddətinə 70.000 manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən İpoteka haqqında Qanunun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/4269/2021 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Expressbank ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. İddia ərizəsində X1 və Zahidova (Əliyeva) Səbinə Şəmşir qızı səhv olaraq göstərilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(001)- 1699/2022 saylı qətnaməsi ilə (hakim Səadət Səlimov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 48863,13 manat, faiz borcuna görə 11293,84 manat, məhkəmə xərclərinə görə 311,75 manat olmaqla cəmi 60468,72 manat Expressbank ASCnin xeyrinə tutulması, cavabdehdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulması, ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMCnin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 16 saylı evin, 109 saylı mənzili (yeni qaydalarla: ünvan 1 ilkin satış qiyməti 150.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzili (yeni qaydalarla: ünvan 1 hərracda satıldıqdan 1 ay sonra Cavabdeh mənzildən çıxarılmaqla mənzil boşaldılması, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 319.4, 425.1. 442-ci maddələri, “İpoteka haqqında” Qanunun 59.1, 59.2, 59.3, 59.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı ASC tərəfindən qeyd olunmuşdur ki, guya borcun gecikdirilməsi ilə əlaqədar, bank tərəfindən Cavabdeh dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. “Bu halda, bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/4269/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh Fikrat oğluna xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.” Halbuki, qeyd olunan məsələ ilə əlaqədar olaraq ona məktub göndərilməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 443.5-ci maddəsinin dispozisiyasından da göründüyü kimi bank tərəfindən məhkəməyə müraciət olunmadan qabaq ilk öncə borcun gecikditilməsi ilə əlaqədar olaraq vaxt təyin edilməli, artıq bundan sonra məhkəməyə müraciət olunmalı idi. Binəqədi Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş materiallarını və sübutları tam araşdırmamış, sübutlara tətbiq edilmali olan müvafiq normalara asaslanaraq hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı ASC tərəfindən göndərilmiş iddia ərizəsi 31 yanvar 2022-ci il tarixində məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Lakin, iş materiallarına diqqət yetirilsə aydın şəkildə görünür ki, 3-cü hazırlıq iclasında 10 oktyabr 2022-ci il tarixinə baxış iclası təyin olunmuş və ilk baxış iclasında da 2(001)-1699/2022 saylı qətnamə ilə iddia tələbi təmin olunmuşdur. Göründüyü kimi, iş materialları Binəqədi Rayon Məhkəməsinə göndərildikdən sonra hakim iş üzrə keçirilmiş birinci baxış iclasında dərhal qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin ərizəsində qeyd etdikləri hallarla bağlı sübut təqdim olunmadığını nəzərə alaraq işə prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

14. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir

16. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

18. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunu

18. Maddə 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

19. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

20. Maddə 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər.

21. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

22. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə iddianın təmin olunan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahsələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş sazişdən müəyyən olunur ki, bank borcalana 490000 manat məbləğində, 84 ay müddətinə, illik maksimum 30% dərəcəsi ilə kredit limiti ayırmış, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, kredit müqavilələri üzrə hesablanmış faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək borcalanın adına açılan ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Müqavilənin 5.1.6-cı bəndinə əsasən bank borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

32. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş üzrə xx.xx.2019-cu il tarixli №101846-123647/4 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank illik 18% ödəmək, 16 ay müddətinə qaytarmaq şərti ilə borcalana yaşayış sahəsinin alınması üçün 70.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən bu kredit müqaviləsi GA.123647.1 saylı xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş əsasında bağlanmış və onun ayrılmaz hissəsi sayılır.

33. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 101846- 123647/4 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh götürdüyü 70.000 manat kreditə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 70.000 manat, faiz borcuna görə 9256,88 manat ödəməyi öhdəsinə götürmüşdür.

34. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 16, mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında olan sahəsi 113,7 m2 olan mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2733 saylı reyestr kitabının 254750 saylı vərəqində qeydiyyata alınmışdır.

35. İpoteka saxlayan Expressbank ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli № GA.123647.1 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, tərəflər bankla borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş sazişdə nəzərdə tutulan öhdəliklərin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınan xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

36. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidir.

37. Apellyasiya şikayətində irəli sürülən, məhkəmə tərəfindən araşdırma aparılmadan, birinci baxış iclasında dərhal qətnamə qəbul edilməsi dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, mülki iş üzrə üç dəfə hazırlıq iclası keçirilmiş, iş üzrə ekspertiza təyin olunmuş, iş üzrə əlavə araşdırmaya ehtiyac qalmadığı, tərəflər hər hansı sübut təqdim etmdiklərindən məhkəmə baxışı təyin olunmuş və qətnamə çıxarılmışdır. Bundan başqa kollegiya bildirir ki, mülki prosessual qanunvericilikdə qətnamənin neçənci məhkəmə baxışında elan olunması ilə bağlı hər hansı bir tələb yoxdur. İşə baxan hakim iş üzrə məhkəmə araşdırmasının kifayət etdiyini hesab edərsə, istənilən məhkəmə baxışında qətnamə elan edə bilər.

38. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdehə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən qabaq xəbərdarlıq məktubu göndərilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahsələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

39. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1699/2022 saylı iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar