Məhkəmə qərarları › İş №2(103)-7895/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7895/2021

02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7895/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2(010)- 584/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “payın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən **-KP-*** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ” 4502 markalı avtomobilin onun mülkiyyətində olan hissəsinin əvəzi kimi Cavabdeh 2000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə verərək Cavabdeh 1000 manat məbləğində pul tutulmasını xahiş etmiş, eyni zamanda, ekspertiza üçün tərəfindən çəkilmiş 300 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(010)-584/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Zil MMZ 4502” minik markalı, ** KP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin İddiaçı düşən 1/2 hissəsinin əvəzi kimi 1000 (min) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə çıxarıldıqdan sonra müəyyən edilmişdir ki, qətnamədə məhkəmə xərcləri haqqında məsələ tam həll edilməmiş, qətnamənin nəticə hissəsində ekspertiza xərcinin tutulması ilə bağlı bənd nəzərdə tutulmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2(010)-584/2021 saylı əlavə qətnaməsi ilə İddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhər Suraxanı rayon məhkəməsinin 23.04.2021-ci il tarixli, 2(010)-584/2021 saylı əlavə qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən verilmiş 19.03.2021-ci il tarixli avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Zil MMZ 4502” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 19.03.2021-ci il tarixə olan bazar dəyəri 3800 manat təşkil edir. "xxxx" MMC heç bir baxış keçirmədən avtomobilin qiymətini 3800 manat olaraq dəyərləndirmişdir, buna görə də məhkəmə həmin rəyi əsas kimi qəbul etməmişdir. Bu səbəbdən dolayı sifarişilə "xxxx" MMC-də hazırlanmış avtomobilin qiymətləndirilməsinə dair hesabatı məhkəməyə təqdim etmiş, həmin hesabata görə mübahisəli avtomobilin dəyəri 2000 manat təşkil etmişdir. Sonuncu hesabatın verilməsi də onun hesabına təşkil edildiyindən hesab edir ki, "xxxx" MMC tərəfindən guya keçirilmiş ekspertizanın xərci olan 300 mantın onun üzərinə qoyulması ədalətli və qanuni deyil. Həmçinin qeyd edir ki, İddiaçı məhkəməyə ərizə təqdim edərək əmlakın 2000 manat olaraq qiymətləndirilməsinə razılıq verilmiş, buna görə də birinci instansiya məhkəməsi həmin məbləğin yarısının ondan tutularaq iddiaçıya ödənilməsi barədə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi ləğv edilməli və məhkəmə xərcləri ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında iş üzrə "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirməyə görə 300 manat məbləğində ekspertiza xərcinin İddiaçı tərəfindən ödənilməsi barədə heç bir qəbz və ya bunu təsdiq edəcək başqa bir sənəd mövcud deyildir. Həmçinin, qeyd edilən rəyi tərtib etmiş MMC tərəfindən keşirilmiş qiymətləndirməyə görə ödənilməli olan xərclə bağlı hər hansı hesab təqdim edilməmişdir. Beləliklə, iş materialları ilə "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin dəyərinin 300 manat təşkil etməsi və həmin məbləğin iddiaçı tərəfindən MMC-yə ödənilməsi təsdiq, bununla da məhkəmə xərclərinin mövcud olması sübuta yetmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri barədə məsələyə hüquqi qiymət verərkən düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin mübahisələndirilən əlavə qətnaməsi ləğv edilməlidir. Mülki-Prosessual Məcəllənin 229.1-ci maddəsinin tələblərinə görə, iş üzrə qətnamə çıxarmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa (maddə 229.1.1.); hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə (maddə 229.1.2.); məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə (maddə 229.1.3.). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-584/2021 saylı, 23.04.2021-ci il tarixli əlavə qətnaməsi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar