Məhkəmə qərarları › İş №2(103)-7896/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7896/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7896/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) X1 iştirakı ilə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC (bank) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh2 arasında bağlanmış 10.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən adı çəkilən şəxsə 36 ay müddətinə illik 20%-lə 8500 manat kredit verildiyini, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1lə 10.10.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlandığını, borcalanın müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etmədiyini və nəticədə onun 15.09.2020-ci il tarixinədək banka 3779,33 manat əsas, 3553,74 manat faiz, 2807,47 manat cərimə, gecikdirilən vaxt üçün illik 5%-lə hesablanmış 556,92 manat olmaqla ümumilikdə 10 697,46 manat borcunun yarandığını, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlərin borcu ödəməkdən boyun qaçırdıqlarını bildirmiş, həmin borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3779,33 manat əsas, 3553,74 manat faiz, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% bank uçot dərəcəsi ilə 556,92 manat əldən çıxmış fayda olmaqla cəmi 7939,99 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, yəni cəmi 7969,99 (yeddi min doqquz yüz altmış doqquz manat doxsan doqquz qəpik) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçı bank iddia müddətini ötürsə də birinci instansiya məhkəməsi onun tərəfindən guya 29.01.2019-cu il tarixdə banka 50 manat ödəniş olunmasına əsaslanaraq müddətin ötürülmədiyi nəticəsinə gəlmişdir. Halbuki, tərəfindən belə bir ödəniş həyata keçirilməmiş, bank bunu təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və 50 manat ödənişin həyata keçirildiyi göstərilən tarixdə təmsil etdiyi şəxsin ambulator müalicədə olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, digər cavabdeh və iddiaçı bankın nümayəndəsi isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissədə tam yoxlanılması təşkil edir. Çünkü qətnamədən Cavabdeh1 şikayət verməsə də, iddianın ona və Cavabdeh2 qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamədən iddiaçı bank şikayət verməmişdir və bu səbəblə də iddia tələbinin təmin olunmadığı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası apellyatorun nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddianın həmin hissədə də rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 (borcalan) arasında 10 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 36 ay müddətinə illik 20 faiz ödənilməsi şərtilə 8500 manat kredit verilmiş, kredit müqaviləsinin təminatı qismində Cavabdeh1lə eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və adı çəkilən şəxs borcalanın öhdəlikləri üçün zamin kimi üzərinə öhdəlik götürmüşdür. İddiaçının iddia tələbi məhz qeyd olunan kredit və zaminlik müqavilələrinə istinadla irəli sürülmüş, Cavabdeh2 iddiaya iddia müddətinin ötürüldüyünə istinadla etiraz etmiş, birinci instansiya məhkəməsi isə iddia müddətinin ötürüldüyünə dair cavabdehin arqumentini onun 29.01.2019-cu il tarixdə 50 manat ödəniş etməsinə əsaslanmaqla qəbul etməmişdir. Cavabdeh2 apellyasiya şikayətinin də əsas dəlili iddiaçının iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmiş olması barədə olduğundan, məhkəmə kollegiyası onun bu arqumentinə qiymət verməyi zəruri hesab edir: Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə görə isə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair apellyasiya şikayətinin dəlili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və hazırki işdə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 10 oktyabr 2017-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində, müqavilənin öhdəliklərin tam yerinə yetiriləcəyi vaxta qədər qüvvədə olacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddəti 11 oktyabr 2020-ci il tarixdə bitmişdir, iddiaçı isə iddia ərizəsini məhkəməyə 16 noyabr 2020-ci il tarixdə ünvanladığına görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kollegiya bu qənaətə gələrkən onu nəzərə alır ki, məhkəmə, Cavabdeh2 29.01.2019-cu il tarixdə 50 manat ödəniş həyata keçirdiyinə və beləliklə iddia müddətinin kəsildiyinə əsaslansa da, müvafiq hesab çıxarışlarından aydın olur ki, həmin 50 manat cavabdehin cari hesabından akseptsiz qaydada silinmə əməliyyatıdır və onun məhz kredit ödənişi olmasını təsdiq edəcək müvafiq sübut (mədaxil qəbzi) məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin iclas protokollarından da görünür ki, iddiaçı bankın nümayəndəsi bilavasitə özü kredit müqaviləsi üzrə sonuncu 200 manat ödənişin 24.10.2017-ci il tarixdə həyata keçirildiyini bildirmiş, məhkəmənin 29.01.2019-cu ildə ödənildiyini qeyd etdiyi 50 manatın məhz kredit ödənişi olması bank tərəfindən ümumiyyətlə irəli sürülməmişdir. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən mülki qanunvericiliyin zaminliklə bağlı müddəalarının tələblərini də pozmuş, zaminliyə xitam verilmiş olduğunu nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.10.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 10.10.2017-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, bank zamin Cavabdeh1 qarşı 10.10.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Cavabdeh2 apellyasiya şikayətində zaminlə bağlı əsaslandırmamanın olmaması kollegiyanın fərqli nəticəyə gəlməsinə səbəb ola bilməz; çünki yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı olmadan qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-67/2021 saylı iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 və Cavabdeh1 birgə qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3779,33 manat əsas, 3553,74 manat faiz, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% bank uçot dərəcəsi ilə 556,92 manat əldən çıxmış fayda olmaqla cəmi 7939,99 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, yəni cəmi 7969,99 (yeddi min doqquz yüz altmış doqquz manat doxsan doqquz qəpik) manatın tutulması hissəsində ləğv edilsin. İddia tələbləri həmin hissədə də təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar