Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7897/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun arasında olmuş nikahdan doğulmuş 2 övladının – xx.xx.2012-ci il təvəllüdlü Abdurrahmanın və xx.xx.2015-ci il təvəllüdlü Nəsibənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(002)-4435/2017) əsasında cavabdehdən onun xeyrinə hər ay tutulan hər uşağa görə 136,60 manat məbləğində alimentin artırılaraq hər uşağa görə 170 manat müəyyən olunmasını, əlavə olaraq xx.xx.2012-ci il təvəllüdlü Abdurrahmanın müalicəsi üçün cavabdehdən onun xeyrinə hər ay 100 manat məbləğində alimentin tutulmasını, habelə xx.xx.2012-ci il təvəllüdlü Abdurrahmanın müalicəsi üçün indiyə qədər çəkilmiş 545 manatın yarısının 272,50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi (İş № 2(002)-4435/2017) ilə iddiaçı ilə cavabdehin arasında olan nikahın pozulması, hər iki uşağın onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlar böyüdükcə uşaqların xərcləri də artır. Bu səbəbdən və qiymətlərin artması səbəbindən alimentin həmin məbləği uşaqların xərclərinin ödənilməsi üçün kifayət etmir, iddiaçı isə uşaqların artan xərclərini təkbaşına qarşılaya bilmir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehdən onun xeyrinə tutulan alimentin məbləği artırılmalı, alimentin məbləği 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş minimuma uyğunlaşdırılmalı və hər uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, uşaqlardan biri – xx.xx.2012-ci il təvəllüdlü Abdurrahmanın səhhətində problemlər olmuş və uşağın üzərində cərrahi əməliyyat aparılmışdır. Uşağın müalicəsi ilə bağlı iddiaçı 545 manat xərc çəkmişdir. İddiaçı hesab edir ki, bu xərcinin yarısı, yəni 272,50 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Uşağın müalicəsi davam edir və bununla bağlı olaraq iddiaçı müəyyən xərcləri qarşılamağa məcburdur, amma maddi imkanı zəif olduğu üçün o, bu xərcləri qarşılamaqda çətinlik çəkir. Odur ki, cavabdeh əlavə xərclərə cəlb edilməli və uşağın müalicəsi üçün cavabdehdən iddiaçının xeyrinə hər ay əlavə olaraq 100 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(002)-4435/2017) əsasında cavabdehdən iddiaçının xeyrinə hər ay tutulan hər uşağa görə tutulan alimentin məbləğinin artırılaraq hər uşağa görə 150 manat (cəmi isə 300 manat) müəyyən olunmasını, xx.xx.2012-ci il təvəllüdlü uşağın müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcin yarısının, yəni 272,50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, uşaqların mənafeyini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh qətnamənin iddianın bir qisminin təmin edilməsi barədə hissəsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti iddiaçı tərəfindən verilmişdir. Apellyasiya şikayətində qətnamənin tam həcmdə ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, nikahdan 2 övladının olmasına baxmayaraq hazırki iş üzrə tərəflər ayrılmış, onların nikahları Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(002)-4435/2017) ilə pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır. Həmin qətnamə ilə həmçinin qət olunmuşdur ki, uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə cavabdehdən hazırki iş üzrə iddiaçının xeyrinə hər ay 136,60 manat məbləğində aliment tutulsun. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi ondan ibarətdir ki, qətnamə əsasında tutulan alimentin məbləği 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş minimuma uyğunlaşdırılaraq hər uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, da xx.xx.2012-ci il təvəllüdlü Abdurrahmanın müalicəsinə görə 100 manat məbləğində əlavə aliment də cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda (hazırkı iş üzrə tərəflərin arasında da alimentin tutulması barədə saziş mövcud deyil) və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3.). Məhkəmə apellyasiya şikayətinin birinci dəlili ilə, yəni hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin belə bir tələb irəli sürən tərəf sübutlar təqdim etməlidir. İddiaçı, hazırkı işə baxan Rayon Məhkəməsinin hər uşağa görə alimentin məbləğinin artırılaraq 150 manat müəyyən olunması ilə bağlı gəldiyi nəticə ilə razı olmasa da, cavabdehin daha artıq məbləğdə aliment ödəyə bilməsi ilə bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özü-özlüyündə alimentin məbləğini müəyyənləşdirmir. Həmin məbləğdə aliment tələb edən tərəf cavabdehin bu məbləğdə aliment ödəyə biləcəyi ilə bağlı maddi vəziyyətini təsdiq edən sübutları təqdim etməlidir. Məhkəmə apellyasiya şikayətinin digər dəlili, yəni uşağın müalicəsi üçün cavabdehdən əlavə olaraq 100 manat məbləğində alimentin tutulması bağlı tələbin rədd edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin səhv olması dəlilinə MPM-nin 77.1 və 14.2-ci maddəsinin tələbləri baxımından yanaşaraq hesab edir ki, bu dəlil də hər hansı sübuta söykənmədiyi üçün əsaslı hesab edilə bilməz. Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7897/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7897/2020
06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver