Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7899/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(007)-1638/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.440 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.470 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağladığı xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan cavabdehə ümumi qiyməti 2.660 manat olan əşya (mal) satmışdır. Cavabdeh malın dəyərindən 500 manat ilkin ödəniş etdikdən sonra qalan 2.160 manat pulu hər ay 180 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliyini qismən icra etdikdən sonra qalıq 1.440 manat borcunu ödəməmiş, bununla da müqavilənin və qanunvericiliyin tələblərini pozmuş, edilən xəbərdarlığa əməl etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(007)-1638/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1.440 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun dəyişdirilərək 720 manat məbləğində hesablanmış dəbbə pulunun 200 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə "Firstep Elektronics" şirkəti ilə İPhone X markalı mobil telefonun alqı-satqısı ilə bağlı 2.660 manat dəyərində müqavilə bağlanılmış, ilk ödəniş olaraq 500 manat ödənilmiş, qalan 2.160 manat məbləğində pulun isə hər ay 180 manat olmaqla 12 müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra ödənişlər hər ay vaxtında ödənilmişdir. xx xxxx 2019cu il tarixdə isə sonuncu ödəniş olduqdan sonra növbəti, yəni aprel ayının ödənişini ödəmək istədikdə həmin şirkətin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 ünvanında yerləşən ödəmə məntəqəsi bağlı olduğundan ödəniş etmək mümkün olmamışdır. Şirkətin ödəmə qəbzində qeyd olunan nömrəsinə (+99***-***-**-**) bir neçə dəfə zənglər olunsa da, zənglərə cavab verilməmiş, şirkətlə heç cür əlaqə saxlanılmadığına görə bundan sonra ödənişlər dayandırılmışdır. Həmin vaxtdan şirkətə ödənilməmiş qalan əsas borc üzrə 4 ayın pulu, yəni 720 manat pul qalmışdır. Bu şirkətin əməkdaşları tərəfindən də təsdiq olunmuşdur. İddiaçı məhkəməyə müraciət etmiş, iddiası təmin olunmuş və qətnamə qanuni qüvvəyə minmiş və xx xxxx 2020-ci il tarixdə icaata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin ona məhkəmə iclasının yeri və vaxtı barədə heç bir məlumat verilməmişdir. Qətnamə barədə icra mərhələsində məlumat almışdır. Həmçinin xx xxxxxx 2020-ci il tarixdə qətnamə üzrə tutulmalı olan 1.470 manat məbləğində puldan ödənilməmiş qalan 4 ayın borcunu, yəni 720 manat pulu icra məmurunun iştirakı ilə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ödəmiş və müqavilə üzrə ümumi 2.660 manat pul tam ödənilmişdir. İddia ərizəsində qeyd edilən 1.440 manat borcun necə yaranması, yəni gecikdirilmiş günlərin sayı maliyyə arayışında açıqlanmamış, səkkiz ay ödənilmiş məbləğ nəzərə alınmadan əsassız tərtib olunmuşdur. Şirkətin bir neçə dəfə adı və ünvanı dəyişdirilmiş, bunula bağlı müştərilərə heç bir məlumat verilməmiş və ödəmələrdə şirkətin öz səhvindən gecikmələr yaranmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəbbə pulunun hesablanması hissəsində yalnışdır və qətnamə dəyişdirilməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, cavabdehin apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc – 1.440 manat məbləğinə aid hissədə dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə ümumi qiyməti 2.660 manat olan əşya (mal) – İphone X 64 GB Space Gray məhsulu satmışdır. Cavabdeh malın dəyərindən 500 manat ilkin ödəniş etdikdən sonra qalan 2.160 manat pulu hər ay 180 manat olmaqla, 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, alıcı ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün 1 (bir) manat məbləğində dəbbə pulu ödəyir. xx xxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı xx xxxx 2018ci il tarixli müqavilə üzrə malın nisyə alqı-satqısı müqaviləsinə əsasən 1.440 manat qalıq borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apelyatorun irəli sürdüyü, məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət edilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, müvafiq məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, bildiriş “Qasımlı” tərəfindən imzalanaraq qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hazırkı iddia tələbinə sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə olan halda apelyasiya şikayətinin bununla bağlı göstərilən dəlili əsassızdır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Apelyasiya şikayətində göstərilən cavabdehin iddiaçının ünvanının dəyişməsi, bu səbəblərdən ödənişlərin gecikdirilməsi (dayandırılması) ilə bağlı Kollegiya qeyd edir ki, ödəniş qəbzlərində Bakı şəhəri, Qara Qarayev propekti 84 ünvanı qeyd edilmişdir. İddia ərizəsi, maliyyə arayışı və digər yazışmalarda iddiaçının ünvanı kimi ünvan 3 göstərilmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzin təsdiq edilmiş surətində görünür ki, cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(007)-1638/2020 saylı qətnaməsi əsasında ödənilməli olan 1.470 manat məbləğində borcun 720 manatını iddiaçının nümayəndəsi Nümayəndə ödəmişdir. Göründüyü kimi cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə qismən yetirmiş, iddiaçının ünvanının dəyişilməsi barədə məlumatı olmamış, özü bu barədə araşdırma aparmış, iddiaçının fəaliyyət göstərdiyi ünvanı tapmış, borcu ödəmək istədikdə məbləğlə bağlı tərəflər arasında razılıq əldə olunmamışdır. Cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi xx.xx.2018-ci il tarixli 002144 nömrəli, xx.xx.2018-ci il tarixli 004457 nömrəli, xx.xx.2018-ci il tarixli 007727 nömrəli, xx.xx.2018-ci il tarixli 001876 nömrəli, xx.xx.2018-ci il tarixli 005715 nömrəli, xx.xx.2019-cu il tarixli 007136 nömrəli, xx.xx.2019-cu il tarixli 003794 nömrəli ödəmə çeklərindən müəyyən olunur ki, cavabdeh hər çek üzrə 180 manat, yəni cəmi 1260 manat ödəniş etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İşin hallarını nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, əsas borc hissəsində məbləğ azaldılmalıdır. Belə ki, cavabdeh iddiaçıdan xx xxxx 2018-ci il tarixdə 2.660 manat məbləğində nisyə mal alarkən 500 manat ilkin ödəniş etmişdir. xx xxxxx 2020-ci tarixinədək, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 2.160 manat borc məbləğindən ödəniş qəbzlərinə əsasən 1.260 manat borc ödənilmiş, həmçinin icra mərhələsində iddiaçının nümayəndəsinə 720 manat cavabdeh tərəfindən ödənilmişdir. Qeyd edilənləri əsasən Kollegiya hesab edir ki, hal-hazırda cavabdehin müqavilə üzrə iddiaçıya borcu 180 manat təşkil edir. Kollegiya onu da qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qətnamənin dəyişdirilərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 720 manat məbləğində hesablanmış dəbbə pulunun 200 manat müəyyən edilməsini xahiş etmişdir. Lakin hazırki iddia ərizəsi ilə iddiaçı dəbbə pulu tələb etməmiş, məhkəmə də həmin məsələyə baxmamışdır, iddiaçının tələb etdiyi 1440 manat əsas borca aid olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya qismən şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1638/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi əsas borc məbləğinə aid hissədə dəyişdirilsin və həmin məbləğ 180 manat müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7899/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7899/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver