Məhkəmə qərarları › İş №2(103)-79/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-79/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-79/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər:(maddi zərərin əvəzinin və qalıq borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(003)-1557/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı İB tərəfindən Cavabdeh sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə bağlı xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2021, xx.xx.2021 saylı aktlar əsasında cəmi 4640,6 manat məbləğində ziyan hesablanmışdır. Bundan əlavə Cavabdeh 747,59 manat qalıq borcunun olduğu qeyd olunmuşdur. 2.İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərin və qalıq borcun ödənilməsini tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5388,19 manat məbləğində əsas borcun, hüquqi yardım üçün ödənilmiş 300 manat, 76,88 manat dövlət rüsumunun, ümumilikdə isə 5765,07 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" istehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 03/16705 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında Azəriqaz İB abonent Cavabdeh na məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X4 Departamentı tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İTRON tipli **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2 tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırıİmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. 5.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 iyun 2022-ci il tarixli, 2(008)-1557/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Ramilə Xəzri) iddia tələbi təmin edilməmişdir. 6.İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. 7.İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 955 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 910 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 399.60 manat hesablanmışdır. 8.İş materiallarından görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmış və həmin abonent koduna qeyd olunan aktlar əsasında 5388.19 manat borc hesablanmışdır. 9.Məhkəmə iddianı rədd edərkən qeyd ektmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5 və 6.7-ci bəndlərinə, “Qazdan istiffadə Qaydaları”na 3 saylı Əlavənin 2.1.6-cı bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imzalamaqdan imtina etməsi həmin aktların qanunsuz olmasına dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi qiymətləndirilməsinə əsas vermir. Bundan əlavə İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunvericiliyin tələbləinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 15.Maddə 72.Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 17.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 19.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 20.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 21.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın:

23. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

24. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

25. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğısatqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

26. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

27. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: -3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; -3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;

28. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

29. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

30. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 39.Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). 40.Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 41.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). 42.Belə ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 955 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 910 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 399.60 manatın hesablanması ilə bağlı sənədlər təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunan xx.xx.2021 və xx.xx.2021 saylı aktlar isə təqdim olunmamışdır. 43.Təqdim olunmuş aktların bir nüsxələrinin İddiaçı tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. 44.Məhkəmə kollegiyası tərəfindən 04 noyabr 2022-ci il tarixdə cavabdehin yaşadığı mübahisəli ünvana baxış keçirilmişdir. Baxış zamanı cavabdeh tərəfindən əvvəllər həqiqətən qoşulma hallarına yol verdiyi qaz xəttinin üzərində qoşulma izləri aşkarlanmışdır. Bununla bağlı video çəkiliş də aparılmışdır. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 46.Məhkəmə kollegiyası iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən hesab edir ki, cavabdehin ilk akt olaraq xx.xx.2018-ci il tarixli akt üzrə qanunsuz qoşulması nəzərə alınmalı, həmin akt üzrə 955 manat cavabdehdən tutulmalıdır. 46.Kollegiya “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qeyd edir ki, əgər cavabdeh tərəfindən xx.xx.2018 və xx.xx.2018-ci il tarixli aktlara görə bir neçə dəfə sayğacdan kənar qazdan istifadə halları olmuşdursa, iddiaçı tərəfindən birinci akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq cavabdehdən tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya birinci aktdan sonra digər aktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 47.Həmçinin cavabdehin qalıq borcunun müəyyən edilməsi üçün bir neçə dəfə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6958 saylı rəyinə əsasən abonentin saldosu məlumatlarının və tərtib olunmuş aktların doğruluğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış 747,59 manat məbləğində borcun riyazi hesablanmaqla doğruluğu müəyyən edilir. 48.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 49.Beləliklə kollegiya hesab edir ki, iddia maddi zərərin və qalıq borcunun tutulması ilə bağlı hissədə qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli akta görə 955 manat maddi zərər və qalıq borca örə 747,59 manat cavabdehdən tutulmalı, maddi zərərlə bağlı qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. 50.Həmçinin iddiaçı hüquqi yardıma görə 300 manat pulun tutulmasını tələb etsə də, bununla bağlı sübutlar təqdim etmədiyindən, kollegiya hesab edir ki, qeyd olunan hissədə iddia əsassız olduğundan, təmin edilməməlidir. 51.Kollegiya qeyd edir ki, iddia qismən təmin edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mətanəsib olan 35 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 52.Kollegiya hesab edir ki, apellyasiya mərhələsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın 69 manatı cavabdehdən, 81 manatı iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 53.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(003)-1557/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı İB-nin xeyrinə maddi zərərə görə 955 (doqquz yüz əlli beş) manat, qalıq borca görə 747,59 (yeddi yüz qırx yeddi manat əlli doqquz qəpik) manat, dövlət rüsumuna görə 35 (otuz beş) manat, cəmi 1737,59 (min yeddi yüz otuz yeddi manat əlli doqquz qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın 69 (altmış doqquz) manatı Cavabdeh, 81 (səksən bir) manatı İddiaçı İB-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar