Məhkəmə qərarları › İş №2(103)-790/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-790/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-790/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-790/2025 (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-991/2020 nömrəli 25 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə “Belleza“ Home consept arasında bağlanmış xx.xx.2017–ci il tarixli müqaviləyə görə İddiaçı mebel almaq üçün 15000 manat pulu “Belleza“ Home consept-ə ödəmişdir. Müqavilədə mebelin çatdırılma müddəti xx.xx.2017-ci il və qalıq borcun olmadığı əks olunmuşdur.

2. Yasamal RPİ–nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Şiriyev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı və digərlərinin ərizələri əsasında Cavabdeh barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir.

3. Cavabdeh xx.xx.2018-ci il tarixdə Yasamal RPİ–nin İŞ-də verdiyi izahatından aydın olur ki, İddiaçı həqiqətən də Türkiyədən mebel sifarış etmək üçün ümumilikdə 15000 manat pulu ona vermiş, bir müddət sonra İddiaçı həmin pulun ona geri qaytarılmasını istəmiş, Cavabdeh pulun geri qaytarılmasının mümkünsüz olduğunu, onun sifariş etdiyi mebelin hazırda Binəqədi rayonunda DYPŞ–nin yaxınlığında yerləşən qarajda saxlanıldığını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Türkiyədə yerləşən “Belleza” mebel fabrikinin istehsalı olan “Ekskuliziv Klassik" modelli, dəyəri 15.000 manat təşkil edən yataq, qonaq, divan kreslo və jurnal stolu mebel dəstinin, bu mümkün olmadıqda isə həmin mebel dəstinin dəyəri olan 15000 manat məbləğində pulun, habelə cavabdeh öhdəliklərini icra etmədiyi üçün əldən çıxmış fayda qismində 1.500 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017–ci il tarixdə qızı Yaqut Əlimirzəyeva ilə sonuncuya cehizlik mebel dəsti almaq üçün Yasamal rayonu, Zərdabi küçəsi, 5925–cü məhəllədə yerləşən mebel salonlarına baxmış, həmin vaxt ilə "Belleza" mebel salonuna daxil olarkən onlara özünü Sami kimi təqdim edən, sonradan şəxsiyyətinin Cavabdeh olduğunu öyrəndiyi şəxs qarşılamış və həmin mebel salonunun ona məxsus olduğunu bildirmişdir. Onlar mebel salonunda olan mebelləri bəyənməmişlər, bu zaman Cavabdeh onlara video-slayd vasitəsilə “Belleza“ modelli mebeli göstərmiş və onlar həmin mebeli bəyənmişlər. Cavabdeh “Belleza” modelli mebelin Türkiyədə yerləşən ”Belleza“ mebel fabrikinin istehsalı olduğunu və qiymətinin 22–23 min manat arası olduğunu, həmin mebeli alacaqları təqdirdə Türkiyədən sifariş edib gətizdirəcəyini bildirmişdir. “Belleza” modelli həmin mebel dəstinin qiymətini 15000 manata razılaşmış və 500 manat beh vermək istəmişlər. Belə ki, Cavabdeh “Belleza" modelli mebelin Türkiyədən avqust ayında gələcəyini bildirdiyindən, bu səbəbdən pulun qalan hissəsini mebelin Türkiyədən gətiriləcəyindən sonra verməyi fikirləşmişdir. Cavabdeh isə ona bildirmişdir ki, pulun bir hissəsi qabaqcadan verilməlidir. Cavabdeh onu əmin etmək üçün onunla müqavilə bağlayacağını və verəcəyi məbləğin də müqavilədə göstəriləcəyini bildirmişdir. Bundan sonra o, hər şeyin rəsmi olduğuna inanıb, Cavabdeh təklifi ilə razılaşmışdır. Həmin vaxt ona 4700 ABŞ dolları və 2000 manat, ümumilikdə 10.000 manat pul vermiş və bundan sonra Cavabdeh müqaviləni ona təqdim etmişdir. Bir müddət sonra o, təmir olunmuş evlərinin şəklini elekton qaydada Cavabdeh göndərmiş və mebelin evə uyğun gəlibgəlməyəcəyini soruşmuşdur. Cavabdeh evin şəklinə baxdıqdan sonra mebelin çox böyük olduğunu, bu səbəbdən evə yerləşməyəcəyini, gəlib başqa mebel seçməklərini təklif etmişdir. O, Cavabdeh həmin təklifi ilə də razılaşmış və xx.xx.2017– ci il tarixdə qızı Yaqut Əlimirzəyeva ilə yenidən həmin “Belleza“ mebel salonuna gəlmişdir. Bu zaman Cavabdeh onlara video–slayd vasitəsilə “Ekskuliziv Klassik” modelli, dəyəri 15000 manat təşkil edən yataq, qonaq, divan–kreslo və jurnal stolu mebel dəstini göstərmiş və həmin mebel dəstini almağı təklif etmişdir. Cavabdeh "Ekskuliziv Klassik“ modelli mebel dəstinin də Türkiyədə yerləşən “Belleza" mebel fabrikinin istehsalı olduğunu və qiymətinin 15.000 manat olduğunu bildirmiş, dəyərinin də əvvəlcədən tam ödənilməli olduğunu, həmin mebeli alacağı təqdirdə onu da Türkiyədən sifariş edib gətizdirəcəyini və xx.xx.2017–ci il tarixdə Azərbaycana çatacağını bildirmişdir. Onlar həmin mebel dəstinidə bəyənmiş və Cavabdeh həmin təklifi ilə də razılaşmışlar. O, daha əvvəl Cavabdeh 10.000 manat pul verdiyindən, qalan 5000 manat pulu ona vermişdir. Beləliklə, o, ümumilikdə ona 15000 manat, yəni “Ekskuliziv Klassik” modelli mebel dəstinin tam dəyərini ödəmişdir. Cavabdeh də həmin vaxt -xx.xx.2017–ci il tarixli müqaviləni tərtib edib tərəflər imzaladıqdan sonra, müqavilənin ikinci nüsxəsini ona təqdim etmişdir. Bundan sonra o, "Ekskuliziv Klassik" modelli mebel dəstinin şəkillərini başqa mebel salonlarına göstərmiş və onlar ona həmin mebel dəstinin Azərbaycan istehsalı olduğunu Türkiyədən belə mebel gəlmədiyini, həmçinin həmin adda mebel olmadığını bildirmişdilər. Buna görə də o, Cavabdeh ilə əlaqə saxlayıb sifarişi dayandırmasını pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh israrla həmin mebel dəstinin Türkiyədən gətiriləcəyini, bu səbəbdən hazırda pulu geri qaytara bilməyəcəyini bildirmişdir. O, təkid etdikdə isə o, avqust ayına qədər onu gözləməyini və mal gəlib salona yerləşdikdən sonra pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra o, onu avqust ayına qədər gözləmişdir. Avqust ayında o, Cavabdeh ilə əlaqə saxladıqda o malın hələ gəlmədiyini, iki–üç günə gələcəyini bildirmişdir. Bir neçə gün sonra o, anası və qızı ilə ”Belleza“ mebel salonuna getmişdir. Həmin vaxt Cavabdeh ona üstündə pulu olmadığını, axşam gəlib evə verəcəyini bildirmişdir. Lakin axşam da pulu gətirməmişdir. Növbəti günlərdə o, nə qədər əlaqə saxlasa da, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmiş, nəhayət sonda ona bildirmişdir ki, “hara istəyirsən, get şikayət et". Bundan sonra o, bütün dövlət orqanlarına müraciət etmişdir. Müraciəti əsasında əvvəlcə Bakı şəhər Baş Polis İdarəsinin İştintaq İdarəsində araşdırma aparılmış, sonra isə Yasamal rayon Polis İdarəsinin İştintaq şöbəsində araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Cavabdeh izahat verərək, tərəflər arasında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Ekskuliziv Klassik” modelli mebel dəstinin tam dəyərini 15.000 manat pulu ondan aldığını, həmin modelli mebel dəstinin Binəqədi rayon DYPŞ-nin yaxınlığında yerləşən qarajda saxlanıldığını göstərmiş və müstəntiq Nizami Şiriyevin yanında istənilən vaxt gedib götürə biləcəyini bildirmişdir. Lakin həmin araşdırma zamanı Cavabdeh, həmin mebel dəstini Türkiyədən gətirməsi barədə müstəntiqə heç bir sübut (sənəd) təqdim edə bilmədi, müstəntiqin bu barədə suallarına da obyektiv cavab verə bilməmişdir. Bununla belə, Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan HK150 saylı araşdırma materialı üzrə müstəntiq, polis mayoru X4 xx.xx.2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan göründüyü kimi, Cavabdeh onunla bərabər X5 və X1 da etibarından sui-istifadə edərək, onları da aldatmış, lakin kifayət qədər sübutlar olmasına baxmayaraq, «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Həmin qərar qəbul edildikdən sonra o, əlacsız qalıb, Cavabdeh həmin təklifi ilə də razılaşmış və həmin mebel dəstini gedib götürəcəyini ona bildirmişdir. Lakin Cavabdeh yenə də, hər dəfə müxtəlif bəhanələr gətirmiş, həmin mebelin ona verilməsini təmin etməmişdir, bununla da növbəti dəfə onun etibarından sui– istifadə edərək, onu aldatmışdır. Beləliklə, Cavabdeh 3 ilə yaxındır ki, müxtəlif bəhanələr gətirərək, nə həmin mebelin ona verilməsini təmin edir, nə də həmin mebelə görə ödənilmiş 15000 manat məbləğində pulu ona qaytarır. Onu da qeyd etmişdir ki, ötən 3 ilə yaxın müddətdə Cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyi üçün iddiaçının 15000 manat məbləğində pulu onda qalmış, bu səbəbdən həmin 15.000 manat məbləğində pul vəsaitindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum olmuşdur.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 avqust 2020-ci il tarixli 2(003)-991/2020 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Türkiyədə yerləşən “Belleza” mebel fabrikinin istehsalı olan “Ekskuliziv Klassik" modelli, dəyəri 15.000 manat təşkil edən yataq, qonaq, divan-kreslo və jurnal stolu mebel dəstinin, bu mümkün olmadıqda isə həmin mebel dəstinə görə ödənilmiş 15000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə mebel sifariş etmək üçün 15.000 manat pul ödəmiş və onun mebeli almaq üçün cavabdehə borcu qalmamışdır. Eyni zamanda iddiaçının mebel dəstinin onun üçün Türkiyədən sifariş edilməsi üçün cavabdehə ümumilikdə 15000 manat məbləğində pulu verməsi halı cavabdeh məhkəmə iclasında iştirak etməsə də, İddiaçı Mökyüb qızının və qeyrilərinin ərizəsi əsasında Yasamal RPİ–nin İŞ-də cavabdehin verdiyi izahatında da öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh Yasamal RPİ–nin İŞ-də verdiyi izahatında iddiaçının sifariş etdiyi mebelin Binəqədi rayonunda DYPŞ–nin yaxınlığında yerləşən qarajda saxlandığını qeyd etmişdir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə mebelin qiymətinin 15000 manat olmasına dair razılığa gəldiklərindən, iş materialları və iddiaçının izahatı ilə iddiaçının iddia ərizəsində göstərilən mebel dəstini almaq üçün cavabdehə 15000 manat pul verməsi halı sübut olunduğundan, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməli olduğundan, iddia tələbi "dəyəri 15.000 manat təşkil edən mebel dəsti olmadıqda isə, həmin mebel dəstinə görə ödənilmiş 15000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir.

8. İddianın "öhdəliklərini icra etmədiyi üçün əldən çıxmış fayda qismində 1500 manat məbləğındə pulun Cavabdeh alınaraq İddiaçı verilməsi" hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 445.7, 449.1, 449.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməni qəbul edərkən heç bir sübuta əsaslanmamışdır. Onun iddiaçıya heç bir borcu olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə cavadehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Yasamal RPİ–nin İŞ-də verdiyi izahatından müəyyən olunur ki, Cavadova X3 mebel sifarış etmək üçün ümumilikdə 15000 manat pulu cvaabdehə vermiş, bir müddət sonra iddiaçı həmin pulun ona geri qaytarılmasını istəmiş, cavabdeh pulun geri qaytarılmasının mümkünsüz olduğunu, sifariş edilən mebelin hazırda Binəqədi rayonunda DYPŞ–nin yaxınlığında yerləşən qarajda saxlanıldığını bildirmişdir.

29. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıdan 15000 manat pulun alınması aşkardır. Bu halı cavabdeh öz izahatında təsdiq etmişdir.

30. Yasamal RPİ–nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Şiriyev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı və digərlərinin ərizələri əsasında Cavabdeh barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir.

31. Qeyd edilən ərizələr əsasında aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahatın sonradan mübahisələndirilməsi, eləcə də qəbul edilmiş qərarın ləğv edilməsi iş materialları ilə müəyyən edilmir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-991/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar