Məhkəmə qərarları › İş №2(103)-7900/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7900/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7900/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 mülki iş üzrə (Açar sözlər: işə inzibati icraat qaydasında baxılmalı olması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 saylı, 24 oktyabr 2023-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 cinayət nəticəsində əldə edilmiş 164.256,63 manat məbləğində pulun müştərək qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir.

3. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisə edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə inzibati orqanının qərarı iddiaçı tərəfindən təqdim edilməmiş, eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qərar deyil, daxili əmrlə aidiyyətin müəyyən edildiyini bildirir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, inzibati orqanının sözügedən qərarı mövcud deyildir.

4. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında mübahisə əmək pensiyası ödənişi ilə bağlı olmaqla qeyd olunan mübahisə inzibati xarakterli olduğundan tələbə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxıla bilər. Məhkəmə iddiaçının hazırkı mübahisənin, yəni tələbin məhkəmənin hökmündən irəli gəlməsi ilə bağlı iddiasını əsaslı hesab etməmişdir. Belə ki, hökmlə cavabdehlərin təqsiri müəyyən edilməsinə baxmayaraq, vurulmuş zərər əmək pensiyası ilə bağlı ödənişlərlə əlaqədar olduğundan, bu münasibətlər isə müvafiq icra hakimiyyəti orqanı ilə vətəndaş arasında yaranan münasibətlərdən irəli gəldiyindən, hazırki mübahisənin aidiyyəti inzibati məhkəmədir.

5. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015ci il tarixli 4 saylı qərarına istinad etmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. İddiaçının nümayəndəsi-vəkili Vəkil3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(004)-3084/2023 saylı qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv oluması və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə praktikasında pensiya təyin edən inzibati orqanla pensiyaçılar arasında yaranan mübahisələrə inzibati mübahisə hesab olunduğundan inzibati məhkəmələr tərəfindən baxılır. Bu həm də ona görə inzibati mübahisə olmuş olur ki, həmin mübahisələrdə artıq ödəmələrin aparılmasında inzibati orqanın bu və ya digər formada iradəsi təzahür etmiş olur, bununla bağlı hər hansı inzibati akt qəbul olunmuş olur və yaxud da qəbul olunmaması mübahisələndirilir və s. Lakin hazırki mübahisə üzrə tərəflərdən biri inzibati orqan olsa da, mübahisənin predmeti ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı deyil, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tələb edilməsindən ibarətdir. Başqa sözlə inzibati hüquq münasibətinin yaranması üçün inzibati orqanın hakimiyyət səlahiyyətinin tətbiqindən söhbət getmir. Bu isə mübahisə tərəflərinin həm subyektiv tərkibinin, həm də məzmununun dəyişikliyə uğraması deməkdir. Belə olan halda, yəni mübahisə tərəflərinin subyektiv tərkibi və məzmunu dəyişdikdə, belə dəyişikliyin hüquq münasibətinin növünə, bu da öz növbəsində məhkəmə aidiyyətinə təsiri aydınlaşdırılmalıdır. Bunun üçün hər şeydən öncə ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Doğrudur, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri inzibati orqan olmalıdır. Lakin bu qayda heç də inzibati orqanın çıxış etdiyi bütün münasibətlərə inzibati hüquqi xarakter vermir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 ilə sövdələşərək rəsmi sənədə saxta məlumatlar daxil etməklə qanunsuz olaraq birinciyə güzəştli şərtlərlə pensiya təyin olunmasına nail olmaları, bunun nəticəsində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 164.256,23 manat məbləğində maddi ziyan vurduqları müəyyən edilmişdir. Qeyd edilən məhkəmə hökmü qanuni qüvvəsini almışdır. Göründüyü kimi, hazırki mübahisə cavabdehlərə ödənilmiş artıq pensiya məbləği ilə bağlı deyil, birbaşa Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş deliktlə, iddiaçıya (yuxarıda sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxsə) vurulmuş maddi ziyanın tələb edilməsi ilə bağlı olmuşdur. Mübahisə olunan qərardadda isə məhkəmə əsassız olaraq, tərəflər arasında olan mübahəsini əmək pensiyasının ödənişi ilə bağlı olduğuna əsaslanaraq mübahisənin inzibati xarakterli olması və tələbə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxılmalı olduğunu nəticəsinə gəlməkdə yanlışlığa yol vermişdir. İş materiallarından da göründüyü kimi, hazırki iş üzrə iddiaçı (cinayət işi üzrə zərərçəkmiş şəxs) Dövlət Sosial Müdafiə Fondu cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş və hazırda mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qərardadında qeyd etmişdir ki, mübahisə edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə inzibati orqanın qərarı iddiaçı tərəfindən təqdim edilməmiş, daxili əmrlə məhkəmə aidiyyətini müəyyən etmişdir. Məhkəmənin mövqeyindən belə başa düşülür ki, iddiaçı inziabti orqan tərəfindən müvafiq qərar təqdim edilsə idi mübahisəyə mülki mühakimə icraatı qaydasında baxıla bilərdi. Lakin məhkəmə nəzərə almamışdır ki, mübahisələrin məhkəmə aidiyyəti hər hansı inzibati orqanın qərarı və yaxud əmri ilə deyil, Azərbaycan Respublikasının prosessual qanunvericilik aktları ilə müəyyən edilir. Yəni, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar heç bir halda qanundan üstün ola bilməz.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(004)- 3084/2023 saylı qərardadı ilə iddiaçının nümayəndəsi-vəkili Vəkil3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(004)-3084/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin

10. 261.0.1-ci maddəsinin tələblərinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin

11. 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

12. 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

13. 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

15. Qərarın 7.2-ci bəndində qeyd olunur ki, ... Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.

16. Qərarın 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

17. Qərarın 12-ci bəndində qeyd olunur ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

18. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci və 2.0.2-ci bəndlərinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3084/2023 saylı, 24 oktyabr 2023-ci il tarixli qərardadı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, prosessual hüquq normalarını işin hallarına uyğun şəkildə tətbiq etməmişdir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisənin hansı məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair məsələnin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından, habelə mübahisənin tərəflərinin hüquqi vəziyyətindən asılıdır.

21. Hazırki mübahisənin tərəflərinin hüquqi vəziyyəti aşkardır. Bunlar Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. “İnzibati orqanların Təsnifatı”-nın V bəndinə istinadən müəyyən edilir ki, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər – inzibati orqan sayılır.

22. Digər tərəfdən isə pensiya alan (X1) və inzibati orqan adından pensiya təyin olunmasında birbaşa iştirak etmiş, həmin inzibati orqanla əvvəllər xidməti hüquq münasibətlərində olmuş əməkdaşlardır (Cavabdeh4, X7 və Cavabdeh2). Belə ki, inzibati aktla əsassız olaraq artıq hesablamış pensiya məbləği həddində inzibati orqana dəymiş zərərin yaranmasında iştirak edən sonuncular inzibati orqanla işəgötürən-işçi münasibətlərində olmuşlar.

23. Bundan başqa kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Odur ki, düzgün məhkəmə icraatının seçilməsi baxımından iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla işə inzibati məhkəmə icraatı qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olması aydınlaşdırılmalıdır. Hazırki mübahisənin mahiyyətini təhlil edən kollegiya müvafiq olaraq da iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirmək məqsədilə hesab edir ki, tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlərin inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranıbyaranmaması, yəni güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulması məsələsi araşdırılmalıdır.

24. İş materiallarından göründüyü kimi vurulmuş zərərin ödənilməsinə görə qaldırılan iddiada mübahisə predmeti olan zərər məhz inzibati orqanın adından qanunla yalnız bu orqana həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edərkən inzibati hüquq sahəsindəki həyata keçirdikləri qanunsuz fəaliyyətləri ilə öz əməkdaşları tərəfindən vurulmuşdur. Bu zərərin yaranmasında həm də inzibati hüquq münasibətlərinin iştirakçısı olan və öz maraqları naminə qanunsuz şəkildə hərəkət edən pensiya alan şəxs olmuşdur.

25. Beləliklə kollegiya hazırda barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüququ, bununla əldə etməyə çalışdığı nəticəni və irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktların məcmusunu nəzərə alaraq qeyd edir ki, tərəflərin arasındakı münasibətlərin ümumi (publik) predmetinə aid olduğu öz təsdiqini tapır. Yuxarıda qeyd edildiyi kimi tərəflərin hüquqi vəziyyəti də buna yol verir. Kollegiya sərgilədiyi mövqeyin davamı olaraq Cavabdeh3 (“İ.Allahverdiyev” adına gəmi təmirigəmiqayırma zavodunun kadrlar şöbəsinin mütəxəssisi) münasibətdə də mübahisənin ümumi publik hüquq sahəsindən irəli gəldiyini nəzərə alaraq məhkəmə icraatı qaydasına dair eyni hüquqi nəticəyə gəlir. Çünki bu hal (mübahisənin ümumi publik hüquq sahəsinə aidliyi) mübahisənin həllinin inzibati icraata aid edilməsini şərtləndirən məhz əsas amillərdəndir.

26. Məhkəmə kollegiyası həmçinin iddiaçının tələbin məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən irəli gəlməsi səbəbilə hazırkı mübahisəyə mülki icraat qaydasında baxılmalı olmasına dair dəlili ilə razılaşmır. Belə ki, hazırki halda iddiaçının istinad etdiyi bu hökm məhkəmə icraatı növünün dəyişilməsi üçün əsas ola bilməz və yalnız inzibati mübahisəyə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində bu hökmlə öz təsdiqini tapmış hallar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır.

27. Birinci instansiya məhkəməsi bu halı qeyd etsə də, özü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş inzibati orqan tərəfindən məhkəməyə müraciət etməsi barədə qərarın təqdim edilmədiyinə, məhkəmə aidiyyətinin daxili əmrlə müəyyən edildiyinə istinad etmişdir. Bununla əlaqədar kollegiya bir də qeyd edir ki, qanunla müəyyən edilmiş prosessual aidiyyət qaydalarının hər hansı inzibati orqanın aktı ilə dəyişdirilməsi və ya müəyyən edilməsi imkanı nəzərdə tutulmur. Belə ki, məhkəmə, mübahisənin hansı icraat qaydasında baxılmalı olmasına dair məsələni həll edərkən ilk növbədə qanunvericiliyin normalarını yaranmış münasibətlərə tətbiq etməklə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğunu müəyyən etməlidir.

28. Göründüyü kimi birinci instansiya məhkəməsi eyni hüquqi nəticəyə gəlmiş olsa da işin həqiqi hallarını düzgün müəyyən etməmiş, araşdırmaya səthi yanaşmış, prosessual hüquq normalarını işin hallarına uyğun şəkildə tətbiq etməmişdir.

29. Belə olan halda kollegiya qeyd edir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesinin xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılmasına zəmanət yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

30. Məhkəmə kollegiyası vurğulayır ki, qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

32. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3084/2023 saylı, 24 oktyabr 2023cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar