Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7905/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzilə su axıdılması nəticəsində dəymiş ziyan, ekspert rəyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 15/21 saylı binanın 38 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir.
2. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi 15/21 saylı binanın 40 saylı mənzilində yaşayır.
3. Bakı şəhəri Nizami Rayonu 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara görə, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi 15/21 saylı binanın 38 saylı mənzilinə, həmin evin 40 saylı mənzilindən su axıdılmış, 38 saylı mənzilin mətbəx, dəhliz, zal otaqlarına maddi ziyan dəymişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, vurduğu ziyana görə 2200 manatın, 45 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 151 manatın və etibarnamə üçün ödənilmiş 17,25 manatın, yəni cəmi 2413 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri, Nizami raronu, Azər Manatov küçəsi 15/21 saylı binanın 38 saylı mənzilinə qonşusu Cavabdeh mülkiyyətində olan 40 saylı mənzildən dəfələrlə su axıdılmış, bu barədə Cavabdeh dəfələrlə bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə qonşusunun ona vurduğu ziyan çox olduğundan, məhkəməyə mürüciət etməyə qərar vermişdir. Ziyanla bağlı ilkin olaraq Nizami Rayonu 83 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmiş, mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş, bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Mənzilinə vurulan ziyanın miqdarı təqribən 2200 manat təşkil edir.
6. Cavabdeh iddia ərizəsində göstərilənlərlə razı olmadığını bildirmiş, izahatında göstərmişdir ki, iddiaçının mənzilinə dəyən ziyanın miqdarı 500 manatdan çox deyildir və həmin məbləği iddiaçıya ödəməyə razıdır. Hüquqi xidmət və məhkəmə üçün ödənilən pula görə isə cəmi 200 manat ödəyə bilər.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 2013,0 manatın və ödənilmiş dövlət rüsumuna görə 45 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur.
8. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2022-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Azər Manatov küçəsi 15/21 saylı binanın 38 saylı mənzilinə həmin evin 406 saylı mənzilindən su axıdıldığı, bunun nəticəsində 38 saylı mənzilə 2013 manat ziyan dəydiyi müəyyən olunmuşdum.
9. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 1096cı və 1097-ci maddələrinə istinad etmişdir.
10. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiaçının mənzilinə dəymiş real zərər məbləğinin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, iddiaçının mənzilinə onun mənzilindən su axmasında təqsirinin olmadığını, suyun mənzilindəki istilik su qızdırıcısının partlaması nəticəsində axdığını, həmin su qızdırıcının mənzili aldığı zaman mənzildə olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin qeyd etmişdir ki, iddiaçının mənzilinə onun mənzilindən su axsa da, bunun baş verməsində təqsiri olmamış, hadisə gecə saatlarında mənzilində su qızdırıcısının partlaması nəticəsində ortaya çıxmışdır. Məhkəmə isə bu halı nəzərə almamış, "xxxx" ASC-ni prosesə cəlb edib ətraflı araşdırma aparmadan qərar çıxarmışdır. Artıq mənzili başqa şəxsə satmışdır və hesab edir ki, iddiaçıya dəymiş ziyanın məbləği şişirdilmişdir.
12. İşə baxılmasının (vaxtı) yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbini bildirmədən məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
22. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
25. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin, iddiaçının iddiasının təmin edilən hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh Samir Hüseynov isə yalnız qətnamənin müvafiq hissəsindən apellyasiya şikayəti vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin 08 avqust 2022-ci il tarixli rəyində, iddiaçıya məxsus 38 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 40 saylı mənzilin binanın 3-cü mərtəbəsində yerləşdiyi, 38 saylı mənzilin yaşayış otaqları, mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) su sızmaya aid qüsurlar əmələ gəldiyi, 38 saylı mənzilə 40 saylı mənzilin istilik xəttlərində yaranmış nasazlıq səbəbilə su axıdıldığı vurğulanaraq, 38 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun təqribi dəyərinin 2013 manat təşkil etdiyi göstərilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
32. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
33. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı, bunun cavabdehin mənzilindəki istilik sistemində baş vermiş nasazlıqdan qaynaqlandığı müəyyən edilmişdir.
35. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun səbəbi kimi göstərilmiş hala görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır.
36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərc isə apellyatora aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-996/2022 saylı iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh vurulmuş maddi ziyana görə 2013,0 manatın və ödənilmiş dövlət rüsumuna görə 45 manatın İddiaçı xeyrinə tutulması” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov