Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-791/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2533/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından olan 03-14016 saylı xx.xx.2023-cü il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi”ndən görünür ki, istehlakçı Cavabdeh enerji ilə təmin edilmişdir.
2. İş materiallarından olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə olunması aşkar edilmişdir. İş materiallarından olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edir.
3. İş materiallarından olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edir.
4. İş materiallarından olan xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir.
5. İş materiallarından görünür ki, 5 akt üzrə cəmi 4981,05 manat borc hesablanmışdır.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində (Abonent kodu: **********20000) 2021-ci ilin fevral, sentyabr, noyabr ayları və 2023-cü ilin noyabr və dekabr aylarında sayğacdan kənar qazdan istifadəyə görə 45.000 m3 həcmində, 5072,05 manat məbləğində əlavə borc hesablanaraq Cavabdeh abonent hesabına daxil edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4981,05 (dörd min doqquz yüz səksən bir manat 05 qəpik) manat məbləğində zərərin və 69,82 (altmış doqquz manat 82 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5050,87 (beş min əlli manat 87 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192b2a)nk hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 03-14016 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 649,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2622,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat olmaqla, cəmi 5047,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 885,60 manat zərərdən 66,15 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum 4981,05 (dörd min doqquz yüz səksən bir manat 05 qəpik) manat təşkil etməkdədir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2533/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2118,24 manat pul, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 41,18 manat hissəsi olmaqla, ümumilikdə 2159,42 manat məbləğində pulun tutularaq İddiaçı bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarına əsasən həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü maddələrinə, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.2.1, 448.1-cü maddələrinə, Mənzil Məcəlləsinin 135.1 136.4 139.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77, 119.1, 216-220, 238, 241 və 244-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, yəni iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasa idi, 1-ci instansiya məhkəməsi iddia tələbimizin tam təmin edilməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Belə ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbimizin tam əsaslı olmasını göstərdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. İddia tələbimizin tam əsaslı olduğu halda və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyimiz halda, 1-ci instansiya məhkəməsi iddia tələbimizi tam yox, hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Digər tərəfdən,cavabdeh nə məhkəmə iclaslarında iştirak etmiş, nə iddia ərizəsinə etiraz bildirmiş, nə də ki ona dair Aktın tərtib edilməsini mübahisələndirmişdir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbimizi tam yox, qismən təmin etmişdir. Cavabdehə aid olan **********20000 abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildiririk ki, iddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma özözlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. 21.1-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
19. 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
21. 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
24. Maddə 6.2 bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
25. Maddə 11.6 Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. Maddə 20. müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
27. Maddə 21.1. müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
28. 1.3-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
29. 1.4-cü bəndinə görə istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
30. 3.4.1-ci bəndinə görə özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
31. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
32. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
33. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
34. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
35. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir
36. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
37. 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
38. 6.5-6.7-ci bəndlərinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88.1. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2533/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin hallarından görünür ki, İddiaçı İB tərəfindən 2023-cü ilin noyabr və dekabr aylarında sayğacdan kənar qazdan istifadəyə görə tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda sayğacdan kənar qazdan istifadə olunması nəticəsində qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması mövcud qaydalara uyğun aparılsa da, zərərin həcminin dəyəri düzgün hesablanmamışdır.
49. Belə ki, qeyd olunan 2 akt üzrə dəymiş zərərin həcminin ümumilikdə 24.408 m3 (21852 m3 + 2556 m3 =24.408 m3) təşkil etdiyini nəzərə alaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbil qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 2023-cü ildə yazılan aktlar üzrə hesablanan 24.408 m3 qaz həcminin dəyəri 5881 manat (1200 m3 x 0,12 manat = 144 manat, 1300 m3 x 0,20 manat = 260 manat, 21.980 m3x 0,25 manat = 5477 manat, 144 manat +260 manat +5477 manat =5881 manat) təşkil edə bilər.
50. Beləliklə, yuxarıda göstərilənlər üzrə abonent tərəfindən sayğacdan kənar qazdan istifadəyə görə, abonentin etdiyi ödənişlərdən borca görə 132 manat tutulma nəzərə alınmaqla vurulmuş zərərin məbləği ümumilikdə 7913 manat (164+5881-132=7913 manat) müəyyən edilə bilər.
51. Məhkəmə iclasında cavabdeh 2021-ci ildə təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir.
52. Beləliklə cavabdehi etirafı nəzərə alınmaqla, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, cavabdeh tərəfində 2021-ci ildə təbii qazdan istifadə nəticəsində cəmi 2118,24 manat borcu yaranmışdır.
53. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə 2023-cü il üçün tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən 2023-cü il üçün həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz.
54. Həmçinin də qaz paylayıcısı sayğaca müdaxilə barədə aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana (quruma), cinayət tərkibinin əlamətinə görə isə cinayət təqibi orqanına təqdim etməsi barədə sübut təqdim etməmişdir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür
57. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın işdə olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın tərtib olunduğu zaman qüvvədə olmuş redaksiyasına əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər).
58. Azərbaycan Respubliasının Mülki Məcəlləsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirməsi hesab edilir (maddə 445.2.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1).
59. Kollegiya qeyd edir ki, göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə vurğulayır ki, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri də səbəbli əlaqədir. Səbəbli əlaqə dedikdə, həyat təcrübələrinə görə bir əməlin hadisələrin normal axışında meydana gətirə biləcəyi zərərlərlə olan məntiqi əlaqə zənciri başa düşülür. Məntiqi əlaqə zənciri (bağı) içərisində bir səbəbin zərəri meydana gətirməyə uyğun bir səbəb olub-olmadığı araşdırılmalıdır. Zərərlə əməl arasında uyğun səbəbli əlaqə bağının varlığını qəbul edə bilmək üçün həyat təcrübələrinə görə hadisələrin normal axışında əməlin bu zərəri meydana gətirə biləcəyi nəticəsinə gəlmək lazımdır. Bu zaman önəmli olan, əməli törədən şəxsin nəticələri əvvəlcədən görə bilməsi deyil, obyektiv olaraq hərəkətin həmin zərəri (nəticəni) meydana gətirə biləcəyinin hadisələrin normal axışına görə qəbul edilməsidir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
61. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
62. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2533/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
64. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
66. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2533/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bliməz.