Məhkəmə qərarları › İş №2(103)-792/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-792/2023

12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-792/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: üçüncü şəxsin xeyrinə icra, zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin sahibliyinə verilməsi, mənzilə istifadə və sahiblik hüququnun tanınması və ya mənzilə görə ödənilmiş pulun ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (hazırda "xxxx" ASC) ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 017-İP(USD-01) saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh 239 ay müddətinə, illik 16% olmaqla 119 000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. “Nikoyl” X2 Cavabdeh xx.xx.2012-ci il tarixdə ünvanladığı məktubda göstərilmişdir ki, “Sizə “Nikoil Bank”ın 2 saylı filialı ilə bağlanmış 017-İP (USD-01) saylı kredit müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixində 119 000 ABŞ dolları məbləğində kredit verilmiş, tərəfinizdən kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəlikləriniz yerinə yetirilmişdir. Bu günə “Nikoil Bank”ın 2 saylı filialı qarşısında 017-İP (USD-01) saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyiniz yoxdur.”

3. "xxxx" ASC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.2007-ci il tarixli 017- İP(USD-01) saylı ipoteka müqaviləsi üzrə borc öhdəliyi xx.xx.2012-ci il tarixində tam ödənilmişdir.

4. xx.xx.2012-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir ki, “Biz, komissiyanın üzvləri: “Nikoyl” İKB-nin 2 saylı filialının müdir əvəzi A.Ç.Qarayev və filialın administrasiya qrupunun aparıcı mütəxəssisi S.S.Əliyeva həmin filialda borclu olmuş fiziki şəxs Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində istifadədə olan 0,2864 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 5 mərtəbəli binada 99,4 kv.m ümumi, 75,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 93 nömrəli mənzilə aid mülkiyyət hüququnu təsdiq edən MH №0107482 seriyalı qeydiyyat çıxarışını və MH №0099559 seriyalı ipoteka yüklüyü haqqında çıxarışını, krediti Cavabdeh tam olaraq bağladığı səbəbdən yuxarıda qeyd olunan mənzilin sənədlərini mülkiyyətçi Cavabdeh təhvil verdik. Cavabdeh (AZE ********) sənədləri yoxlayaraq təhvil aldı. Təhvil verdi: 2 saylı filialın müdir əvəzi A.Ç.Qarayev (imza var), administrasiya qrupunun aparıcı mütəxəssisi S.S.Əliyeva (imza var), təhvil aldı: mülkiyyətçi R.R. Ələsgərov”.

5. X9 Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinə ünvanladığı ərizəsində göstərmişdir ki, “o, 2007-ci ildə ünvan 3 ünvanında yerləşən 93 nömrəli mənzili ipoteka ilə tanışı Cavabdeh adına "xxxx"dan almışdır. 2010-cu ildə maddi vəziyyətinin pisləşməsi səbəbindən bu evi dayısı İddiaçı satmışdır. İddiaçı onunla razılaşmış və bank qarşısında borcunu tam ödəmişdir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Lakin Rasim dayısı İddiaçı heç bir qarışacağı olmayan, onunla Rasim arasında olan narazılığa görə bu evi dayısının adına keçirməkdən imtina edir. Rasim evin onun adına olmasından istifadə edərək arvadı ilə birlikdə polisə etdiyi şikayət nəticəsində dayısı İddiaçı və onun ailəsini sözügedən mənzildən çıxarmışdır.

6. ünvan 3 ünvanında yerləşən 93 nömrəli mənzilin qanunsuz olaraq X6 tərəfindən zəbt olunub mənzildəki əşyaların götürülməsi ilə bağlı X7 şikayət ərizəsi üzrə Nizami RPİ-nin İŞ-də araşdırma aparılmış, 04 mart 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur.

7. ünvan 3 ünvanında yerləşən 93 nömrəli mənzil xx.xx.2007-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. Səmədov X3 Rasim Ramiz oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 3 ünvanında yerləşən 93 nömrəli mənzilin onun istifadəsinə verilməsi, mənzilə istifadə və sahiblik hüquqlarının tanınması, bu mümkün olmadıqda isə ona vurulmuş maddi zərərin əvəzi olaraq (həmin mənzilə görə tərəfindən ödənilmiş) 120 000 (bir yüz iyirmi min) manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh dələduzluq edərək onu aldatmış, etibarından sui-istifadə edərək ona 120 000 ABŞ dolları məbləğində külli miqdarda zərər vurmuşdur. Onun dələduz hərəkətləri barədə polis orqanlarına da şikayət yazmış, lakin məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 2010-cu ildə qohumu X9 demişdir ki, o, iş ortağı ilə kreditə şərikli ev alıblar, lakin ilkin 12 000 ABŞ dolları ödəniş etdikdən sonra qalan ödənişi edə bilmirlər, bu səbəblə həmin evi 140 000 ABŞ dollarına satırlar. ünvan 4 ünvanında yerləşən həmin mənzili Ramiz ona göstərmiş, mənzili bəyənmişdir. Ramiz ona evin sənədini də göstərmiş, ev həqiqətən Ramizin dostu Cavabdeh adına olmuş, "xxxx"da girovda olmuşdur. Razılaşmışlar ki, evin kreditini o ödəyəcək və sonda mənzili onun adına sənədləşdirəcəklər. Onların ödədikləri ilkin ödəniş olan 12 000 ABŞ dollarını onlara ödəmiş, mənzilin açarlarını ona təhvil vermişlər. Bundan sonra ailəsi ilə köçüb həmin mənzildə yaşamağa başlamışdır. Kredit Cavabdeh adına olsa da, hər ay evin ipotekası üzrə ödənişləri mütəmadi olaraq özü həyata keçirmiş, təxminən 8-9 ay hər ay 1800 ABŞ dolları ödəmiş, 2012-ci ildə isə krediti tam bağlamışdır. Evin banka olan kredit borcunu tam ödədiyi üçün hesab etmişdir ki, artıq ev də avtomatik onun adına rəsmiləşəcək. Beləcə 2021-ci ilin mart ayına kimi ailəsi 3 övladı ilə birgə həmin mənzildə yaşamış, bu müddət ərzində nə bir dəfə kimsə qapılarına gəlib deməmişdir ki, “ev bizimdir, çıxın burdan”, nə də Rasim və ya onun arvadı bir dəfə də gəlib soruşmamışlar ki, “siz nə gəzirsiniz burada?”. 2021-ci ilin mart ayında ilk dəfə Rasimin arvadı Səidə Həsənova gəlib ailəsinin evdən çıxmasını tələb etmiş, mənzilin onlara məxsus olmasını bildirmiş, aralarında baş verən mübahisə ilə bağlı polisə şikayət vermişdir. Səidə Həsənova polisə verdiyi şikayətdə bildirmişdir ki, guya onun arvadı X6 onlara məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 26, mənzil 93-ü qanunsuz zəbt edib, açarları dəyişib, mənzildəki əşyaları isə oğurlayıb. Qəribədir ki, mənzili ona satan Cavabdeh özü qalıb bir tərəfdə, arvadını irəli verib vicdanlı insanlara şər atırlar. Soruşan lazımdır ki, mənzil sizin idisə, 10 ildir harada idiniz, məgər adamın 10 il ərzində öz mənzilindən xəbəri olmazmı? Üstəlik hələ dediklərinə görə mənzil boş deyilmiş, guya mebelləri var imiş orada. Kim inanar ki, bu müddət ərzində mənzildə kimlərin və hansı hüquqla yaşamasından sizin xəbəriniz olmayıb?. Mənzil qalsın bir yana, həmin mənzilə görə banka olan kredit borcunun bəs haradan ödənməsini düşünürmüş bu adamlar? Hesab ediblərmiş ki, bank bağışlayıb onlara bu borcu?! Mənzilin 120 000 manat kredit borcunu ödəyəndə yada düşmürdü, soruşan yox idi sən kimsən, 10 ildən sonra hazıra nazir mənzil tələb edirlər. Nizami RPİ-də şikayət üzrə araşdırma aparılmış və cavabdehin arvadı X7 verdiyi şikayət təsdiqini tapmamışdır. Belə ki, onun həm özünün, həm də əri (hazırki iş üzrə cavabdeh) Cavabdeh verdiyi izahatlarda yalan danışdıqları məlum olmuşdur. Eyni zamanda polisdə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən həmin mənzil onlara təhvil verilmiş, mənzili öz əmlakı kimi qəbul edərək 2011ci ildən fasiləsiz və etirazsız həmin mənzildə yaşamışlar, mənzili təmir etmişlər, mənzilə görə banka olan ipoteka borcunu tam ödəmişlər. Onları cinayət məsuliyyəti ilə qorxudaraq mənzildən çıxarmışlar. Lakin haqq ədalət var. Əgər o, mənzilin dəyərini tam ödəmişsə, mənzil ona məxsus olmalı və onun istifadəsinə verilməli, ya da mənzilə görə banka ödədiyi pul geri qaytarılmalıdır.

10. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, təmsil etdiyi şəxs İddiaçı adlı şəxsi nə əvvəllər, nə də sonralar heç vaxt tanımamış və aralarında hər hansı münasibət olmamışdır. ünvan 3 ünvanında yerləşən 93 nömrəli mənzili xx.xx.2007-ci il tarixli çıxarış əsasında təmsil etdiyi şəxsin mülkiyyətindədir. Mənzil “NİKOYL” Kommersiya bankında ipoteka altında olmuş, 31 may 2012-ci il tarixində kredit borcu tam bağlandığından təhvil-təslim aktı imzalanaraq sənədlər Cavabdeh təhvil verilmiş, bu barədə akt tərtib edilmiş və bank qarşısında hər hansı öhdəliyinin olmaması barədə arayış da təqdim olunmuşdur. Təmsil etdiyi şəxs və ailəsi nəinki İddiaçı, həm də onun arvadı X4 bu hadisəyə qədər tanımamışlar. Təmsil etdiyi şəxs cavabdehin qohumu X5 tanımış, sonuncu, boşandığını və qalmağa yeri olmadığını bildirdiyindən evin açarlarını və evin çıxarışının surətini də ona vermişlər ki, kommunal xidmətlərinin haqqını ödəyə bilsin. Ona mənzillə bağlı heç etibarnamə də verilməmişdir. 2020-ci ildə cavabdehin həyat yoldaşı X11 anası ilə mənzilə baxmağa getmiş, görmüşdür ki, açarla mənzilin qapısını açmaq mümkün deyil, mənzilin açarlarını dəyişmişlər. Ərazi üzrə sahə müvəkkilinə və MİS-ə məlumat vermiş, araşdırma zamanı məlum olmuşdur ki, evdə yaşayan Gədəbəy rayonundan Validə Səmədova adlı şəxsdir. Polis bildirmişdir ki, bir-iki həftəyə bu qadın Bakıya gələcək. Nəhayət Validə gəlmiş, demişdir ki, guya bu evi Ramiz onlara satıb. Cavabdehin həyat yoldaşı mənzilin çıxarışını təqdim etmiş, Validənin izahatı alınaraq 3 gündən sonra açarların təhvil veriləcəyini bildirmişlər. Cavabdehin həyat yoldaşı tələb edib ki, evə birlikdə baxaq və onu təhviltəslim edək. İki polis işçisi və iki nəfər qonşunun iştirakı ilə mənzilə baxış keçirilmiş, məlum olmuşdur ki, mənzil tam dağıdılıb, içindəki əşyalar isə oğurlanıb. Bu barədə akt tərtib olunmuş, lakin 24-cü Polis bölməsinin təhqiqatçısı sonda cinayət işinin başlanılmasını rədd etmişdir.

11. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X8 ifadəsində bildirmişdir ki, əri İddiaçı ilə rayondan Bakı şəhərinə 2012-ci ildə gəlmiş, Cavabdeh baldızının oğlu Ramiz Məmmədovun vasitəsilə tanımışdır. Belə ki, 2010-cu ildə Cavabdeh öz ailəsi ilə birlikdə onların rayondakı evlərində qonaq olmuşlar. Cavabdeh baldızının oğlu Ramizlə yaxın dost olmuşlar. Ramiz öz adına sənədləşdirmə apara bilmədiyindən ipoteka ilə dostu Cavabdeh adına ev almış, lakin sonradan evin ipoteka borcunu banka ödəyə bilmədiyindən dayısı, yəni əri İddiaçı həmin evi almağı və banka olan borcları ödəməyi təklif etmişdir. ünvan 3, mənzil 93 Cavabdeh adına rəsmiləşdirilsə də, bankda təxminən 140 000 ABŞ dolları məbləğində girovda olmuş, əri İddiaçı tərəfindən borc ödənilmişdir. Odur ki, həmin mənzildə 2011-ci ildən ailəvi yaşamışlar. Ramiz özü də bu mənzildə yaşamışdır. Əri İddiaçı işi ilə əlaqədar Rusiya Federasiyasında yaşadığından hər ay mübahisəli evin pulunu onlara göndərmiş, həmin pulu ya baldızının oğlu, ya da qaynının oğlu banka ödəmişdir. Mənzil Cavabdeh adına olduğu üçün onlar pulu onun adından banka ödəmişlər. Evə köçəndə ev təmirsiz olmuş, sonradan onlar həmin evi təmir etdirmişlər. 2020-ci ildə evə polis əməkdaşı gəlmiş və evi boşaltmaqlarını tələb etmişdir. Bu barədə Rusiya Federasiyasında yaşayan əri İddiaçı məlumat vermiş, sonuncu ona evi boşaltmağı və bu məsələni özünün həll edəcəyini bildirmişdir. Buna görə də evdən çıxmışlar.

12. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X10 ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısı, Ramiz Məmmədov isə doğma qardaşıdır. Cavabdeh qardaşı Ramiz Məmmədovla həm dost, həm də iş ortağı olmuş, həmçinin dayısı İddiaçı rayondakı evində də qonaq olmuşdur. ünvan 3, mənzil 93 Cavabdeh adına rəsmiləşdirilsə də, qardaşı Ramiz Məmmədov tərəfindən bankdan ipoteka ilə alınmış, lakin qardaşı həmin vaxt evi öz adına sənədləşdirə bilmədiyindən dostu Cavabdeh adına rəsmiləşdirmişdir. Ramiz Məmmədov sonradan evin pulunu banka ödəyə bilmədiyindən onu dayısı İddiaçı satmış, evin banka olan borcunu dayısı İddiaçı ödəmiş və onun ailəsi orada yaşamağa başlamışdır. 2020-ci ildə Cavabdeh və onun arvadının şikayəti əsasında dayısı İddiaçı ailəsini polis yaşadıqları həmin evdən çıxarmışdır. Hazırda dayısının ailəsi kirayədə yaşayır.

13. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 ifadəsində bildirmişdir ki, İddiaçı əmisi, Ramiz Məmmədov bibisi oğludur. X17 əmisi İddiaçı birlikdə Rusiya Federasiyasında işləmiş, Ramiz Məmmədov ünvan 3, 93 saylı mənzili bankdan ipoteka ilə dostu Cavabdeh adına almışdır. Ramiz Məmmədov həmin vaxt evi öz adına sənədləşdirə bilmədiyindən dostu Cavabdeh adına rəsmiləşdirmiş, lakin sonradan evin pulunu banka ödəyə bilmədiyindən onu əmisi İddiaçı satmışdır. İddiaçı Rusiya Federasiyasında yaşadığından hər ay mübahisəli evin pulunu onlara göndərmiş, həmin pulu ya o özü, ya da qardaşı banka ödəmişdir. Əmisi İddiaçı ailəsi uzun müddət həmin evdə yaşamışlar, o özü də həmin evə gedib gəlmişdir. Lakin sonradan eşitmişdir ki, əmisi İddiaçı ailəsini polis həmin evdən çıxarmışdır.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı, ünvan 3 ünvanında yerləşən 93 nömrəli mənzilin onun və ailəsinin istifadəsində olduğunu bildirərək, iddiasını evin alınması üçün bütün ödənişlərin tərəfindən banka ödənilməsi ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı ilə cavabdeh arasında mənzilə istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiq olunmuş razılaşma yoxdur. Eyni zamanda iddiaçı mübahisəli mənzilin qanun və ya müqavilə əsasında onun sahibliyinə keçməsinə dair sübut təqdim etməmişdir. İddiaçı həmin mənzilin dəyərini tərəfindən ödənildiyini iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Onun bu barədə bildirdiklərini yalnız Ramiz Məmmədovun məhkəməyə ünvanladığı ərizəsində və məhkəməyə dəvət etdiyi şahidlərin ifadəsində təsdiqləmişdir. Məhkəmə həmin ərizəyə və şahidlərin ifadələrinə tənqidi yanaşır. Həmin ərizədə göstərilənlər və şahidlərin ifadələri iddiaçının maraq və mənafeyinə uyğun qeyd edilməklə, yanaşı yoxlanılmış hər hansı bir sübutla təsdiq olunmamışdır. Belə ki, 04 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən də göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh İddiaçı tanımadığını, sözügedən mənzili Ramiz Məmmədova müvəqqəti yaşamaq üçün verdiyini bildirmişdir. İddiaçı mübahisəli mənzilin ona Ramiz Məmmədov tərəfindən satıldığını iddia etsə də, yanaşı yoxlanılmış sübutlardan görünür ki, həmin mənzil Ramiz Məmmədovun deyil, Cavabdeh mülkiyyətindədir. Belə olan halda Ramiz Məmmədov həmin mənzilə münasibətdə səlahiyyətsiz şəxs olmuş və onun həmin mənzillə bağlı hər hansı əqdi hüquqi nəticələrə səbəb olmamaqla, etibarsız olmuşdur. Bundan başqa İddiaçı Ramiz Məmmədov ilə də arasında mənzilə dair müqavilə bağlanmasına dair sübutu təqdim etməmişdir. Bunu yalnız şifahi olaraq bildirmişdir.

16. Nəticəsinin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 152.1-ci, 152.2-ci, 152.3-cü, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına istinad etmişdir.

17. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı (nümayəndəsi) onun ləğv edilməsini və iddia tələbinin “pulun tutulması” hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin əsassız qərar çıxardığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, dindirdiyi şahidlər tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair qəbzlərə münasibət bildirmədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir.

21. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir.

22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

24. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddiaçının “mənzilə görə ödənilmiş pulun ödənilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçının nümayəndəsi (vəkili) qətnamənin ləğvini istəsə də, əslində onun iradə ifadəsi qətnamənin yalnız sözügedən iddia tələbinin təmin olunmaması ilə əlaqədar hissəsi üzrə ləğvinə yönəlmişdir. Başqa sözlə qətnamə, iddiaçının “mənzilin sahibliyinə verilməsi, mənzilə istifadə və sahiblik hüququnun tanınması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

37. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

38. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

39. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyindən həmin kredit hesabına əldə etdiyi ünvan 3 ünvanında yerləşən 93 nömrəli mənzili ona satmış, buna görə Cavabdeh adından kredit ödənişlərini o həyata keçirmiş, təxminən 8-9 ay ərzində tərəfindən banka hər ay 1800 ABŞ dolları ödənilmiş, 2012-ci ildə kredit borcunu ödəyib qurtarmış, lakin Cavabdeh mənzili ondan geri aldığından həm mənzildən məhrum olmuş, həm də 120 000 manat zərərə məruz qalmışdır.

40. Kollegiyanın qənaətinə görə, İddiaçı iddia tələbinin (hazırkı apellyasiya baxışında yoxlanılan hissədə) qanuni əsası kimi mülki qanunvericiliyin “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və “əsassız varlanma” ilə bağlı müddəaları (Mülki Məcəllənin 431ci, 1091-ci və 1092-ci maddələri) nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, hər iki halda sübutetmə yükü, yəni məhz cavabdehin əvəzinə kredit öhdəliyini icra etmiş olmasını, habelə cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür və kollegiya hesab edir ki, o, həmin halları sübuta yetirə bilməmişdir.

41. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının özünün bildirdiklərindən çıxan nəticəyə görə o, banka təxminən 14 400 – 16 200 ABŞ dolları (1800 x 8 (9) ay) ödəmişdir – iddia tələbində isə heç bir ağlabatan izah verilmədən 120 000 manat tələb olunmaqdadır.

42. İddiaçının təqdim etdiyi şahid ifadələri ilə bağlı isə kollegiya qeyd edir ki, həmin ifadələr müvafiq nəticəyə gəlmək üçün yetərli deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 28).

43. Həmçinin qeyd olunmalıdır ki, əgər iddiaçının iddia etdiyi kimi, həmin şahidlər onun apellyasiya şikayətinə əlavə etdiyi qəbz surətlərində əks olunan məbləğləri Cavabdeh əvəzinə banka ödəmişlərsə, o halda məhz özləri bu vəsaitləri Cavabdeh tələb etmək hüququna sahibdirlər.

44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

45. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçının “vurulmuş maddi zərərin əvəzi olaraq (mənzilə görə tərəfindən ödənilmiş) 120 000 (bir yüz iyirmi min) manatın cavabdehdən xeyrinə tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar