Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-792/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhəri 30 saylı Notariat Ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndələrinin – (bacısı) X2 və (vəkili) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, kredit borcunun ödənilməsi məqsədi ilə 4.644,10 manat, dövlət rüsumunun ödənilməsi məqsədi ilə 25 manat məbləğində pulun ondan cavabdeh Bankın xeyrinə tutulması haqqında cavabdeh 30 saylı Notariat Kontorunun notariusu X5 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 8İ-11405 nömrə altında qeydə alınmış “İcra qeydinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən, 34 ay müddət ərzində hissə-hissə qaytarmaq şərti ilə 4.300 manat məbləğində kredit götürmüşdür. İddiaçı, həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri bir müddət yerinə yetirsə, Banka olan kredit borcunun bir hissəsini – 3.320 manatı qaytarsa da, sonradan öhdəlikləri yerinə yetirə bilməmişdir. Bundan sonra, yəni xx.xx.2015-ci il tarixdə iddiaçı ilə Banka arasında RV/069894/55/3 saylı “Kredit sazişi” bağlanmış, kredit borcu restrukturizasiya edilmiş, ödənilməmiş qalan 3.912,22 manat məbləğində borc 72 ay müddətinə ödəmək şərti ilə yeni ödəniş cədvəli verilmişdir. Həmin vaxtdan isə kredit müqaviləsi üzrə ödənişlər iddiaçının aylıq pensiyasına yönəldilmiş və pensiyasından kredit məbləği hissə-hissə tutulmuşdur. Bank 2013-cü ildən 2022-ci il tarixinədək kreditin tutulması barədə məhkəməyə müraciət etməmişdir. Lakin 2022-ci ildə artıq “Kredit müqaviləsi” üzrə öhdəliklərin icrasına görə iddia müddətinin keçməsini müəyyən etdikdə, məhkəmənin iddianı rədd edəcəyini güman edərək, məhkəməyə müraciət etmədən, cavabdeh Notariat Ofisi vasitəsilə icra qeydinin verilməsinə nail olmuşdur. Tələb üzrə iddia müddəti keçdiyindən “İcra qeydi” ləğv edilməlidir. b) cavabdeh tərəfin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdeh Bankın iddiaya etirazı onunla əsaslandırılmışdir ki, Bank ilə iddiaçı arasında bağlanmış “Kredit müqaviləsi” üzrə iddiaçının Banka yaranmış kredit borcu 2015ci ildə restruktizasiya edilmiş və borcun hissə-hissə ödənilməsinin müddəti 72 ay uzadılmışdır. Bununla da müəyyən edilir ki, tələb üzrə iddia müddəti keçməmişdir. İddia əsassızdır.
4. Cavabdeh Notariat Ofisi iddia tələbinə qarşı yazılı etiraz ilə Rayon Məhkəməsinə müraciət etməmiş və məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəydən görünür ki, “İcra qeydinin” verildiyi xx.xx.2022-ci il tarixə iddiaçının cavabdeh Banka olan ümumi borcu 4.483,63 manat məbləğində olmuşdur. Göründüyü kimi “İcra qeydindəki” məbləğlə ekspert rəyində göstərilən məbləğ arasında (4.644,10 - 4.483,63=) 160,47 manat fərq var. Bu fərqin mövcud olması “İcra qeydinin” ləğvi üçün əsas ola bilməz, çünki qanunverici “İcra qeydinin” ləğvi üçün başqa əsasları müəyyən etmişdir. İşin hallarından görünür ki, “İcra qeydi” ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bank tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya bildiriş göndərilmiş, lakin “Kredit müqaviləsi” üzrə öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən notarius xx.xx.2022-ci il tarixdə “İcra qeydi” verməkdə haqlı olmuşdur. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, “İcra qeydinin” aparılacağı barədə bildiriş iddiaçıya şəxsən çatdırılmamışdır. Halbuki iddiaçının ünvanı və əlaqə vasitələri barədə Bankda məlumat olmuşdur. Bildirişin iddiaçıya lazımi qaydada çatdırılmaması “İcra qeydinin” ləğvi üçün əsasdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, Bankın ondan tutulmasını tələb etdiyi pul məbləği şişirdilmişdir. Bundan başqa iddiaçı, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsinin” ləğv edilməsi ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu da nəzərə almamışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
9. İddiaçının nümayəndələri – iddiaçının vəkili və iddiaçının bacısı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
10. İş üzrə cavabdehlərin nümayəndələri apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmişlər. Cavabdeh Bankın nümayəndəsi bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Cavabdeh Notariat Ofisi isə ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və mübahisənin Məhkəmənin mülahizəsi əsasında həll edilməsini xahiş etmişdir. Qeyd edilən hallar işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-cı maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, işdə olan sənələrdən görünür ki, iddiaçı, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən, 34 ay müddət ərzində hissə-hissə qaytarmaq şərti ilə 4.300 manat məbləğində kredit götürmüşdür. İddiaçı, həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri bir müddət yerinə yetirsə, Banka olan kredit borcunun bir hissəsini Banka ödəsə də, borcunun qalan hissəsini ödəyə bilməmişdir. Bank ilə iddiaçı razılığa gəlmişlər ki, iddiaçının Banka ödəmədiyi borcu restrukturizasiya edilməli, ödənilməmiş qalan 3.912,22 manat məbləğində borc 72 ay müddətinə hissə-hissə, yeni “Ödəniş cədvəlinə” əsasən iddiaçı tərəfindən Banka ödənilməlidir. Bununla bağlı olaraq onların arasında xx.xx.2015-ci il tarixdə “Saziş” bağlanmışdır. Göstərilənlərə baxmayaraq iddiaçı, cavabdeh Bank qarşısında “Kredit müqaviləsi” və “Saziş” üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.
13. Bank tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək, yaranmış 1.454,36 manat məbləğində əsas kredit borcunun və 3.138,49 manat məbləğində faiz borcunun 20 gün müddətində ödənilməsini tələb etmiş və iddiaçını xəbərdar etmişdir ki, əgər borc qeyd edilən müddət ərzində ödənilməzsə, ona “İcra qeydinin” verilməsi üçün Notariat Ofisinə müraciət ediləcək.
14. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində həmin bildirişin ona çatdırılmadığını bildirsə də, işdən görünür ki, cavabdeh Bank bildirişin iddiaçıya çatdırılmasından ibarət vəzifəsini yerinə yetirmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə “Məleykə Ekspess” surətli çatdırılma şirkəti vasitəsilə iddiaçının rəsmi ünvanına (ünvan iş materiallarında var) göndərilmiş, lakin həmin ünvanda xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə qapını açmadıqları üçün bildirişin təqdim edilməsi mümkün olmamışdır (bax iş v. 78-79).
15. Məhkəmə, cavabdeh Bank tərəfindən həmin bildirişin iddiaçının rəsmi ünvanına göndərilməsini, bildirişin iddiaçıya çatdırılmamasının səbəbinin Bankdan və bildirişi həmin ünvana aparmış şəxsdən asılı olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının müzakirə edilən bu dəlili əsaslı hesab edilə bilməz.
16. Məhkəmə, MPM-in 135-ci maddəsinin tələblərinin qeyd edilən məsələyə analogiya üzrə tətbiq edərək bildirir ki, yuxarıda göstərilən bildiriş iddiaçıya çatdırılmış hesab edilməlidir.
17. Bu baxımdan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
18. Bildirişin iddiaçıya çatdılmasının ondan asılı olmayan səbəbdən baş verməsini nəzərə almış Bank, onunla iddiaçı arasında bağlanmış “Kredit müqaviləsini” rəsmiləşdirərək, qeydə almış 30 saylı Notariat Ofisinə xx.xx.2022-ci il tarixdə müraciət edərək, müqavilə üzrə borclu olan iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsini bildirmiş və “İcra qeydinin” verilməsini xahiş etmişdir.
19. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsinin tələblərinə görə, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.
20. İşdə olan sənədlərdən görünür ki, notarius, Bankın müraciətini və Bank tərəfindən ona təqdim edilmiş sənədləri, Bankı yuxarıda qeyd edilən müddətdə borcluya – hazırki iş üzrə iddiaçıya bildirişin göndərilməsini nəzərə alaraq kredit borcunun ödənilməsi məqsədi ilə 4.644,10 manat, dövlət rüsumunun ödənilməsi məqsədi ilə 25 manat məbləğində pulun hazırki iş üzrə iddiaçıdan tutularaq cavabdeh Banka ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə “İcra qeydi” tərtib etmiş və icra edilməsi üçün “İcra qeydini” Bakı Şəhəri İcra Şöbəsinə göndərmişdir.
21. Həmin “İcra qeydinin” ləğv edilməsi üçün iddiaçının iddia ərizəsində göstərdiyi dəlillərdən biri ondan ibarət olmuşdur ki, Bank, borcun ödənilməsi barədə tələb üzrə iddia müddətini ötürdüyündən “İcra qeydi” verilə bilməzdir.
22. Bununla bağlı Məhkəmə bildirir ki, “Notariat haqqında” Qanununun yuxarıda qeyd edilmiş 76-cı maddəsinin digər tələbləri ondan ibarətdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.).
24. İş materiallarından isə görünür ki, Bank ilə iddiaçı arasında bağlanmış “Kredit müqaviləsi” üzrə iddiaçının Banka yaranmış kredit borcu restruktizasiya edilmiş və borcun hissə-hissə ödənilməsinin müddəti 72 ay, yəni 6 il müddətinə uzadılmış, bununla bağlı olaraq iddiaçı ilə Bank arasında xx.xx.2015-ci il tarixdə “Saziş” bağlanmışdır.
25. Göstərilənləri və “İcra qeydinin” xx.xx.2022-ci il tarixdə verilməsini nəzərə alan Məhkəmə hesab edir ki, Bank, borcun ödənilməsi barədə tələb üzrə iddia müddətini ötürməmişdir.
26. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən bu dəlili əsassızdır. Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
27. İddiaçının apellyasiya şikayətində ifadə edilmiş digər dəlili ondan ibarətdir ki, o, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsinin” ləğv edilməsi ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
28. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı, onun tərəfindən Banka qarşı “kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə” iddianın irəli sürməsini təsdiq edə biləcək sübutları Rayon Məhkəməsinə təqdim etməmiş, o, bu barədə Rayon Məhkəməsinə ümumiyyətlə məlumat verməmişdir.
29. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi məhkəmə aktlarına – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2665/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli və 2(007)-3756/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadlarından görünür ki, həmin qərardadlar ilə iddiaçının “banka qalıq borcunun ekspertiza olunması” adlı və “artıq ödənilmiş pulun yenidən hesablanması” adlı iddia ərizələri geri qaytarılmışdır.
30. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsassızdır.
31. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 9/1787 saylı rəydən görünür ki, “İcra qeydinin” verildiyi xx.xx.2022-ci il tarixə iddiaçının cavabdeh Banka olan əsas kredit borcu 1.404,35 manat, kredit borcuna hesablanmış faiz borcu isə 3.079,26 manat (cəmi 4.483,63 manat) məbləğində olmuşdur.
32. Göründüyü kimi “İcra qeydindəki” məbləğlə ekspert rəyində göstərilən məbləğ arasında (4.644,10 - 4.483,63=) 160,47 manat fərq var. Bu fərqin mövcud olması “İcra qeydinin” ləğvi üçün əsas təşkil etmir. Çünki bu qanunverici bu kimi halın “İcra qeydinin” ləğvi üçün əsas olmasını nəzərdə tutmamışdır.
33. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən bu dəlili əsassızdır. Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
34. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Buna görə də Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri nəzərə alan və MPM-in 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2023-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.