Məhkəmə qərarları › İş №2(103)-7925/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7925/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7925/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1963/2021 saylı mülki iş üzrə qəbul etdiyi 16 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, 01109- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 16.02.2021-ci il tarixinə ödənilməmiş 2872.33 manat əsas borc, 5.57 manat faiz borcu, ümumilikdə 2877.9 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 03.12.2019-cu il tarixli, RPF01109-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 3156.96 manat məbləğində krediti illik 1%-lə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış RPF-00114-17/16A saylı, 15.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 03 dekabr 2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 03.12.2019-cu il tarixli, RPF- 01109- 16/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)- 1963/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, ondan 1432 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı hesablanmış kredit borcu əsassız olaraq artıq hesablanmışdır. İddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olsa da, şişirdilmiş borc məbləğini tələb etməkdə haqlı deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında 03.12.2019-cu il tarixli RPF-01109-16/19A saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3156.96 manat dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən iddiaçı ilə aralarında bağlanmış RF-00114-17/16A saylı, 15.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 03.12.2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 03.12.2019-cu il tarixli, RPF-01109-16/19A saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə 03.01.2020 – 03.12.2024-cü il tarixləri arasında aylıq 53.97 manat ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 17.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bank "xxxx" ASCyə olan borcu əsas borc üzrə 2872.33 manat əsas, 5.57 manat faiz borcu olmaqla, cəmi 2877.9 manat təşkil edir. İddiaçının istinad etdiyi hallar tərəflər arasında bağlanılmış 03.12.2019-cu il tarixli kredit müqaviləsinə aid ödəniş cədvəli, 30 oktyabr 2020-ci il tarixli hesabdan çıxarış, 06.10.2020-ci il tarixli pretenziya məktubları ilə təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin 462-ci, 739.1, 741, maddələrinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, Cavabdeh qarşı irəli sürülmüş kredit müqaviləsi üzrə əsas və faiz tutulması barədə tələblər əsaslıdır. Belə ki, həmin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmişdir. Ona görə də, iddiaçı kredit müqaviləsi üzrə yaranmış 2872,33 manat məbləğində əsas borc, 5,57 manat məbləğində faiz borcu, cəmi 2877,9 manat məbləğində kredit borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsində də birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin nəticəni əsaslı hesab edir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh apelllyasiya şikayətində ödənişlər etdiyini və iddiaçıya 1432 manat borcu olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1963/2021 saylı mülki iş üzrə qəbul etdiyi 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar