Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7930/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-975/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilməsini, Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı olan 5849,99 manat əsas, 4980,51 manat faiz, 4547,38 manat cərimə və xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 852,12 manat olmaqla, ümumilikdə 16230 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 0.03 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına ASC-yə ödənilməsi və ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi və ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 975/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəf şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Fərmanda qeyd olunan tərkibin hər üçü mövcud olduqda vaxtı keçmiş əsas kredit borcunun restrukturizasiya olunması halı yaranır. İddiaçı ləğvetmə prosesində olan kredit təşkilatı olduğundan sözügedən Qaydaların 7.10.1-ci bəndi üzrə hər hansı öhdəlik daşımır, həmin bənddə yalnız kredit təşkilatlarının müştərilərə yalnız özündə müvafiq məlumatları əks etdirən bildirişlərin göndərilməsi tələbi nəzərdə tutulmuşdur. Məhkəmə iddianı baxılmamış saxlamaqla bankın mənafeyinə zərər vurmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndəsi) və digər cavabdeh məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisələndirilən kredit münasibətlərinin halları “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Fərmanın qanuni qüvvəsini almasından müəyyən qədər vaxt keçməsinə baxmayaraq iddiaçı bank tərəfindən qeyd olunan prosessual hərəkətlərlə bağlı məhkəməyə məlumat daxil olmamışdır. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar uçun məcburidir. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır.Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddia ərizəsini baxılmamış saxlamışdır. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. İşdə olan «Problemli kreditlərin kompensasiyası» adlanan çıxarışdan görünür ki, hazırki kredit borcu üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə əsas borcu 8018,86 manat olmuş və həmin məbləğdən 2168,87 manat kompensasiya çıxıldıqdan sonra, hazırda iddiaçının tələb etdyi 5849,99 manat əsas borc qalmışdır. Lakin, hazırki kreditin manatla verildiyi halda, hansı səbəbdən həmin kredit borcuna kompensasiya tətbiq olunması aydın deyil və bank da belə bir açıqlama verməmişdir. Eyni zamanda, bank hansı səbəbdən qalıq borcun restrukturizasiya olunmamasına da aydınlıq gətirməmişdir. Halbuki, «Problemli kreditlərin kompensasiyası» adlanan çıxarışın «Restrukturizasiya olunması təklif olunan kreditlər» bölməsində hazırki kredit borcu da qeyd olunmuşdur. Beləliklə, bank tərəfindən mübahisə predmeti olan kreditin xx xxxxxx 2019-cu il tarixli Fərmanında nəzərdə tutulmuş qaydada tənzimlənməsi ilə bağlı tələblərə riayət edilməsi müəyyən edilmir, belə ki, bank tərəfindən restrukturizasiya ilə bağlı təklifə dair bildirişin cavabdehə göndərilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir, cavabdeh tərəfindən borc məbləğinin restrukturizasiya olunması ilə bağlı X1 edilmiş müraciətə isə Bank tərəfindən hər hansı bir cavab verilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixli Fərman kredit borcları nəticəsində çıxılmaz vəziyyətə və son dərəcə maddi sıxıntıya məruz qalmış vətəndaşlara, habelə külli miqdarda kiçik kredit borclarının yığılmasında çətinliklərlə üzləşmiş banklara dəstək məqsədini güdmüşdür və Fərman heç bir halda birtərəfli qaydada bankların xeyrinə təfsir və tətbiq oluna bilməz. Nəhayət, Kollegiya qeyd edir ki, iddiaçının ləğv prosesində olan bank olması, qanuni əsaslar mövcud olduğu təqdirdə, cavabdehin kredit borcunun restrukturizasiya olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 975/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7930/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7930/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver