Məhkəmə qərarları › İş №2(103)-7939/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7939/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7939/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlunun və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apelyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı pulun qaytarılması məqsədi ilə 8.300 ABŞ dollarının, Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq həmin məbləğə hesablanmış 6.581,25 manatın, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manatın, iddiaçıya vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2006-2007ci illərdə birgə fərdi sahibkarlıqla məşğul olmaq adı ilə iddiaçıdan 8.300 ABŞ dolları məbləğində pulu şahidlərin yanında almışdır. Lakin öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. İddiaçı, pulun qaytarılması barədə cavabdehi dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh, həmişə bununla bağlı vaxt istəyərək pulu qaytaracağını vəd etmişdir. Aralarında olan dostluq münasibətini nəzərə alaraq iddiaçı cavabdehə möhlət vermişdir. Lakin hazırda cavabdeh pulu qaytarmaqdan imtina edir. İddiaçı cavabdehin hərəkəti barədə polis orqanına şikayət ərizəsi ilə müraciət etsə də, mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmiş və bununla da iddiaçıya maddi və mənəvi ziyan vurmuş, iddiaçı həmin məbləğdən istifadə edərək gəlir əldə etməkdən məhrum olmuşdur. Göstərilənlərə əsasən iddiaçı, iddia ərizəsində qeyd edilən pul məbləğlərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı onunla əsaslandırmışdır ki, iddia ərizəsi şər və böhtan xarakterli olmaqla qərəzli və məqsədyönlü tərtib edilmişdir. Cavabdehin keçmiş iş yoldaşı olmuş iddiaçının məqsədi cavabdehin şərləmək, cavabdehin işgüzar nüfuzuna xələl gətirməkdir. İddiaçı vəzifəsində yol verdiyi kobud nöqsanlara görə əvvəlcə aşağı vəzifəyə keçirilmiş, 2008-ci il tarixdə isə işdən azad edilmişdir. Buna görə iddiaçı özünü yox, cavabdehin təqsirli hesab edir. Bundan sonra cavabdehin nüfuzdan salmaq məqsədi ilə iddiaçı dəfələrlə müxtəlif orqanlara şər və böhtan xarakterli şikayət ərizələri ilə müraciət etmiş, lakin bu müraciətlərdə heç bir zaman pul borcu məsələsini qaldırmamışdır. İddiaçı borc məsələsini sondan uydurmuşdur. Bu özü onu göstərir ki, borcu ilə əlaqədar aralarında heç bir məsələ olmamışdır. İddiaçı bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə də müraciəti etmiş, orada araşdırma aparılmış, lakin böhtan xarakterli müraciət 23.11.2020-ci il tarixli qərarla iddiaçının özünə qaytarılmışdır. Cavabdeh iddiaçıdan heç vaxt pul almamış, iddiaçı ilə heç bir biznes fəaliyyəti olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, əgər iddiaçı cavabdehə guya 2007-ci ildə pul vermişdirsə, ondan nə üçün 13 ildən sonra belə bir iddia qaldırmışdır. Bütün bunlar göstərir ki, iddiaçının tələbi uydurmadır. Bundan başqa nəzərə alınmalıdır ki, iddia əsaslı olmuş olsa belə, təmin edilə bilməz, çünki iddiaçı iddia müddətini ötürmüşdür. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi şahid X1 ifadəsini əsassız olaraq nəzərə almamışdır. Bundan başqa iddiaçı tərəf, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət versə də, Rayon Məhkəməsi həmin vəsatəti əsassız olaraq rədd etmişdir. Bundan əlavə, iddiaçı cavabdehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə dəfələrlə telefonla danışmış və iddiaçı tərəfindən Rayon Məhkəməsinə şifahi qaydada verilən müvafiq şirkətə sorğu ünvanlayaraq iddiaçı və cavabdehin istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısının alınması barədə vəsatət Rayon Məhkəməsi tərəfindən əsassız olaraq təmin olunmamışdır. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, dostu olan iddiaçı, 2007-ci ildə ona zəng edərək adı “Pəncərə” olan restoranına çağırmış və o, həmin restorana getdikdə iddiaçıdan başqa masa arxasında cavabdehi və tanıdığı Bəxtiyar adlı şəxsi görmüşdür. Söhbət zamanı iddiaçı ona müraciət edərək bildirmişdir ki, cavabdeh ilə biznes yaratmaq çün ona pul lazımdır və ondan 7.000 ABŞ dolları məbləğində pulu borc istəmiş, o da evə gedib həmin məbləği gətirərək, küçədə, avtomobilin yanında iddiaçıya vermiş və çıxıb getmişdir. Pulun iddiaçı tərəfindən cavabdehə verilməsini görməmiş, həmin vaxt cavabdeh onlardan aralı dayanmışdır. Sonradan bir neçə dəfə pula ehtiyacı olmuş və iddiaçıya müraciət edərək pulun nə vaxt qaytarılması ilə maraqlanmış, iddiaçı da, hər dəfə demişdir ki, pulu cavabdehə vermiş, cavabdeh qaytaran kimi o da pulu qaytaracaq. Yasamal RPİ-nin 27-ci PB-nin 23.11.2020-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, (hazırki iş üzrə iddiaçı) İddiaçı 13.11.2020ci il tarixdə ərizə ilə PB-nə ərizə ilə müraciət edərək, (hazırki iş üzrə cavabdeh) Cavabdeh 2006-2007-ci illərdə birgə fərdi sahibkarlıqla məşğul olmaq adı ilə ondan 8.300 ABŞ dolları pul aldığını, lakin sonuncunun heç bir iş görməyərək ona ümumilikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-449-cu maddələrinə əsasən 13.700 ABŞ dolları məbləğində maddi ziyan vurduğunu bildirərək pulunun geri qaytarıllmasında köməklik göstərilməsini xahiş etmişdir. Ərizə əsasında aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək oxşar izahat vermişdir. İzahatı alınmış Cavabdeh isə bildirmişdir ki, onun İddiaçıla heç vaxt iş birliyi olmamış və o, İddiaçı heç vaxt pul almamışdır. Göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında cinayət təqibinin başlanmasından imtina olunmuş və ona izah edilmişdir ki, o, mülki mühakimə qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənləri və iş üzrə tərəflərin şifahi və yazılı qaydada verdikləri məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli ilə və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdehə birgə iş görmək üçün pul verdiyini və buna baxmayaraq cavabdehin iş görmədiyini bildirən iddiaçı, ilk növbədə cavabdehə pul verdiyini, ikinci növbədə isə cavabdehin həmin işi görməməsini, yəni öhdəliyi icra etməməsini sübut etməlidir. Lakin iddiaçı nəinki cavabdehin onun qarşısında icra edilmiş öhdəliyin olmasını, hətta onun tərəfindən cavabdehə pul verməsini sübuta yetirə bilmir. Belə olan halda hesab edilməlidir ki, müzakirə edilən tələb əsassızdır və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Bundan başqa Məhkəmə bildirir ki, cavabdehin iddiaçı qarşısında üzərinə öhdəlik götürməsi sübuta yetmədiyindən, mövcud olmayan öhdəliyin icra edilməməsi səbəbindən iddiaçıya maddi və mənəvi zərərin dəyməsi, iddiaçının fayda itirməsi mümkün deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi digər tələbləri də əsassız hesab edərək rədd etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi şahid İlham Hümmətovun ifadəsini əsassız olaraq nəzərə almamışdır. Bu dəlillə bağlı Məhkəmə bildirir ki, şahid İ.Hümmətovun ifadəsi iddia tələbini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Çünki şahid məhz bilavasitə özünün qavradığı, bilavasitə gördüyü və eşitdiyi faktlar barədə məlumat verməlidir. Başqasından eşitdiyi, özünün gəldiyi nəticələr, öz qiymətləndirmələri şahid ifadəsi hesab oluna bilməz. Şahid qismində dindirilmiş İ.Hümmətovun ifadəsindən də görünür ki, o iddiaçının cavabdehə pul verməsinin bilavasitə şahidi olmamış, iddiaçının cavabdehə pul verdiyini iddiaçıdan eşitdiyini bildirmişdir. Buna görə də, hesab edilməlidir ki, Rayon Məhkəməsi şahid İ.Hümmətovun ifadəsini etibarlı sübut kimi qiymətləndirməməkdə haqlı olmuşdur. Müzakirə edilən dəlil əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı tərəf, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət versə də, Rayon Məhkəməsi həmin vəsatəti əsassız olaraq rədd etmişdir. Məhkəmə qeyd edir ki, müzakirə edilən dəlil əsassızdır. Belə ki, 19.04.2021-ci il tarixli məhkəmə baxışı iclasının keçirilməsi ilə bağlı tərtib edilmiş məhkəmə iclas protokolundan görünür ki, iddiaçının vəkilinin (nümayəndəsinin) əlavə şahidin dindirilməsi ilə bağlı vəsatəti Rayon Məhkəməsi tərəfindən təmin edilmiş və şahidin məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə baxışı iclası 03.05.2021-ci il tarixə təxirə salınmışdır. Həmin tarixə və digər tarixlərə aid məhkəmə baxışı iclasının keçirilməsi ilə bağlı tərtib edilmiş məhkəmə iclas protokolundan görünür ki, iddiaçı tərəf dindirilməsini xahiş etdiyi şahidi Rayon Məhkəməsinə təqdim etməmişdir. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə dəfələrlə telefonla danışmış və iddiaçı tərəfindən Rayon Məhkəməsinə şifahi qaydada verilən müvafiq şirkətə sorğu ünvanlayaraq iddiaçı və cavabdehin istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısının alınması barədə vəsatət versə də, Rayon Məhkəməsi həmin vəsatəti əsassız olaraq təmin etməmişdir. Məhkəmə müzakirə edilən bu dəlilidə əsassız hesab edir. Belə ki, həmin vəsatətə təmin edildiyi və əldə edilə biləcək müvafiq “zənglərin siyahısından” iddiaçı ilə cavabdehin telefon danışıqları aparması müəyyən edilsə idi belə, həmin danışıqların məzmunu məhkəməyə bəlli olmayacaqdır və belə olan halda iddianın əsaslı olması qeyri-mümkün olacaqdır. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar