Məhkəmə qərarları › İş №2(103)-794/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-794/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-794/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov Ziya Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi x qızının katibliyi, İddiaçı n oğlunun və nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı n oğlunun Cavabdeh qarşı "borc müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.07.2019-cu il il tarixli, 2(004)-3810/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) ABŞ dolları məbləğində borcun tutularaq, onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə iddiaçı arasında bağlanmış 25.10.2016-cı il tarixli borc müqaviləsinə əsasən, cavabdeh ondan 35000 (otuz beş min) ABŞ dolları məbləğində borc pul almışdır. Həmin kredit (borc) müqaviləsi Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Müqavilə bağlandığı gün o, borcalan Cavabdeh həmin məbləği faizsiz vermişdir. Borcalan aldığı krediti (borcu) 10.11.2016-cı il tarixədək "borc verənə", yəni iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan 3 (üç) ilə yaxın müddət keçməsinə baxmayaraq, borcalan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və bu günədək aldığı borcu qaytarmamışdır. İddiaçı dəfələrlə borcalana xəbərdarlıq edərək bildirmişdir ki, onun da başqa şəxslərə borcu vardır və iddiaçı həmin borcları vaxtında qaytara bilmədiyinə görə hazırda onu da məhkəməyə vermişlər. Borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.07.2019-cu il il tarixli, 2(004)-3810/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.07.2019-cu il il tarixli, 2(004)-3810/2019 nömrəli qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclaslarının keçirilməsindən xəıbəri olmamış, yalnız icra məmurundan ona zəng gəldikdən sonra bu işdən xəbər tutmuşdur. Onun bu müqavilənin məvcudluğundan xəbəri olmamış, həmin müqavilə üzrə o, iddiaçıdan pul almamışdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamışdır. Hesab edir ki, borcun tutulması barədə icra qeydi ola-ola, məhkəmə tərəfindən işə baxılaraq yekun qərar qəbul edilməsi qanunsuz olmuşdur. Belə ki, bu halda işə xitam verilməli idi. Məhkəmə iclasında iddiaçı n oğlu və nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 25.10.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 35000 (otuz beş min) ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh isə həmin məbləği 10.11.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə sorğusu əsasında Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən məhkəməyə təqdim edilmiş Notariat işinin surətindən görünür ki, Cavabdeh tərəflər arasında bağlanmış 25.10.2016-cı il tarixli kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə İddiaçı müvafiq icra qeydinin verilməsi ilə bağlı 12.02.2019-cu il tarixdə sözügedən Notariat Kontoruna müraciət etmiş, eyni tarixdə Notariat Kontoru tərəfindən Cavabdeh bildiriş ünvanlanaraq, İddiaçı olan 35000 (otuz beş min) ABŞ dolları məbləğində borcun ödənilməsi ilə bağlı icra qeydi veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 24.04.2019-cu il tarixli məktuba əsasən, sözügedən borcun ödənilməsi ilə əlaqədar icra qeydi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra və Porobasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan ünvan 1 ünvanlanmış 29 mart 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 25.10.2016-cı il tarixli 3M-866 saylı reyestrlə rəsmiləşdirilmiş kredit müqaviləsinə 24.04.2019-cu il tarixli 8İ-3093 saylı reyestrlə İddiaçı icra vərəqəsi verilmiş və onun tərəfindən adı gedən kredit müqaviləsinin Yasamal rayon İcra və Probasiya şöbəsinə icra qeydinin verilib-verilməməsi barədə məlumat yoxdur. İş materiallarında olan 05.04.2021-ci il tarixli Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən göndərilmiş məktubdan müəyyən olunur ki, Bakı şəhəri 25.10.2016-cı il tarixli, 3M-866 saylı icra qeydi şöbənin icraatına daxil olmamış, lakin şöbənin icraatında tələbkar İddiaçı borclu B.x qarşı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3810/2019 sayli icra vərəqi vardır. İş materiallarında olan ünvan 1 ünvanlanmış 23 aprel 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 25.10.2016-cı il tarixində 3M-866 saylı reyestrlə təsdiq edilmiş və İddiaçı 12.02.2019-cu il tarixli ərizəsi əsasında icra qeydi aparılmış və Yasamal rayon İcra və Probasiya şöbəsinə təqdim edilmək üçün ona təqdim edilmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin müəyyən edilən hallarından və qanunvericiliyin qeyd edilən tələblərindən belə nəticəyə gəlmək olur ki, tərəflər arasında 35000 ABŞ dolları borcun verilməsinə dair kredit müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilə üzrə nəzərdə tutulan məbləği iddiaçıdan alsa da, sonradan müqavilə öhdəliklərini yerinə yetirməmiş və borc məbləğini nəzərdə tutulmuş müddətdə iddiaçıya qaytarmamışdır. Nəticədə iddiaçının həmin borc məbləğini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Apellyasiya şikayətinin cavabdehin məhkəmə iclaslarından xəbərinin olmaması, məhkəmənin işi tam araşdırmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bildirişlər göndərilmiş, lakin cavabdeh qeyd edilən ünvanda yaşamadığı səbəbindən bildirişlər ona çatmamışdır. Bundan əlavə, kollegiya cavabdehin borc müqaviləsindən məlumatı olmadığı ilə bağlı dəlili ilə də razılaşmır. İş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Ofisində bağlanmış müqavilədən görünür ki, cavabdehin şəxsən özünün iştirakı ilə Notariat ofisində müqavilə bağlanmış və onun tərəfində könüllü şəkildə müqavilə imzalanmışdır. Göründüyü kimi, cavabdehin həmin dəlili də həqiqəti əks etdirmir. Həmçinin, elektron məhkəmə sistemi vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə SMS bildirişlər də göndərilmişdir. Bundan başqa, işə baxan məhkəmə işin hallarını, iddiaçının təqdim etdiyi sübutları ətraflı araşdırmış, sorğular verərək işin düzgün həll edilməsi üçün zəruri olan sənədləri əldə etmişdir. Apellyasiya şikayətinin iş üzrə artıq icra qeydi verildiyi, bu səbəbdən də işə məhkəmə qaydasında baxılmalı olmamasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki prosessual qanunvericiliyin bu müddəalarından bəlli olur ki, barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar qaydada həyata keçirildiyi təqdirdə, eyni tələblə məhkəməyə müraciət edildikdə, işə baxan hakim işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verməlidir. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, iddiaçının müraciəti əsasında borcun tutulması barədə notarius tərəfindən icra qeydi verilsə də, həmin icra qeydi icraya yönəldilməmiş və icra edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin hazırkı kredit müqaviləsi bağlandığı zaman qüvvədə olmuş redaksiyasına əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Həmin Qanunun 79-cu maddəsinin hazırkı kredit müqaviləsi bağlandığı zaman qüvvədə olmuş redaksiyasına əsasən tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Həmçinin, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab edilir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından görünür ki, notarius tərəfindən icra qeydinin aparılması özü-özlüyündə mübahisənin məhkəmədən kənar qaydada həyata keçirilməsi hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə görə, icra qeydi verildikdən sonra onun icra olunması üçün icra hərəkətlərini həyata keçirən orqana təqdim edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin öz pozulmuş hüquqlarını məhkəmədən kənar qaydada həyata keçirməsi icra qeydi aparıldıqdan sonra icra olunması üçün icra orqanına təqdim edilməsini və məcburi xarakterli icra hərəkətləri aparılmasını əhatə edən bir prosesdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı icra qeydinin verilməsi ilə təxminən eyni vaxtda borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə onun tələbi təmin olunaraq qətnamə icraya yönəldilmiş, icra orqanı tərəfindən icra sənədi üzrə müəyyən icra hərəkətləri həyata keçirilmişdir. Belə olan təqdirdə, qanunun hərfi mənasından çıxış etməklə, mübahisələndirilən qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsi, icra vərəqinin icraya yönəldilməsi yolu ilə həmin icra hərəkətlərinin yenidən həyata keçirilməsi mülki-prosessual qanunvericiliyin prosessual qənaət prinsipinin tələblərinə zidd olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.08.2012-ci il tarixli Qərarında göstərilir ki, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.07.2019-cu il il tarixli, 2(004)-3810/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Ziya Şirinov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar