Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7942/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair 2(006)-3653/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/7972/14 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 36 ay müddətinə 25 % dərəcəsi ilə 5000 manat kredit verilmişdir.
2. Ləğv prosesində olan QSC "xxxx" KB cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1936,45 manat məbləğində əsas borc, 733,50 manat məbləğində faiz borcu, 1145,94 manat məbləğində cərimə, müqavilə başa çatdığı gündən iddia ərizəsi verilən günə qədər gecikdirilmiş günlər üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 292,68 manat faiz borcu olmaqla ümumilikdə 4108,57 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli e-2(007)- 478/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur.
3. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən zəruri sənədlərin (kredit müqaviləsinin, kassa məxaric orderinin, maliyyə arayışının və s.) əslini və ya notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/7972/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və bu barədə qeydin Azərbaycan Respublikası Mərkəzi Bankının elektron sistemində yerləşdirilməsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan kredit müqaviləsi üzrə bankın ona qarşı tələbi məhkəmə tərəfindən rədd olunduğundan və iddia müddəti keçdiyindən, həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi üçün bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, Fond tərəfindən müraciətin təmin olunmasından imtina olunmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim Natavan Tağıyeva)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddianı etiraf etdiyinə və iddia əsaslı olduğuna görə təmin olunmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 881.1, 881.2, 881.3, 442, 427.2 və 425.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 191.2, 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh LPO QSC "xxxx" KB apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddianın etiraf olunması barədə məhkəməyə hər hansı ərizə verilmədiyi və məhkəmə iclasında iddianın etiraf olunması barədə hər hansı izahat verilmədiyi halda, məhkəmə əsassız olaraq LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunu iddianın etiraf olunması kimi qiymətləndirmişdir. Bundan əlavə, İddiaçı qarşı bankın iddiasının rədd olunması öhdəliyə xitam verilməsinə əsas vermir. Hal-hazırda bank tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli e-2(007)-478/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş apellyasiya icraatındadır. Məhkəmə qərar qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
14. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə cavabdehin apellyasiya şikayəti üzrə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
18. Belə ki, birinci instansiya məhkəməsi bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı müraciətinə 22 aprel 2022-ci il tarixli cavab məktubunu iddianın etiraf olunması kimi qiymətləndirməklə səhv nəticəyə gəlmişdir. Məktubun məzmunundan görünür ki, Fond Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli e-2(007)-478/2021 saylı qətnaməsi ilə Fondun üzərinə hər hansı öhdəlik qoyulmadığını İddiaçı bildirmiş, məktubda iddianın etiraf olunması barədə hər hansı bir ifadə qeyd olunmamışdır. Bundan əlavə, iddianın etiraf olunmasının forma və qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsində qeyd olunmuşdur. Həmin maddəyə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddianın etiraf olunması barədə cavabdeh tərəfindən məhkəməyə nə yazılı ərizə verilmiş, nə də məhkəmə iclasında bu barədə bildirilməmişdir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi vurğulamışdır ki, “iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.”
20. İddiaçı öhdəliyə xitam verilməli olmasını onunla əsaslandırmışdır ki, 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə bankın ona qarşı tələbi məhkəmə tərəfindən rədd olunmuş və iddia müddəti keçmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 527.1-ci maddəsində qeyd olunmuşdur. Hazırkı halda 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi üçün heç bir əsas yoxdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı təmin etməklə Mülki Məcəllənin 527.1-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarını və Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquq normalarını pozmuş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
22. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (4108,57 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Ləğv prosesində olan "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.