Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7945/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3815/22 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı faizsiz, xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 14.000 manat borc almışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən 14.000 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 14.000 manat məbləğində pulu borc vermişdir, cavabdeh isə borcu 14 mart 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda cavabdehdən pulunun qaytarılmasını dəfələrlə tələb etməsinə baxmayaraq, o, borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3815/22 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia təmin olunmuşdur.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etmədiyindən iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448, 739-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən götürdüyü 14.000 manat məbləğində pul borcunun 5.850 manatını iddiaçıya qaytarmış, qalan 8.150 manat pulu isə maddi vəziyyəti pisləşdiyindən vaxtında qaytara bilməmişdir. Lakin iddiaçı iddia ərizəsində ona borcun 5.850 manat hissəsinin qaytarıldığını göstərməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə cavabdeh qətnaməni qismən – yalnız 5850 manat hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxladı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması barədə düzgün nəticəyə gəlmişdir.
22. Bununla yanaşı, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği ilə bağlı işin halları baxımından səhv nəticəyə gəlmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
24. Apellyasiya şikayətinə əlavə olunmuş və iddiaçının adı, soyadı və ata adı qeyd edilərək onun tərəfindən imzalanmış qəbzdən görünür ki, iddiaçı 7 noyabr 2019-cu il tarixdə cavabdehə borc olaraq verdiyi 15000 AZN-dən 1000 manat alımışdır. Həmçinin şikayətə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 350 manat məbləğində vəsait iddiaçının "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Beləliklə, cavabdeh iddiaçıya olan borcundan ümumilikdə 1350 manat ödəniş etdiyinə dair sübutlar təqdim etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya 5.850 manat qaytardığını bildirsə də, bu barədə sübutlar təqdim edə bilməmişdir.
25. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən hesab edir ki, qətnamə dəyişdirilərək cavabdeh tərəfindən ödənilmiş 1350 manat nəzərə alınmalı və cavabdehdən iddiaçının xeyrinə tutulan borcun cəmi məbləği (14000-1350) 12650 manat (on iki min altı yüz əlli) manat müəyyən edilməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
27. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi cavabdeh 14000 manat məbləğində borcundan 5850 manat ödədiyini və cəmi 8150 manat borcu qaldığını etiraf etmişdir. Yəni, cavabdeh faktiki olaraq apellyasiya qaydasında borcun yalnız 5850 manat hissəsini mübahisələndirmişdir. Lakin məhkəmə araşdırması zamanı 5850 manat deyil, cəmi 1350 manatın ödənildiyi təsdiq olunduğundan məhkəmə kollegiyası qətnamə ilə tutulan borcun məbləğini həmin hissədə, yəni 1350 manat hissəsində azaldır və 12650 manat müəyyən edir. Bu baxımdan cavabdehin mübahisələndirdiyi hissə cəmi 4500 manat qalmış olur (5850-1350=4500). İddiaçının mübahisələndirə biləcəyi hissə isə borcun 1350 manat hissəsini təşkil edir.
28. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, kassasiya qaydasında mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi 14 000 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulacaq borcun məbləği 12650 manat (on iki min altı yüz əlli) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.