Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7948/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əsas və faiz borcunun, habelə dövlət rüsumunun qaytarılması”, həmçinin “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Almaniya Respublikasında yaşayarkən ondan aldığı 1 427 364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmin iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 2012-ci ilin iyun ayında övladının xəstəliyi adı ilə Almaniya Respublikasına gedərkən ondan qaytarmaq şərtilə 5000 (beş min) manat pul vəsaiti alaraq Respublikanı tərk etmiş, Almaniya Respublikasında yaşadığı müddətdə övladının müalicəsinin uzandığını və pula ehtiyacının çox olduğunu bildirərək, orada olduğu müddətdə hər ay ona pul göndərməsini xahiş etmiş, nağd pulu olmadığından bu məsələni yalnız bankdan götürməklə həll edə biləcəyini söyləmiş, Elşən isə heç-bir narahatçılığın olmadığını, qayıdanda ümumi məbləği və faizləri qaytarmaq şərtilə mütəmadi hər ay 5000 (beş min) manat göndərilməsini istəmişdir. Qardaş olaraq inanıb 2016-cı ilin mart ayına qədər pulun göndərilməsini mütəmadi olaraq hər ay həll etmiş, Elşən pulların bankdan götürüldüyünü və əlavə faiz borcu ödədiyini bilmişdir. Əvvəllər hər ay 5000 (beş min) manat məbləğində pul vəsaitini “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərmiş, 2014-cü ildə Elşən ona problem yarandığını dedikdən sonra, həmin pulları bir-neçə dəfə gəlib-gedərkən nağd şəkildə və sonradan Elşənin planlaşdırılmış fikrinə əsasən hər ikisinə qohum olan X1 adına plastik kart açaraq daha rahat olsun deyə karta ödəmişdir. Bu ödəniş 2016-cı ilin mart ayına kimi davam etmişdir. Amma sonralar artıq imkan zəiflədiyindən və pulu bankdan götürdüyü üçün faizlər çoxaldığından, tək qaldığı üçün və ona köməyi olmadığından qardaş olsa da belə ona ayrılmış karta pul ödəyə bilməmişdir. Hazırkı tarixə kimi ABŞ dolları ilə faiz ödəyir, bankdan götürdüyü pullar ABŞ dolları ilə olmuş, həmçinin bu müddət ərzində kurs yuxarı qalmışdır. Cavabdehə ona ödədiyi və hal-hazıra kimi qaytarmadığı 1 427 364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat borcun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən 10 (on) gün müddətində ona qaytarılması ilə bağlı xx xxxx 2020-ci il tarixdə rəsmi xəbərdarlıq göndərmişdir. İddiaçı “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı digər iddia ərizəsi ilə də məhkəməyə müraciət edərək, “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 5 511 983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, Cavabdeh 8 252 479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13 764 462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat borcun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin iddia tələbləri üzrə mülki işlər bir icraatda birləşdirilmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə isə İddiaçı “ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nazim Hacıyev küçəsində yerləşən 7 nömrəli evin 16 nömrəli mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 nömrəli evin 79 nömrəli mənzilinin və "Hyundai İX 55” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin müddət ərzində aidiyyatı təşkilatlara hər hansı sənədləşmə və özgəninkiləşdirilməsinin qadağan edilməsi tələbinin qoyulması” məzmunlu iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi təmin olunmamışdır. Həmin qərardaddan şikayət verən İddiaçı məhkəmənin qanunverciliyi düzgün tətbiq etmədiyini, başqa məhkəmə işi üzrə həmin əmlakların özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın hazırkı iş üzrə də müvafiq qərardad çıxarılmasına maneə törətmədiyini irəli sürmüşdür. Şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessualhüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Birinci instansiya məhkəməsi ərizəni təmin etmədiyi zaman ona əsaslanmışdır ki, İddiaçı eyni məzmunlu ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-421/2020 nömrəli qərardadı ilə təmin edilmişdir və buna görə də qeyd edilən əmlaklar üzərinə həbs qoyulması, bununla bağlı aidiyyatı təşkilatlara hər hansı sənədləşmə və özgəninkiləşdirilməsinin qadağan edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Kollegiya məhkəmənin həmin qənaəti ilə razılaşır; belə ki, iş materiallarından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-421/2020 saylı qərardadı ilə İddiaçı “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Nərimanov Rayon icra və probasiya şöbəsinə və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə onun iddianı təmin etmə tədbirinə dair ərizəsinin qismən təmin edildiyi və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nazim Hacıyev küçəsində yerləşən 7 nömrəli evin 16 nömrəli mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 nömrəli evin 79 nömrəli mənzilinin, “Hyundai İX 55” markalı **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edildiyi, bu qərardadın Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanıldığı aydın olur; bu isə o deməkdir ki, hazırda həmin əmlakların üzərinə təkrarən həbs (məhdudiyyət) qoyulmasına zərurət mövcud deyildir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı məhz özünə məxsus əmlakların üzərinə həbs qoyulmasını və onların özgəninkiləşdirilməsinin qadağan olunmasını istəməkdədir; belə bir xahiş isə iddianı təmin tədbiri institutunun yuxarıda göstərilən məqsədlərinə və ümumiyyətlə bu institutun mahiyyətinə uyğun deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7948/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7948/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver