Məhkəmə qərarları › İş №2(103)-795/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-795/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-795/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)-2424/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, cavabdeh ona etibar edilmiş özgə əmlakını mənimsəməklə iddiaçıya küllli miqdarda ziyan vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 1(101)-886/2017 №-li hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətinə dövlət və bələdiyyə oqranlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh AR CM-nin 179.3.2 və 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair 07 iyul 2017-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh AR CM-nin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Cavabdeh AR CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə AR CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 01 il 06 ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və cəzasının əvvəlinin xx.xx.2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-203/209 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 59000 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 247 manat, vəkillə bağlanmış müqaviləyə görə 200,0 manat, cəmi 59447 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddia tərəfi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh 13700,0 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 247,0 manat, vəkillə bağlanmış müqaviləyə görə 200,0 manat, cəmi 14147,0 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ona etibar edilmiş özgə əmlakını mənimsəməklə zərərçəkmiş şəxsə, yəni İddiaçı külli miqdarda ziyan vurmaqla talamışdır və xeyli miqdarda vergi ödəməkdən yayınmışdır. İş üzrə cavabdeh 07 iyul 2017-ci il tarixli 1(101)-886/2017 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi olan vaxt mülki iddia verməmiş, bunu bilməmişdir. Hazırda bu kimi iddia ilə məhkəməyə mülki qaydada müraciət edir. Cavabdehin ona külli miqdarda ziyan vurması məhkəmə istintaqında sübuta yetirilmişdir. Bundan başqa, hazırkı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının da cavabdehdən alınaraq ona ödənilməsi zəruridir. Cavabdeh tərəf iddiaya dair etiraz edərək göstərmişdir ki, iddiaçı öz tələbini Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli hökmü ilə əsaslandırmış və həmin hökmlə cavabdehin Azərbaycan Respubliaksının Cinayət Məcəlləsinin 213.1 və 179.2.4-ci maddələri ilə təqsirinin sübuta yetirilməsi və buna görə də ona zərər vurulması qənaətinə gəlmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü ilə barəsində olan CM-in 213.1-ci maddəsinə dair ittiham sübuta yetirilmədiyindən bəraət, 179.3.2-ci maddəsinin tərkib hissəsi isə CM-in 179.2.4-cü maddəsinə tövsif edilərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 il 10 ay müddətinə cəza təyin edilmişdir. Həmin hökmdən kassasiya protesti və şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-203/209 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə cavabdeh arasında işgüzar münasibətlər olmuş və onlar birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh, biznes fəaliyyəti zamanı yaranan borc məbləğindən 2011-ci ildə Buzovna qəsəbəsində yerləşən Təmənnis yaşayış massivində almış olduğu torpaq sahəsini iddiaçı X3 təkidi ilə Əflatun adlı şəxsin qohumuna satmış və 8000 manat pulu qardaşı X5 vasitəsilə iddiaçıya ödəmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi məbləğ öz təsdiqini tapmadığından iddia ərizəsi əsassızdır. Bundan başqa, iddiaçı tərəfindən borc məbləğinin tələb edilməsi üçün qanunla müəyyən eidlmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının MM-in 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarına nəzər salınsa sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən bu günədək 45 aylıq müddət keçmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)- 2424/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə, maddi zərərə görə 13700,0 (on üç min yeddi yüz) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 57,0 (əlli yeddi) manat və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 100,0 (yüz) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 190,0 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, hökmlə müəyyən olunmuş hallara əsasən, Cavabdeh ona etibar edilmiş əmlakı zərəçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmasa da, onun öz ifadəsində zərərçəkmiş şəxsə 5700 manat borcunun olmasını etiraf etməsi və 8000 manat borcun qaytarıldığını göstərdə də, bu faktın təsdiq edilməməsi və bununla da, Cavabdeh dolayı yolla zərərçəkmiş şəxsə 5700 manatdan əlavə 8000 manat borcunun olmasını etiraf etməsi onun zərərçəkmiş şəxsə 13700,0 manat ziyan vurmaqla onun əmlakını mənimsədiyini təsdiq edir. Hadisənin məhz cavabdeh Rizvan Mənsimov tərəfindən törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də Rizvan Mənsimov Azərbaycan Respublikası CMnin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə iddianın 13700,0 manat məbləğin təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən borc pulun 8000,0 manat məbləğində olan hissəsini iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Cavabdehin bu dəlilini yalnız məhkəmə iclasında şahid qismində ifadə vermiş qardaşı təsdiq etmişdir. Lakin məhkəmə, cavabdehin yaxın qohumu tərəfindən onun maraq və mənafeyinə uyğun verilmiş və işin digər halları ilə uyğunlaşmayan şahid ifadəsini inandırıcı saymamış, həmçinin etirazın sübuta yetirilməsi üçün kifayət hesab etməmişdir. Göstərilənlər ona dəlalət edir ki, iddiaçı iddia tələbini 13700,0 manat məbləğində zərərin vurulması hissəsində sübuta yetirmiş, cavabdeh isə həmin məbləğin 8000,0 manatını iddiaçıya qaytarmasını sübuta yetirə bilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandığı Bakı Apellyasiya Məhkəməsinin hökmündə onun etibar edilmiş əmlakı zərərçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurmasının iş materiallarında olan hər hansı sübutla təsdiq olunmadığı göstərilmişdir. O, öz ifadəsinə zərərçəkmiş şəxsə 5700 manat borcunun olduğunu etiraf etmiş, 8000 manatın isə qaytarıldığını bildirmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə tərəflər arasında olan məbləğin borc olduğu müəyyən edilmişdir. İş materiallarına nəzər salınsa sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən yəni xx.xx.2019-cu il tarixdən 45 aylıq müddət keçmişdir (üç il doqquz ay) 1-ci inistansiya məhkəməsində etiraz və ərizə təqdim edilməsinə baxmayaraq məhkəmə öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandırmamışdır. Eyni Məcəllənin 373.3. maddəsinə əsasən, “Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir”. Hesab edir ki, iddia tələbi üzrə prosesual müddət keçdiyindən 1-ci inistansiya məhkəməsi həmin müddəti tətbiq etməli iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflərin həqiqi iradə ifadələri araşdırılmamış, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla yekun qənaətinə gəlinmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadə verərək bildirmişdir ki, 8000 manat borcun qarşılığında cavabdeh 2011-ci ildə Buzovna qəsəbəsi, Təmənnis yaşayış massivində olan 20ha torpaq sahəsini iddiaçı X3 təkidi ilə Əflatun adlı şəxsin qohumuna vermiş, borcun əvəzi olaraq 8000 manatı X5 iddiaçı X4 ödəmişdir. İddiaçı apellyasiya şikayətinə dair etirazla məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti süni şəkildə borcun ödənilməsindən yayınmaq və məhkəmələrin vaxtını almaqdan ibarətdir. Cavabdeh 5700 manat məbləğində borcun olduğunu etiraf etmiş, 8000 manatın əvəzində ona torpaq sahəsi verdiyini bildirsə də, torpaqla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Müddətin ötməsi ilə bağlı dəlilə gəldikdə isə qeyd etmişdir ki, hazırki işə cinayət işi qaydasında qiymət verildiyi üçün burada hər hansı müddətin buraxıldığından söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndə-vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Cavabdeh iddiaya etirazının əsası kimi biznes fəaliyyəti zamanı yaranan borc məbləğindən 2011-ci ildə Buzovna qəsəbəsində yerləşən Təmənnis yaşayış massivində almış olduğu torpaq sahəsini iddiaçı X3 təkidi ilə Əflatun adlı şəxsin qohumuna satmış və 8000 manat pulu qardaşı X5 vasitəsilə iddiaçıya ödəməsini göstərsə də, bu faktı təsdiq etmək üçün sonuncunun şahid qismində dindirilərək verdiyi şahid ifadəsinə istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin izahatı və şahid ifadəsini iddianın əsassız olmasını təsdiq edən sübut növü kimi qiymətlədirməmişdir. Belə ki, kollegiyanın qənaətinə görə cavabdehin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaya olan etirazın əsası kimi istinad etdiyi hallara dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsidir ki, həmin şahid ifadəsi də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mötəbər sübut kimi qiymətləndirilməmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır. Belə ki, şahid cavabdehin qardaşı olmaqla verdiyi ifadə də cavabdehin maraq və mənayeinə uyğun olmaqla ifadəsində göstərdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamışdır. Bu halda isə şahid ifadəsi sübut növü kimi qiymətləndirilmə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şahid ifadəsində verilən məlumatlar sübutlarla təqdim edilsəydi bu məlumatlar digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənatə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə məhkəmə kollegiyası apellyasiya icraatı tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaranq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmlə müəyyən olunmuş hallara əsasən,hazırki mübahisəyə Azərbaycan Respublikasının MPM-nin 82.4cü maddəsini tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh ona etibar edilmiş əmlakı zərəçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmasa da, onun öz ifadəsində zərərçəkmiş şəxsə 5700 manat borcunun olmasını etiraf etməsi və 8000 manat borcun qaytarıldığını göstərdə də, bu faktın təsdiq edilməməsi və bununla da, Cavabdeh dolayı yolla zərərçəkmiş şəxsə 5700 manatdan əlavə 8000 manat borcunun olmasını etiraf etməsi onun zərərçəkmiş şəxsə 13700,0 manat ziyan vurmaqla onun əmlakını mənimsədiyini təsdiq edir. Həmin hökmlə, həmçinin, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı cinayət nəticəsində dəymiş maddi ziyanla əlaqədar onun mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 5700 manatdan əlavə 8000 manat borcunun olmasını qeyd etməsi də artıq özü-özlüyündə iddiaçının tələbinin əsaslı olmasına dəlalət edir. Lakin cavabdeh əlavə 8000 manatı qaytarmasına dair də tutarlı və mötəbər sübutlar təqdim etməməsi də hazırda onun iddiaçıya məhz bu məbləğdə borcu qaytarmasının təsdiqidir və buna görə də kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə, maddi zərərə görə 13700,0 (on üç min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilməsinə dair nəticəsi işin araşdırılmış hallarına tam uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair dəlili də əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi etiraz ərizəsində göstərildiyi kimi vaxtaşırı ödəmələrlə bağlı tələblərə aid edilmir və etirazın əsaslandırıldığı qanunvericilik normasının təsiri altına düşmür. Belə ki, hazırkı tələb üzrə zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələblərinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi, sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən 45 aylıq müddət keçdiyindən və ümumi iddia müddəti on il təşkil etdiyindən iddia müddətinin ötürülməsinə dair cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmır Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)- 2424/2022 saylı qətnaməsi təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar