Məhkəmə qərarları › İş №2(103)-7951/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7951/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7951/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC Cavabdeh qarşı subroqrasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə (hakim M.Zeynalov, iş № 2(001)-4793/10) iddia təmin olunaraq 2726,18 manat sığorta ödənişi və ödənilmiş 21 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxx 2008-ci il tarixdə Bakı şəhəri, M.Qasımov küçəsi ilə X.Şuşinski küçəsinin kəsişməsində VAZ 2107 markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxx” ASC-nin MİL-SU-0056/07 şəhadətnaməsi ilə sığortalanmış “Subaru Forester” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Zərərin aradan qaldırılması üçün “xxxxxxxxxxxx” ASC tərəfindən 2726,18 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 3(001)-369/08 saylı inzibati xəta haqqında Qərarına əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və inzibati qaydada cərimə edilmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh ziyanı ödəməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bildirişi ona rəsmi qaydada verilməmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmiş, sübutları araşdırmamış, cavabdehin iştirakı olmadığı halda ekspertiza keçirilməsi təşəbbüsü ilə çıxış etməmişdir. Kimin tərəfindən verilməsi qətnamədə qeyd olunmayan təmir üçün hesablanma arayışında həmin zərərin məbləği 2376,18 manat, “xxxxxxxxxxx” ASC-nin cavabdehə ünvanladığı məktubda isə həmin zərərin məbləği 2726,18 manat qeyd olunmuşdur. Ən əsası isə avtomobilə dəymiş zərərin yekun məbləğini təsdiq edən ehtiyat hissələri və təmir xərclərinin ödənilməsi barədə qəbz, kasko sığorta müqaviləsi, sığorta ödənişinin iddiaçı tərəfindən icra edilməsi barədə təsdiqedici sənəd iş materiallarına əlavə edilməmiş, məhkəmə həmin avtomobilin sığortalanmasını, sığorta ödənişinin həqiqətən də qanuni əsaslarla icra edilməsini araşdırmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi T.Xankişiyev apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, sürücü Cavabdeh xx xxx 2008-ci il tarixdə M.Qasımov küçəsi ilə X.Şuşinski küçəsinin kəsişməsində “VAZ 2107” markalı, ** ZM *** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq “VAZ 2107” markalı, ** XS *** dövlət nömrə nişanlı, “QAZ 3110” markalı, ** BM *** dövlət nömrə nişanlı və “Subaru Forester” markalı, ** AE *** dövlət nömrə nişanlı avtomaşınlarla toqquşmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati xəta haqqında xx xxxx 2008-ci il tarixli qərarı ilə Cavabdeh baş vermiş inzibati xətada təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Subaru Forester” markalı, ** AE *** dövlət nömrə nişanlı avtomaşın “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalı olmuş, hadisə sığorta şəhadətnaməsinin qüvvədə olduğu vaxt baş vermişdir. “xxxxxxxxxxxx “ ASC-nin xx xxx 2008-ci il tarixli sığorta aktından görünür ki, həmin avtomobil ilə bağlı zərər 2876,18 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” MMC-nin xx xxx 2008-ci il tarixli hesablama arayışından məlum olur ki, avtomobilin təmiri üçün ehtiyat hissələri üçün 2376,18 manat, təmin-bərpa xərci üçün 500 manat, cəmi 2876,18 manat xərc müəyyən edilmişdir. xx xxxx 2008-ci il tarixli kassa məxaric orderindən məlum olur ki, sığortalı avtomobilin sahibi X2 xx.xx.2007-ci il tarixli şəhadətnamə üzrə sığorta ödənişi kimi 2726,18 manat pul vəsaiti verilmişdir. Hazırda iddiaçının tələbi ödədiyi həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sığortalıya məxsus “Subaru Forester” markalı, ** AE *** dövlət nömrə nişanlı avtomaşına ziyan dəyməsi ilə əlaqədar olaraq “xxxxxxxxxxxx” ASC tərəfindən sığorta müqaviləsi üzrə müvafiq ödəniş edildiyindən iddiaçının cavabdehdən reqres qaydasında həmin pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1114-cü və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehin apellyasiya şikayəti aşağıdakı dəlillərdən ibarətdir: - məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmişdir. - təmir üçün hesablama arayışında zərərin məbləği 2376,18 manat, sığorta aktında 2876,18 manat, məktubda isə 2726,18 manat göstərilsə də, bu ziddiyyətin aradan qaldırılması üçün müvafiq ekspertiza təyin edilməmişdir. - kasko sığorta müqaviləsi, sığorta ödənişinin “xxxxxxxxxxx” ASC tərəfindən icra edilməsi barədə təsdiqedici sənəd iş materiallarına əlavə olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayaraq qeyd edir ki, məhkəmə bildirişləri və digər sənədlər cavabdehin həmin vaxt rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmiş, həmin ünvandan müvafiq qeydlərlə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə məhkəmə bildirişlərini cavabdehin məlum olan sonuncu yaşayış yeri üzrə göndərmiş və bununla bağlı prosessual pozuntuya yol verməmişdir. Cavabdehin şikayətdə göstərdiyi hesablama arayışında zərərin məbləğinin 2376,18 manat göstərilməsi həqiqətə uyğun deyildir. Belə ki, iş materiallarında “xxxxxxxxxxxx” MMC-nin xx xxx 2008-ci il tarixli hesablama arayışından (i.v. 12) göründüyü kimi 2376 manat yalnız avtomobilin təmiri üçün ehtiyat hissələrinin xərcidir. Arayışda həmçinin əlavə olaraq 500 manat təmin-bərpa xərcləri göstərilmiş, çəkilməli olan xərclər cəmi 2876,18 manat müəyyən edilmişdir. Yəni, hesablama arayışı ilə müayinə aktı arasında heç bir zddiyyət mövcud olmamışdır. İddia edilən və müvafiq xəbərdarlıq məktubunda olan 2726,18 manata gəldikdə isə, iş materiallarında olan məxaric orderindən (i.v. 15) məlum olur ki, X2 xx.xx.2007-ci il tarixli şəhadətnamə üzrə sığorta ödənişi kimi 2726,18 manat pul vəsaiti verilmişdir (belə ki, dəymiş zərərdən 100 manat françiza məbləği çıxılmışdır). Yəni, iddiaçı dəymiş zərəri bütövlükdə deyil, ödədiyi sığorta məbləğini tələb etmişdir. Sözügedən mədaxil orderi ilə (i.v. 15) sığorta ödənişinin “xxxxxxxxxxx” ASC tərəfindən icra edilməsi, sığorta şəhadətnaməsinin surəti ilə isə (i.v 14) həmin şəhadətnamənin “Subaru Forester” markalı, ** AE *** dövlət nömrə nişanlı avtomaşının kasko sığortası əsasında verildiyi müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı hazırkı vəziyyətdə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini də məqsədəmüvafiq hesab etmədi. Belə ki, hadisədən 12 il ötdükdən sonra avtomobilə hadisə baş verən vaxt (2008-ci ildə) dəymiş zərərin həcminin miqdarının, eləcə də sıradan çıxmış ehtiyat hissələrinin dəyərinin müəyyən edilməsi üçün avtomobili tələb etmək (avtomobilin uzun müddət istismarı, yenidən zədələnməsi və ya təmir edilməsi, aşınması, ümumiyyətlə avtomobilin hazırda mövcud olması və s. səbəblərdən), qüsur aktında göstərilən hissələrin və təmir-bərpasının məhz 2008-ci ildəki qiymətini yoxlamaq həm çətin və həm də qeyri-mümkündür. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, göstərilən qüsur aktı yeganə sübut kimi mötəbər hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasəsn mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar