Məhkəmə qərarları › İş №2(103)-7964/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7964/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7964/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2390/2022 saylı, 19 oktyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1."xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 6898 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən bank borcalana 12 ay müddətinə illik 22% olmaqla, 2400 manat kredit verməyi, borcalan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. "xxxx" Açıq Sahmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə baglı sagİamİaşdırma tədbirləri haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2015-ci ii 15 iyul tarixll 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cu maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin probbemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. 3."xxxx" QSC-nin Nizamnaməsinə edilmis 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasi Prezidentinin 2015-ci il 15 iyul tarixll, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış huquqi şəxs statuslu qurum ("X1 Edilməsi Agentllyl" MMC) vasitəsilə həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli, S-FK-951 saylı aktdan müəyyən olunur ki, borclu Cavabdeh məxsus "xxxx" ASC-dəki şəxsi borc hesabından çıxarış və ona dair digər borc sənədləri İddiaçı QSC-yə verilmişdir.

5. xx.xx.2019-cu il tarixli, 5012 saylı tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişlə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsini həyata keçirən İddiaçı QSC-nin tabeliyində yaranmış hüquqi şəxs statuslu qurum “X1 Edilməsi Agentliyi” MMC borclu Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

6. xx.xx.2020-ci il tarixli, 4092 saylı bildirişlə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsini həyata keçirən İddiaçı QSC-nin tabeliyində yaranmış hüquqi şəxs statuslu qurum “X1 Edilməsi Agentliyi” MMC borclu Cavabdeh borc qalığının hissəvi şəkildə ödənilməsinə dair restrukturizasiya müqaviləsinin bağlanmasını təklif etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2214,60 manat əsas, 1775,63 manat faiz, cəmi 3990,23 manat və 59,90 manat dövlət rüsumu əvəzi tutulub “onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2390/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Fərid Əyyubov) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 2214,60 manat əsas, 450,67 manat faiz borcu olmaqla, cəmi 2665,27 manat borcun və 46,65 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi; iş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərcinin 60 manatının Cavabdeh, 40 manatın isə İddiaçı QSC BOKT-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, cavabdeh qurum İddiaçı QSC-nin mübahisənin həlli yönündə göstərdiyi tədbirlər nəticəsiz qalmışdır. Belə ki, müqaviləyə əsasən borcverən öhdəliklərini yerinə yetirmiş, 2400 manat krediti cavabdehə vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Ekspert rəyinə əsasən müqavilənin bitdiyi tarixə faiz borcu 450,67 manat təşkil etdiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməli və faiz borcu ekspert rəyinə müvafiq olaraq 450,67 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş edib şikayətində göstərir ki, iddiaçının əsas məqsədi həmin Fərmanın icrasını təmin etmək üçün S-FK-951 saylı, 11 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən, məhkəmə qaydasında cavabdehdən əsas borc üzrə 2214.60 (iki min iki yüz on dörd manat, 60 qəpik) manat, faiz borcu üzrə 1775.63 (bir min yeddi yüz yetmiş beş manat, 63 qəpik) manat olmaqla, cəmi 3990.23 (üç min doqquz yüz doxsan manat, 23 qəpik) manat məbləğində pul vəsaitinin tam alınaraq dövlət büdcəsinə ödəməkdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı QSC BOKT-un nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni faiz borcunun təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsində, yəni faiz borcunun təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır, yəni iddianın təmin edilən hissəsi mübahisələndirilmədiyindən yoxlanılmır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Təmin edilməyən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, birinci instansiya məhkəməsi tərəfindən faiz borcunun təmin edilməyən hissəsinin rədd edilməsi əsassız olmamışdır. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5035 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli, 6898 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 05 iyul 2021-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) "xxxx" ASC-yə olan borcu 3544,64 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 2214,60 manat, faiz borcu üzrə 450,67 manat; 01 yanvar 2017-ci il tarixə əsas borc üzrə 2214,60 manat, faiz borcu üzrə 752,10 manat və faiz borcu üzrə (5%-lə) 301,43 manat müəyyən olunmuşdur.

22. Göründüyü kimi, cavabdehin müqavilə müddəti ərzində iddiaçıya 1775,63 manat faiz borcu olması ekspert rəyi ilə də təsdiq olunmur. Deməli, iddiaçının faiz borcunun tələb edilən məbləğdə olmasına dair təqdim etdiyi maliyyə arayışı da mötəbər sübut hesab edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

24. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2390/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı QSC BOKT-un apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2390/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar