Məhkəmə qərarları › İş №2(103)-7965/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7965/2022

28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7965/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlamışlar və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(002)- 2701/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay bir uşağa görə 135 manat olmaqla, üç uşağa görə 405 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2701/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladlarının maddi və mənəvi vəziyyətləri ilə maraqlanmır, uşaqların təhsili və tərbiyəsi ilə bağlı əlavə xərclərdə iştirak etmir. Hazırda övladlarını tərbiyə edir, onları həm maddi, həm mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışır. Lakin, o, əyani təhsil aldığı üçün işləyə bilmir, yalnız cavabdehin gecikmələrlə ödədiyi alimentlə üç uşağını dolandırmağa çalışır. Cavabdeh nikahın pozulması və aliment tələbi ilə bağlı mülki işə baxılarkən məhkəmənin iclasında şəxsi təsərrüfatla məşğul olmaqla aylıq qazancının 400 manat olmasını bildirsə də, cavabdehin aylıq qazancı bildirdiyindən dəfələrlə çoxdur. Belə ki, cavabdeh şəxsi təsərrüfatla, yəni arıçılıq təsərrüfatı ilə məşğul olmaqla, özünün də etiraf etdiyi kimi, 1.080 ədəd arıya baxır. 1.080 ədəd arı isə, hamıya məlum olduğu kimi, 1.080 ədəd arı pətəyi deməkdir və hamıya məlum olan haldır ki, arı balının 1 kiloqramının dəyəri minimum 30-40 manat təşkil edir. Məhkəmə tərəfindən üç uşaq üçün ümumilikdə müəyyən edilmiş 405 manat məbləğində aliment hazırda uşaqların indiki tələbatlarını ödəmir. Cavabdehin 1080 pətəkdən ibarət arıçılıq təsərrüfatı ilə məşğul olmaqla, aylıq qazancının bildirdiyindən dəfələrlə çox – 2.000-3.000 manat civarında olması nəzərə alınmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılmalıdır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1862/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(002)-2701/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutulması, ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdehdən 74 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəməyə təqdim edilmiş arayışa əsasən cavabdeh işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Bundan başqa, cavabdeh daha artıq məbləğdə aliment ödəməsi üçün kifayət qədər gəlirə malik deyil. İddiaçı cavabdehin daha artıq miqdarda aliment ödəməyə maddi imkanının olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, uşağın saxlanılması üçün zəruri olan xərclərin yalnız bir valideyndən tutulması ədalət prinsipinə ziddir. Çünki, uşağa baxılması vəzifəsi hər iki valideynə şamil olunur. Uşağı həm ata, həm da ana maddi cəhətdən təmin etməlidirlər.

7. Məhkəmə gəldiyi nəticəni «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli qərarı, Ailə Məcəlləsinin 112.1-ci maddələri, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və Mülki Prosessual Məcəllənin 14.2, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehin maddi imkanının yaxşı olması barədə məhkəməyə sübutlar təqdim edilmiş, lakin məhkəmə həmin sübutları nəzərə almamışdır. Tələbə olduğu üçün işləmək imkanının olmadığını, uşaqların maddi cəhətdən təmin olunmasının yalnız ataları tərəfindən ödənilən alimentdən asılı olmasını, lakin ödənilən həmin alimentin dövlətin uşaqlar üçün müəyyən etdiyi minimum yaşayış səviyyəsini də təmin etməməsini məhkəməyə bildirsə də, həmin hallar nəzərə alınmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

12. Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

24. Göründüyü kimi, əvvəlki qətnamə ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün bir uşağa görə 135 manat olmaqla, üç uşağa görə 405 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, iddiaçı hazırda həmin məbləğin artırılmasını tələb etmiş, tələbini isə onunla əsaslandırmışdır ki, cavabdeh şəxsi təsərrüfatla, yəni arıçılıq təsərrüfatı ilə məşğul olur, 1080 ədəd arıya baxır.

25. Birinci instansiya məhkəməsi isə bu dəlillərə ümumiyyətlə qiymət verməmiş, aliment məbləğini hər uşaq üçün 150 manat müəyyən etmişdir.

26. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti əsassız olmuşdur.

27. Kollegiya qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, 2018-ci ildə 154 manat, 2019-cu ildə160 manat, 2020-ci ildə 170 manat olmuş, 2021-ci il üçün isə 175 manat, 2022-ci ildə 193 manat müəyyən olunmuşdur.

28. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır.

29. Apelyasiya baxışı zamanı təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 11397/2021 saylı qətnaməsindən görünür ki, həmin işə baxılarkən cavabdeh izahatında arı pətəyi saxladığını, 1.080 ədəd arıya baxdığını, lakin arıların onun olmadığını qeyd etmişdir.

30. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus “instagram” sosial şəbəkəsindən yazışmaları əks etdirən fotoşəkillərdən müəyyən edilir ki, cavabdeh arıların özlərinə məxsus olduğunu, həm satışla məşğul olduğunu, həm də təsərrüfatı özünün idarə etdiyini, 1000-dən çox arı olduğunu, qiymətinin 40 manat olduğunu bildirmişdir.

31. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan da müəyyən edilir ki, cavabdehin adına aktiv VÖEN mövcuddur və fəaliyyətin əsas növü kimi “arıların becərilməsi, arı balının və arı mumunun istehsalı” qeyd olunmuşdur.

32. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən hər uşağa görə 135 manat olmaqla, 405 manat məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda bir uşağın saxlanması üçün həmin məbləğ yetərli sayıla bilməz.

33. Təyin olunan aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir.

34. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşağa görə 193 manat olmaqla, 579 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2022 saylı iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2701/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat dövlət rüsumu (mediasiya xərci) cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar