Məhkəmə qərarları › İş №2(103)-7968/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7968/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7968/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh Nəsirova (Mirzəyeva) Aybəniz Bəylər qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)-8641/2014 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2498,74 ABŞ dolları məbləğində əsas borc, 406,13 ABŞ dolları məbləğində faiz borcu, 107,71 ABŞ dolları cərimə borcu, 8 manat müqavilə üzrə öhdəlikləri pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3012,58 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq “İddiaçı” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)- 8641/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2498,74 ABŞ dolları məbləğində əsas borc, 406,13 ABŞ dolları məbləğində faiz borcu, 10 ABŞ dolları məbləğində cərimə borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq manatla), 8 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri və 30 manat məhkəmə xərci, cəmi 2914,87 ABŞ dolları və 38 manat pulun müştərək qaydada tutularaq “İddiaçı” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun sözügedən qətnamədən xəbəri olmamış, yalnız icra prosesində məlumatı olmuşdur. Onun məhkəmə prosesində iştirakı təmin edilməmiş və o öz hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Hesab edir ki, kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz və cərimələr həddindən artıq çoxdur və məhkəmə mühasibatlıq ekspertizası təyin olunmaqla faiz məbləği dəqiq hesablanmalıdır. Məhkəmə iclasında cavabdeh Nəsirova (Mirzəyeva) Aybəniz Bəylər qızının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçı bankın nümayəndəsi X4 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)-8641/2014 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan “İddiaçı” QSC-nin “Səbail” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 3030 saylı kredit müqaviləsi üzrə borcalana 36 ay müddətinə illik 24 faiz olmaqla 3250 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icra olunmasına görə borclu ilə bərabər birgə məsuliyyət daşımışdır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borclarının ödənilməsi, əks halda borcun alınması üçün məhkəməyə müraciət olunacağı barədə “İddiaçı” QSC tərəfindən xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmadığını göstərsə də, hesablamanın düzgün aparılmamasını əsaslandırmamış, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi də faizlərin düzgün hesablanmamasını ümumi sözlərlə ifadə etmişdir. Bunun əksinə olaraq, iddiaçı bankın nümayəndəsi hesabdan çıxarışa uyğun olaraq əsaslandırmışdır ki, 2498,74 ABŞ dolları məbləğində əsas borca düzgün olaraq 406,13 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Kollegiya həmçinin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyatorun arqumentinə münasibətdə qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına, yəni rəsmi qeydiyyatda olduğu ünvana bildirişlər göndərilməsi, həmin ünvanda yaşamaması səbəbindən bildirişlərin ona çatmaması müəyyən olunur. Bu halda məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)- 8641/2014 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar