Məhkəmə qərarları › İş №2(103)-797/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-797/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-797/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, aldatma yolu ilə ondan alınmış 5400 manat pulun və məhkəmə xərclərinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnamədə yalnız 5400 manatın tutulması ilə bağlı hissədə araşdırma apararaq, yəni cavabdehin izahatına və məhkəmə qərarlarına istinad edərək, ikinci hissə ilə bağlı (2500 manat ilə bağlı məhkəməyə təqdim edilmiş Nərimanov RPİ-nin PŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına fikir vermədən və izahatlara əhəmiyyət vermədən) heç bir prosessual hərəkət aparmadan qətnamə qəbul etmişdir. Belə ki, qeyd olunan qərardan görünür ki, Cavabdeh, Mirzə ilə bağlı 500 manat pul verdiyini özü etiraf etmişdi. Bu faktı Sultanəlinin məhkəmədə etiraf etməsinə baxmayaraq, məhkəmə onu qətnamədə qeyd etməkdən yayınmışdır. Cavid adlı şəxslə bağlı isə cavabdeh izahat verərkən etiraf etmişdir ki, iddiaçını həmin şəxslə o tanış etmişdir. Binəqədi rayonunda yerləşən kafedə iddiaçı Cavidə 2000 manat pul vermiş, Cavid isə pulu götürməmişdir. Sonradan isə cavabdeh bu dediklərinin əksinə olaraq qeyd etmişdir ki, düzdür iddiaçı Cavidə pul verib, lakin iş üçün verib, bunun ona dəxli yoxdur. Cavabdehin bu ziddiyyətli ifadələrinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçı nə Cavid, nə də Mirzə adlı şəxsi tanımır və onların nə işlə məşğul olması və harada yaşamaları barədə məlumatı yoxdur. O, pulları ona aid işlərin görülməsi üçün cavabdehə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, bir işinin görülməsi məqsədilə cavabdehə müxtəlif vaxtlarda 5400 manat və 2500 manat məbləğində vəkil xidmətlərinin aparılması üçün pul vermişdir. Cavabdeh onu Cavid adlı şəxslə tanış etmiş və vəkil olduğunu, iddiaçının adından müvafiq qanuni işləri aparacağını bildirmişdir. O, nə Cavid, nə də Mirzə adlı şəxsləri tanımamışdır. Sadəcə cavabdehə inandığı üçün onun köməyinə etimad etmişdir. Cavabdeh isə ondan aldığı pulları iş görülməsi üçün həmin şəxslərə verdiyini bildirsə də, qarşılığında heç bir iş görülməmişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. Cavabdeh isə, apelyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, o, iddiaçıdan heç bir məbləğdə pul almamışdır. İddiaçı ilə Cavid adlı şəxs kafedə görüşmüş, lakin bu zaman cavabdeh onların yanında olmamış, sonradan yanlarına gəldikdə ona məlum olmuşdur ki, iddiaçı Cavidə pul təklif etmiş, lakin o, qəbul etməmişdir. Eyni zamanda, iddiaçı Mirzə adlı şəxsi özü də şəxsən tanımış və kredit götürülməsi ilə bağlı kömək göstərilməsi üçün ona müraciət etdikdə, bu barədə Mirzə ilə danışmasını bildirmiş və onlar özləri görüşmüşlər. Onun bu məsələyə heç bir aidiyyəti olmamışdır. Odur ki, qeyd olunanlara əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik-leytenantı C.V.Rəhimovun cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarına əsasən, Cavabdeh, Cavid adlı şəxsin və qeyrilərinin təqsirliklikləri sübuta yetirilmədiyindən, əməllərində cinayət tərkibi olmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir İddiaçı həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, ibtidai istintaq orqanının sözügedən qərarı qanuni hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər və Cavid adlı şəxs arasında müəyyən vəsait hesabına xidmətlərin göstərilməsindən ibarət mülki münasibətlər mövcud olmuşdur. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru C.Mayılovun xx.xx.2019-cu il tarixli cinayət işin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı Cavabdeh bildirmişdir ki, Mirzə adlı şəxsi 2017-ci ildən tanıyır. 2019-cu ilin yay aylarına İddiaçı ona kredit lazım olduğunu bildirdikdə, o da Mirzəni tanıdığından ona müraciət etməsini demişdir. Nəticədə onlar, Mirzə ilə Nigar görüşmüş və kredit alınmasına kömək olunacağı məqsədilə sonuncuya 5000 ABŞ dolları və 500 manat pul vermişdir. Lakin sonuncu vədinə əməl etməmiş və pulu da qaytarmamışdır. İddiaçı isə bildirmişdir ki, Cavabdeh 2014-cü ildən tanıyır. Ona 40.000 manat pul lazım olduğundan Cavabdeh söz vermişdir ki, həmin kreditin alınmasına köməklik edə bilər. Bu iş üçün 2500 manat istədiyini, həmin pulun isə Mirzə adlı şəxsə çatacağını demişdir. Bundan başqa isə, əlavə olaraq 2500 manat vermiş, lakin sonuncu vədinə əməl etməmiş və pulunu da qaytarmamışdır. Hazırda iddiaçı, bildirir ki, cavabdehlə arasındakı münasibətlər xidmət göstərilməsində köməklik edilməsi ilə bağlı olmuş və o, bu xidmətlərə görə ödənişi xidmət göstərən şəxslərə bilavasitə deyil, cavabdehə verməklə ödəmiş, lakin qarşılığında heç bir iş görülmədiyindən hazırda pulunun qaytarılmasını tələb edir. Cavabdeh isə bunu təkzib edərək, iddiaçıya yalnız gördürmək istədiyi işlərlə bağlı kimlərə müraciət etməli olması ilə bağlı köməklik göstərdiyini, qalan məsələlərin də onların öz aralarında baş verdiyini, iddiaçıdan heç bir məbləğ almadığını bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, mülki qanunvericiliyin ayrıayrı müddəalarında zərərin ödənilməsi tələbini özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi (tələbin hüquqi əsası) mülki hüquq pozuntusuna (deliktə) söykənir. Mülki hüquq pozuntusunun anlayışını, ünsürlərini və ümumi qaydalarını müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə isə İddiaçı, cavabdehin hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı, hazırkı tələbini irəli sürərkən özünün şəxsən tanımadığı iki şəxs tərəfindən ona bəzi xidmətlərin göstərilməsi məqsədilə cavabdehə ayrı-ayrılıqda 5400 manat və 2500 manat məbləğində pul verməsinə baxmayaraq, əvəzində heç bir iş görülmədiyinə istinad edir. Belə olan halda, Kollegiya hesab edir ki, sübutetmə yükü baxımından qeyd olunan halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Lakin iddiaçı tərəfindən məhkəməyə bu faktı təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zmanada, onun istinad etdiyi cinayət işin başlanılmasının rədd edilməsi barədə (xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli) qərarlardan da bu nəticəyə gəlmək mümkün deyil. Belə ki, həmin qərarlardan görünür ki, yalnız tərəflərin izahatları alınmaqla onlar arasındakı münasibətlərlə bağlı əlavə heç bir araşdırılma aparılmadan münasibətlərin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanılmasından imtina edilmişdir. Cavabdeh isə, təhqiqat orqanında və məhkəmədə verdiyi bütün izahatlarında iddiaçıdan hər hansı məbləğdə pul almadığını qəti şəkildə bildirmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1787/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar